Xəbər lenti

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinə tapşırılır:

– Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

– Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

– “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.3-1-ci və 33-5-ci maddələrinə uyğun olaraq:

– 2018-ci il üçün dövlət rüsumunun məbləğlərini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

– 2019-cu il və növbəti hər il üçün dövlət rüsumunun məbləğlərinin, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi üçün həmin məbləğlərin təsdiq edilməsi haqqında müvafiq normativ hüquqi aktın layihəsini cari ilin sentyabr ayının 25-dək “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.16-cı maddəsində nəzərə tutulmuş sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim etsin;

– mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin;

– həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli fərmanında aşağıdakı məzmunda 2.11-ci bənd əlavə edilir:

“2.11. həmin Qanunun 18.65.3-1-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.”.

Qanuna isə aşağıdakı məzmunda 18.65.3-1-ci maddə əlavə edilir:

“18.65.3-1. Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”;

Həmçinin aşağıdakı məzmunda 33-5-ci maddə əlavə edilir:

“Maddə 33-5. Mobil cihazların qeydiyyatına görə dövlət rüsumunun tutulmasının xüsusiyyətləri

Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.

Bu qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

 




Ana səhifəyə qayıt        Baxış: 597          Tarix: 27-06-2018, 16:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma