Xəbər lenti

 

Fransanın maliyyə və iqtisadiyyat sahəsində ixtisaslaşmış populyar "Boure Plus" jurnalı (17000 abunəçisi olan jurnalın gündəlik oxucularının sayı 100000-dən artıqdır) prezident İlham Əliyevin 19-20 iyul tarixlərində Fransaya işgüzar səfərindən yazıb.

 

XİN-dən APA-ya verilən xəbərə görə, "Azərbaycan Respublikasının Prezidenti Yelisey Sarayında Fransa ilə iqtisadi əlaqələrin gücləndirilməsi anonsunu verdi" başlıqlı təhlil və informatik xarakterli məqalənin giriş hissəsi müəllifin "Biz, özümüzün 20 aprel buraxılışında Azərbaycana dair hesabatda bu strateji ölkə ilə Fransa arasında əlaqələrinin gücləndirilməsinə dair xoş məramımızı çatdırmışdıq. Beləliklə, vacib elanlar verildi, hətta müqavilələr də imzalandı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 iyul tarixində Yelisey Sarayında Emmanuel Makron tərəfindən qəbul edildi. Qeyd olundu ki, Azərbaycanla Fransa arasında siyasi, iqtisadi, enerji, ətraf mühit, təhlükəsizlik, mədəniyyət, təhsil, nəqliyyat və digər sahələrdə ikitərəfli əlaqələr uğurla inkişaf edir. Fransız Liseyinin və Fransa-Azərbaycan Universitetinin fəaliyyəti alqışlandı. Xüsusi vurğulandı ki, Fransanın aparıcı şirkətləri Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır" fikirləri ilə başlayır.

 

Məqalədə prezident İlham Əliyevə xitabən səfər çərçivəsində 11 fransız şirkətinin rəhbərləri ilə səmərəli görüşlərin keçirildiyi və bu xüsusda iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərin açıldığı diqqətə çatdırılır: "Azərbaycan və Fransa şirkətlərinin imzaladığı müqavilələrin ümumi həcmi 2 milyard dollardan artıqdır, sözügedən sazişlər reallaşacağı təqdirdə, bu həcm arta bilər". Məqalədə, həmçinin, səfər çərçivəsində enerji təhlükəsizliyi məsələsinin müzakirə edildiyi və Cənub Qaz Dəhlizinin uğurla həyata keçirildiyi xüsusi vurğulanır. Görüşlərdə neft və qaz, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, eləcə də hərbi-texniki sahədə əməkdaşlıq imkanlarının diqqət mərkəzində saxlanıldığı qeyd olunur.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif "Prezident İlham Əliyev münaqişənin həlli istiqamətində Azərbaycanın mövqeyinə dair Fransalı həmkarına məlumat verib. O, ATƏT-in Minsk Qrupunun həm-sədri olan Fransanın dövlət başçısının şəxsən bu münaqişənin həllində fəallıq göstərəcəyinə ümidvar olduğunu bildirib" fikrini əlavə edib.

 

Məqalədə prezident İlham Əliyevin səfər çərçivəsində Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo, “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler, “IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez, “CIFAL” qrupunun prezidenti Jil Remi, “Rothschild and Co” şirkətinin Müşahidə Şurasının sədri Devid de Rotşild, “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi, “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru xanim Borina Andriye, “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod, “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay, “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşdüyü bildirilir və müzakirə edilən məsələlərə dair məlumat verilir.




Ana səhifəyə qayıt        Baxış: 667          Tarix: 26-07-2018, 16:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma