AXCP sədri Əli Kərimlinin özünü “fədai” kimi təqdim edən Fuad Muradov adlı şəxsin silahlı fotosunu hakimiyətə qarşı “silahlı dəstə” ittihamına çevirməsi, ardınca Prezidentin köməkçisi Əli Həsənovun bu ittihama cavabı bəzi sualları gündəmə gətirdi: Fuad Muradov adlı şəxs kimdir? Bu şəxs əslində kimə yaxındır: hakimiyyətə, yoxsa hakimiyyəti ittiham edən Əli Kərimliyə?
Əli Kərimli iddia edir ki, “Hökumətin əli silahlı yandaşı, Fuad Muradov adlı şəxs AXCP funksioneri Nicat Abdullazadəni ölümlə hədələyib, evinə basqın edəcəyini bildirib”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu ittihama cavabında bəyan etdi ki, “...Silahlı dəstələr yaratmaq, insanları silahla hədələmək, onların evlərinə basqın etmək, itaət etməyənləri döyüb avtomobilin yük yerinə salmaq və digər bu kimi hüquqazidd əməllər Əli Kərimlinin dövlət müşaviri olduğu AXC-Müsavat hakimiyyətinin üsul-idarəsi üçün xarakterik hallar olub... Bugünkü Azərbaycan hüquqi dövlətdir, burada heç bir cinayətkar cəzasız qalmır, günahı olmayan da cəza almır. Dövlətin hansısa “fədailər qrupu”na və digər bu kimi qeyri-qanuni dəstələrə ehtiyacı yoxdur, onun asayişi yaradan, qanunlara əməl olunmasını təmin edən hüquq-mühafizə sistemi və ədaləti bərpa edən məhkəməsi var”.
AXC-Müsavat iqtidarı ilə mövcud iqtidarın fəaliyyəti arasında müqayisəli təhlil Əli Kərimlinin iddialarının sırf siyasi ambisiyalara hesablanmış olduğunu təsdiqləyir. Çünki məhz 1993-cü ildən sonra Azərbaycanda heç bir silahlı dəstə mövcud olmayıb, əksinə AXC-Müsavat dövrünün silahlı dəstələrinin ləğv edilməsi üçün dövlət kifayət qədər enerji sərf edib. Əli Kərimlinin hansısa profildəki silahlı fotonu hakimiyyətə qarşı kampaniyaya çevirmək cəhdi də “siyasi bloqerlik” faliyyətindən başqa bir şey deyil.
“Fuad Muradov adlı şəxs kimdir? Bu şəxs əslində kimə yaxındır: hakimiyyətə, yoxsa hakimiyyəti ittiham edən Əli Kərimliyə?” sualları üzərində apardığımız kiçik araşdırma isə maraqlı nüansları ortaya çıxardı.
Birincisi, özünü “Milli fədailər qrupu”nun rəhbəri kimi təqdim edən F.Muradov müraciət yaydı. Bildirdi ki, onun silahlı fotosu 2015-ci ilə aiddir və bu fotoya görə hüquq-mühafizə orqanlarına izahat verib. Bu bir daha təsdiqləyir ki, Əli Kərimli yenə də köhnə fotolara istinadən iddialar irəli sürür.
İkincisi, F.Muradov AXC-Müsavat iqtidarı dövründə ölkədə müxtəlif silahlı dəstələrdən birinin rəhbəri olmuş “qazaxlı Alik” kimi tanınan Alik Muradovun oğudur. “Qazaxlı Alik”in silahlı dəstəsi digər silahlı dəstlər kimi Əli Kərimlinin dövlət katibi olduğu və hər əlinə silah alanın dövləti idarə etmək iddiasına düşdüyü bir hakimiyyətdə fəaliyyət göstərib. Bu, silahlı adamın cəbhəçinin, hazırki dövrdə ən azından ideoloji olaraq AXCP-yə - Əli Kərimliyə yaxın birinin oğlu olduğunu təsdiqləyir. F.Muradov da sosial şəbəkə profilində atası “Qazaxlı Alik”in yolunu davam etdirdiyini açıq şəkildə ifadə edir.
O zaman sual yaranır: əslində “silahlı dəstə” ilə kim kim təhdid edir, hakimiyyət AXCP-ni, yoxsa AXCP hakimiyyəti?! Əli Kərimli bu məsələyə cavab verməlidir, həmçinin, burada hüquq-mühafizə orqanlarının da araşdırma aparmasına zərurət var.
Əli Kərimli isə iddia edir ki, F.Muradov AXCP funksioneri Nicat Abdullazadəni hədələyib və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunub. Əgər bu fakt doğrudursa, hüquq-mühafizə orqanları qanun çərçivəsində ölçü götürəcək. Lakin o da şübhəlidir ki, bu fakt həqiqəti əks etdirirmi? Axı bir cəbhəçinin oğlunun digər cəhbəçini hədələməsinin hakimiyyətə nə aidiyyəti var, yaxud da bu, Əli Kərimlinin hakimiyyəti “silahlı dəstə” yaratmaqda ittiham etməsi və özünü bəlli dairələr qarşısında “təzyiq altında saxlanılan əvəzolunmaz lider” kimi qəbul olunması üçün oynadığı oyunlarından biri deyilmi?! Onun məsələni bu qədər siyasiləşdirməsi belə ehtimalları önə çıxarır.
Bunun fonunda Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimovun bir müddət öncə “İŞİD heç də hər adamın başını kəsmir...İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir...İŞİD adın dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir....İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib, çıxanların başını kəsir...Və düşünürəm ki, düz də edir...Azərbaycana XOŞ gəlirsən İŞİD...” sözləri ilə terror qruplaşmasının təbliğatını aparması və ölkədə hakimiyyətə qarşı terror çağırışı etməsi yada düşür. İnqilab Kərimov AXCP-nin üzvüdür və hazırda yaşadığı Fransada partiyasının əsas təmsilçisi hesab olunur.
Rəhbəri olduğu partiyasının əsas funksionerlərindən biri, eləcə də doğma əmisi oğlu terrora çağırış edir, AXC-Müsavat hakimiyyətində “silahlı dəstə”lərdən birinin rəhbəri olmuş cəbhəçinin oğlu “Milli fədai qrupu” yaradır və silahla foto çəkdirir, Əli Kərimli isə hakimiyyəti ittiham edir. Bu mənzərə Azərbaycanda silahlı dəstə və terrora hansı siyasi qüvvənin meylli olduğunu da ortaya çıxarır.
Paylaş: