Xəbər lenti

“Gəncəlilər bu məqamda dövlətin yanında olacaq”.

Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafa Gəncə şəhərində baş vermiş fövqəladə vəziyyəti şərh edərkən bildirib.

Müsahibimiz hesab edir ki, bu məsələdə gözlənilən prosesin davamından söhbət gedir:

“İcra başçısına qarşı planlaşdırılmış terror aksiyasından sonra bu hərəkətlərin davam etməsi gözlənilən idi. Ciddi vəziyyətdir. Dövlət orqanları bu məsələdə funksiyalarını lazımi səviyyədə yerinə yetirməlidir. Azərbaycanı xaosa çevirmək istəyən qüvvələrin uğur qazanmasına imkan vermək olmaz”.

Millət vəkili hesab edir ki, bu olayla bağlı Gəncədə təhlükəsizlik rejimi daha da ciddiləşdiriləcək:

“İnanıram ki, müəyyən kriminal elementlərin Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək. Gəncə müstəqil dövlətimizin ilk paytaxtıdır. Bu şəhərdə dövlətin müstəqilliyinə zərər verməyə cəhd göstərilən olayların baş verməsi üzücüdür. Gəncəlilər dövlətin yanında, bu təxribatlara cəhd edənlərin qarşısında olacaq”.

Qeyd edek ki, bu gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini şüarlar qışqıran bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər.

Rəsmi məlumata görə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla, 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

İğtişaşlarda iki yüksək rütbəli polis zabiti həlak olub. Bunlar Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovdur.

Bu proseslərdə Gəncə polislərinin qətiyyətini və asayişi canları bahasına qoruduqlarını xüsusi qeyd etmək lazımdır.

 




Ana səhifəyə qayıt        Baxış: 587          Tarix: 11-07-2018, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma