Xəbər lenti

 

“Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçirilən iclası zamanı səsləndirdiyi fikirlər onun növbəti dəfə yalan və militarist ritorikadan çıxış etdiyini bariz şəkildə göstərir”.

Strateq.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin Bişkek sammitində çıxışını şərh edərkən bildirib.

XİN rəsmisi bildirib ki, əslində, bu kimi ritorika ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqları pozan elə N.Paşinyanın özüdür:

“Cari ilin avqust ayında Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində səsləndirdiyi “Dağlıq Qarabağ Ermənistandır.” fikri danışıqlar prosesinə çox ciddi zərbə vurmuşdur. Əgər N.Paşinyan bu fikrini dəyişibsə o, bunu açıq şəkildə bildirməlidir, yox əgər baş nazir bu fikrində hələ də qalırsa, bu, danışıqlar prosesinə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə və mandatına ciddi zərbədir.

Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca müxtəlif təxribatlar törədən, mülki əhalini atəşə tutan, o cümlədən bu ilin 3 oktyabr tarixində Azərbaycanlı ekskavatorçunu qətlə yetirən Ermənistan tərəfi bu kimi təxribatçı vasitələrlə KTMT-ni münaqişəyə cəlb etmək istəyir. KTMT üzv dövlətləri ilə Azərbaycan arasında, hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq da daxil olmaqla sıx əməkdaşlıq münasibətləri mövcuddur. Xüsusilə Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı qeyd etmək istərdik. Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə geniş əməkdaşlıq vardır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin 30 oktyabr tarixində Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunu, 26 noyabr tarixində isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu qəbul edib və hər iki görüşdə 2020-ci ildə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Ehtiyac olarsa, Azərbaycan Rusiyadan yeni silahlar ala bilər. Vurğulamaq istərdik ki, bu məsələnin Ermənistan baş nazirinə hər hansı aidiyyəti yoxdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyev MDB Dövlət Başçılarının Şurasının Aşqabad şəhərində keçirilən iclasında Ermənistanda faşizmin qəhrəmanlaşdırılması, Njde Qaregin adlı faşist cəlladına abidənin ucaldılması barəsində konkret sənədlərə və dəlilərə istinad edərək çıxış etdi. Bu çıxışa cavab verməyə cəhd göstərən Ermənistan baş naziri Paşinyanın gülünc və cəfəng fikirləri Prezident İlham Əliyev tərəfindən cavab çıxışı ilə böyük ustalıqla darmadağın edildi. İndi Ermənistan hökumətinin başçısının bu fikirləri hətta Ermənistanın özündə gülüş və məsxərə obyektinə çevrilib. Baş nazir Paşinyanın SSRİ xarici işlər naziri V.Molotovun da Hitler ilə görüşdüyünü qeyd etməsi, həmçinin Njde Qaregini A.Soljenitse ilə eyniləşdirməsi tarixi savadsızlıq və sinizmin nümunəsidir.

Ermənistan baş naziri anlamalıdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin KTMT ilə heç bir aidiyyəti yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 669          Tarix: 29-11-2019, 16:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma