Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində sentyabrın 29-da keçirilməsi nəzərdə tutulan “Qarabağ mitinqi”nə münasibətini açıqlayıb.
Strateq.az xəbər verir ki, Qüdrət Həsənquliyev həm mitinq təşəbbüsünə, həm də mitinqə icazə verilməsinə müsbət yanaşdığını bildirib: “Hökumət də, cəmiyyətin fəal siyasi hissəsi də qəti qərarların qəbul olunmasının vaxtının çatdığının fərqindədirlər. Biz dünya birliyinə, o cümlədən Ermənistana göstərməliyik ki, artıq səbrimiz tükənib və daha 25 il də mənasız danışıqlara vaxt sərf etməyəcəyik. Bunu etməyimiz üçün isə xalq mitinqə gəlməlidir. Əgər xalqımız kənar seyrçi mövqə tutsa, bu mitinqin ziyanı xeyrindən daha çox olacaq”.
Qüdrət Həsənquliyev “Sizin Qarabağın azadlığı qarşılığında Rusiyanın liderliyi ilə yaradılmış ittifaqlara qoşula biləcəyimiz barədə açıqlamanıza yenə də bəlli şəxslər tərəfindən qeyri-ciddi münasibət bildirilib, bu barədə nə deyə bilərsiniz?” sualını belə cavablandırıb:
“Həmin insanlar Rusiyanın adamlarıdır. Mənim danışıqların Ermənistanla yox, Rusiya ilə aparılmalı olduğu barədə söylədiklərim onları qıcıqlandırır. Mən həqiqəti birbaşa deyirəm. Yəni münaqişənin arxasında Rusiya dayanıb və torpaqlarımızın işğal altında qalmasının səbəbkarı Rusiyadır.
Bəs onlar nə deyir?!
Onlar 2016-cı ilin aprel savaşı zamanı bəyan etdilər ki, biz hücumu davam etdirməli idik və bunu edərdiksə Rusiya bu münaqişəyə qatılmayacaqdı. Soruşa bilərsiniz ki, bu adamlar niyə utanmazcasına belə yalan danışa bilirlər!?
Onların istəyi Azərbaycanı Rusiyanın tərkibində bir quberniya, özlərini isə qubernator görməkdir. Rusiya aprel savaşı zamanı 3 gün ona görə susdu ki, Sarkisyanın xarizmasının sındırılmasını istəyirdi və buna da nail oldu. O zaman bizim maraqlarımız üst-üstə düşürdü. İndi də çalışmalıyıq ki, Paşinyanın qovulmasında da iştirak edək və torpaqlarımızı azad edək”.
Deputatın fikirincə, Rusiya Paşinyanı qərbpərəst siyasətçi kimi hakimiyyətə həmin qüvvələri gözdən salıb qovmaq üçün gətirib:
“Mütəllibovu təyyarəyə qoyub aparmaqla Azərbaycanda bu senari uğurla sınaqdan çıxarılıb. Ancaq təkcə Paşinyana görə Rusiya Qarabağ kartından imtina etməz. Biz Rusiyanın yaratdığı regional ittifaqlara qoşulmaqla burada onun maraqlarını qoruyacağımıza təminat verə bilərik. Həmin qüvvələr isə düşünürlər ki, Azərbaycanı Ermənistan – Rusiya ittifaqına qarşı riskli müharibəyə təhrik edib, məğlubiyyətə düçar etsələr, bu, mütləq onların hakimiyyətə yolunu açar. Rusiya bölgəyə sülh göyərçini kimi gəlib, onların başına qonmaqla, nəhayət ki, gözlərində qalmış arzularına çatdırar. Məsələnin sadə təsviri bundan ibarətdir”.
Paylaş: