Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasından olan şagirdlərin Bakıdakı orta məktəblərə dəyişdirilməsi ilə bağlı ciddi problem yaranıb.
Xatırladaq ki, Muxtar Respublikadan olan bir qrup valideyn Gununsesi.org-a müraciətində bu barədə məlumat verib.
Belə ki, təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Həmçinin, həmin əmrə əsasən ölkə daxilində orta məktəblərdə yerdəyişmələr də online qaydada həyata keçirilir.
Muxtar Respublika sakinləri isə bildirib ki, 500 nəfərə yaxın şagird Bakıda qeydiyyata düşə bilmir. Yaradılmış online sistem Naxçıvandan olan vətəndaşların qeydiyyatını qəbul etmir.
Bu xəbər Muxtar Respublikadan Milli Məclisə seçilən deputat Qüdrət Həsənquliyevin marağına səbəb olub. Sayta danışan millət vəkili deyib ki, bu barədə xəbər ictimailəşəndən sonra ona da çoxsaylı müraciətlər daxil olub: “Söhbət, yüzlərlə şagirdin Bakıdakı orta məktəblərə dəyişdirilməsindəki problemdən gedir. Mən bu gün təhsil naziri hörmətli Ceyhun Bayramovla danışıdm. Nazir bildirdi ki, artıq məsələdən xəbərdardır. Bu gün günün ikinci yarısı nazirlikdə bu məsələ müzakirə ediləcək. Ümid edirəm ki, problem həllini tapacaq”.
Paylaş: