Xəbər lenti

Azərbaycanda son 3 ayda dollara tələbin artması müşahidə edilir. Rəsmi statistikaya əsasən, bu ilin əvvəlindən başlayaraq, valyuta bazarında dollar satışı artıb. Bu isə Dövlət Neft Fondunun valyuta hərraclarında təklifinin artmasına səbəb olub.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Neft Fondu 3 ay ərzində xarici valyuta satışının 1,310 milyard dollar olduğunu açıqlayıb:

“Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.1%, yaxud 516.8 milyon ABŞ dolları çoxdur. Bu ilin 3 ayında isə hər ay əvvəlki aya nisbətən dollar satışında artım qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, yanvarda 299.1 milyon dollar, fevralda 364.1 milyon dollar (əvvəlki ayla müqayisədə artım: 21.7%), martda isə 647 milyon dollar (əvvəlki ayla müqayisədə artım: 77.7%) satılıb. 2017-ci ilin yanvar-mart ayları ərzində Fond cəmi 793.4 milyon dollar həcmində xarici valyuta satıbsa, bu ilin eyni dövründə bu rəqəm 1.3 milyard dollaradək yüksəlib. Xarici valyutaya tələbin artması valyuta dəyişmə məntəqələrində də milli valyutanın kursunun cüzi olsa da azalmasına səbəb olub. Əgər ilin əvvəlində banklar 1 dolları orta hesabla 1.69 manat kursu ilə alırdılarsa, indi alış məzənnəsi 1.7025-dək dəyişib”.

Rusiya və Türkiyənin Qərblə gərginliyinin bu ölkələrin iqtisadiyyatına mənfi təsir göstərdiyini bildirən iqtisadçı bunun Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcəyini vurğulayıb:

“Artıq Rusiyada 1 dollar almaq üçün 60 rubldan, Türkiyədə isə 4 lirədən çox pul ödəmək lazımdır. Bütün bunlarla yanaşı, rublun məzənnəsinin necə dəyişməsi iqtisadi baxımdan bizim üçün də əhəmiyyətlidir. Belə ki, ötən il 1 milyard 538 milyon dollarlıq qeyri-neft sektoru üzrə ixracatımızın 553 milyon dolları Rusiya bazarına yönəlib. Bu isə o deməkdir ki, Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizə yaxını məhz şimal qonşumuzun payına düşür. Deməli, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır. Bu baxımdan da rublun dəyərsizləşməsi manata təzyiqləri artırır. Qeyri-neft sektorunda ikinci paya malik olan Türkiyədə də milli valyutanın ucuzlaşması bizim üçün arzuolunan deyil. Azərbaycanda büdcə xərcləmələri və eləcə də idxalın artması fonunda dollara tələbin növbəti aylarda artacağı gözlənilir”.

Vüqar Bayramov onu da qeyd edib ki, Azərbaycanda dollara tələbin artması və qonşu ölkələrdə milli valyutaların ucuzlaşması fonunda Mərkəzi Bankın çevik məzənnə siyasətinə keçməsinə ehtiyac var:

“Neft bumu dövründə inzibati metod ilə 0.78 məzənnəsini qorumaq nə qədər məqsədəuyğun deyildisə, indi dəyişməyən 1.70 kursunun saxlanması da o qədər arzuolunan deyil. Mərkəzi Bank interval məzənnəyə üstünlük verməli və sabit kurs deyil, optimal interval daxilində məzənnə stabilliyinə nail olmağa çalışmalıdır. Bu halda dollara tələbin artması və xarici faktorların valyuta bazarımıza təsirlərini minimumlaşdırmaq daha asan olar”.

Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 641          Tarix: 10-04-2018, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma