Xəbər lenti

Son məlumata görə, tələbələr akt zalında keçirilən görüşdən sonra aksiyanı dayandıraraq dağılışıblar.

Onlara sabah saat 2-də ADU-nun Elmi Şurasının iclasından sonra yekun qərarın açıqlanacağı söylənilib.

Tələbələr isə son qərarın ədalətli olmayacağı təqdirdə, yenidən aklsiyaları davam etdirəcəklərini bildiriblər.

*   *   *14:40

Virtualaz.org-un əməkdaşı məlumat verir ki, tələbələri dinlədikdən sonra təhsil nazirinin müavini Ceyhun Bayramov dedi: "İmtahanların formatının dəyişdirilməsi həmişə universitetin Elmi Şurası tərəfindən müzakirə edilir. 2016-cı ilin iyul ayından qərar qəbul olunub və bu ildən tətbiqi nəzərdə tutulur. Tələbələr mövzuların sayının çoxluğundan narazıdırlar, imtahan formatının dəyişdirilməsini ədalətli saymırlar. Bu dəyişiklik universitetin Elmi Şurasının qərarı ilə qəbul edilib. Sabah Elmi Şuranın iclası olacaq və Təhsil Nazirliyi olaraq öz tövsiyələrimizi universitet rəhbərliyinə verəcəyik. Obyektiv qərar qəbul ediləcək. Düşünürəm ki, hər hansı narazılıq üçün əsas yoxdur”.

Lakin tələbələr nazir müavinin fikri ilə razılaşmayıblar. Bildiriblər ki, qərar indi elan edilsin. Amma C.Bayramov tələbələrə bütün qərarlarln qəbulu üçün prosesin sonunu gözləməyin lazım olduğunu bildirib.

*   *   *14:06

Virtualaz.org-un əməkdaşı xəbər verir ki, Azərbaycan Dillər Universitetinin rektoru Əfqan Abdullayev və təhsil nazirinin müavini Ceyhun Bayramov tələbələrlə görüşüblər.

Ceyhun Bayramov tələbələrin qarşısında çıxış edərək onlara təklif etdi ki, hər fakültədən bir aktiv tələbə dinlənilsin.

ADU-nun pedaqogika fakültəsinin tələbəsi Şəmsi Cəfərova çıxışında dövlət imtahanının 4-cü kursu bitirməyə 4 ay qalmış elan olunmasına etiraz etdi.

*   *   *13:31

Əməkdaşımızın hadisə yerindən verdiyi məlumata görə, yaxın dəqiqələrdə Azərbaycan Dillər Universitetinin akt zalında rektor Əfqan Abdullayev və təhsil nazirinin müavini Ceyhun Bayramovun etiraz edən tələbələrlə görüşəcəyi gözlənilir.

Əməkdaşımız hadisə yerindən bildirir ki, tələbələrin qarşısına çıxmış prorektor Ələddin müəllim (soyadını öyrənə bilmədik – red.) onların bir qrupunu qəbul edə biləcəyini deyib.

Etiraz edən tələbələr prorektorla görüşməkdən imtina ediblər.

* * *13:15

Virtualaz.org-un əməkdaşı hadisə yerindən xəbər verir ki, hazırda Azərbaycan Dillər Universitetinin qarşısında 130-150 tələbə v ar və onların əsas narazılığı dərs ilinin sonunda “sürpriz qərar”la dövlət imtahanının təyin edilməsidir.

Tələbələr bildirib ki, 720 mövzunun belə qısa vaxtda öyrənilməsi və imtahana normal hazırlaşmaq mümkün deyil. Onların fikrincə, dövlət imtahanı ilə bağlı qərar dərs ilinin əvvəlində verilməli idi.

Əməkdaşımızın xəbərinə əsasən, hazırda tələbələr universitetin rektoru ilə görüşmək istəyirlər. Bu arada hadisə yerinə gəlmiş Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov etiraz edən tələbələrlə görüşmədən, universitetin binasına daxil olub.

Gülnar Əliyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org

*   *   *13:08

Azərbaycan Dillər Universitetinin tələbələri aksiya keçirirlər.

Virtualaz.org bildirir ki, aksiyaya səbəb 7 il əvvəl ləğv olunmuş dövlət imtahanlarının yenidən bərpa edilməsidir. Tələbələrin fikrincə, onu hazırkı rektor Əfqan Abdullayev bərpa edib. Onlar dövlət imtahanın ləğv olunmasını tələb edirlər.

Etiraz aksiyasında təxminən 200-300 tələbənin iştirak etdiyi bildirilir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 013          Tarix: 30-05-2017, 16:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma