Azərbaycanda inzibati icraat üçün zəruri olan sənədlər vətəndaşlardan tələb olunmayacaq.
Trend-in məlumatına görə, bununla bağlı “İnzibati icraat” haqqında qanunda dəyişiklilər edilməsi təklif olunur.
Belə ki, qanuna əlavə olunan 32.2-1-ci maddədə qeyd olunur: “İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur”.
Dəyişikliklər dövlət idarəetməsində vətəndaş məmnunluğunu təmin etmək məqsədilə təklif edilib. Belə ki, dövlət orqanlarının bir-birinin informasiya ehtiyatlarına çıxışları, informasiya inteqrasiyası imkanlarının genişlənməsi lazım olan məlumatları vətəndaşın iştirakı olmadan inzibati orqanların özlərinin əldə etmələrinə imkan verir. Eyni zamanda, qanunun bu tələbinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətin nəzərdə tutulması təklif edilir.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan müvafiq dəyişikliyə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların əldə olunmasının ərizəçidən tələb edilməsinə görə vəzifəli şəxslər 350 manatdan 600 manatadək məbləğdə cərimə ediləcək.
Paylaş: