İyunun 1-də Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postuna səfər ediblər.
Musavat.com-un əməkdaşının da qatıldığı mediaturun əsas məqsədi gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin olunduğu barədə ictimaiyyəti məlumatlandırmaq olub.
"Samur" gömrük postunun girişində yük "Tir"-larının sıra ilə düzüldüyünün şahidi olduq. Bu yük maşınları ölkədən ixrac olunan məhsulları daşısalar da, onlar da müəyyən prosedur qaydalarından keçdikdən sonra buraxılır. Biz də içəri daxil olan zaman öncədən xəbər verilməyinə baxmayaraq Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən avtomobilə baxış keçirildi. Daha sonra içəri keçməmizə icazə verdilər. "Samur" gömrük postunun ərazisində ilk olaraq idxal prosesi ilə tanış olduq. Öyrəndik ki, nəqliyyat vasitəsi neytral zonadan gömrük postunun ərazisinə daxil olan kimi quraşdırılan kameralar avtomatik olaraq nəqliyyat vasitəsinin dövlət nömrə nişanını qeyd edir.
Daha sonra isə nəqliyyat vasitəsi tərəziyə yol alır. Buradan keçdikdən sonra nəqliyyat vasitəsini Dövlət Sərhəd Qoşunlarının əməkdaşları xüsusi qaydada yoxlayırlar. Bu ərəfədə nəqliyyat vasitəsinin sürücüsü "bir pəncərə" sistemində qısa müddətdə (3-5 dəqiqə) sənədlərini alıb, yoluna davam edir. Qeyd olundu ki, bu sistem yaranmadan öncə sürücülər xeyli vaxt itirirdilər. Hazırda isə bir pəncərədən sənədlərini verib, digər pəncərədən almaqla, yollarına davam edirlər. İrəlidəki postda nəqliyyat vasitəsi rentgen cihazı vasitəsi ilə tam olaraq yoxlamadan keçir.
Media nümayəndələrinə bildirildi ki, 2018-ci ilin may ayında "Samur" gömrük məntəqsindən ümumilikdə 30 minə yaxın nəqliyyat vasitəsi keçib.
Jurnalistlər burada həmçinin ixrac xəttindəki mövcud prosedurlarla da tanış oldular. Bu barədə danışan Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Samur" Gömrük Postunun rəisi Asim Salmanov qeyd etdi ki, gün ərzində "Samur" gömrük məntəqəsinin idxal və ixrac xəttindən ümumi olaraq 200-250-yə yaxın minik avtomobili yoxlanılır. Həmçinin adı çəkilən xətlərdən keçən yük avtomobillərinin də sayı 200-250 civarındadır.
A.Salmanov qeyd etdi ki, idxal və ixrac xətlərinin hərəsində eyni zamanda 3 yük avtomobilini yoxlamaq mümkündür. Bir yük avtomobilin yoxlanması 15-20 dəqiqə ərzində başa çatır. Bir minik avtomobilinin yoxlanması isə təxminən 5 dəqiqə çəkir.
Media nümayəndələrinə məlumat verdi ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə VAİS-ə daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra "bir pəncərə" sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda 15 dəqiqə ərzində yekunlaşdırılır.
Media nümayəndələrinə o da bildirildi ki, ölkənin kənd təsərrüfatı sahəsində ixrac potensialının artımı nəzərə alınaraq, Rusiya Federal Gömrük Xidməti ilə əldə edilən razılığa əsasən, bu ölkəyə tez xarab olan kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələri maneəsiz və sürətli şəkildə gömrük yoxlamasından keçirilir.
Əli Rais,
Musavat.com
Fotolar müəllifindir.
Paylaş: