Gürcüstan dövlət nişanlı avtomobillərin ölkə ərazisində qalma müddətinin məhdudlaşdırılmasına dair Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən yayılmış məlumatlar hələ də aktuallığını saxlayır. Bu günlərdə “Soydaş” İctimai Birliyi bununla bağlı müzakirələr aparıb və təkliflər verib
Xatırladaq ki, Dövlət Gömrük Komitəsi tərəfindən Gürcüstan dövlət nişanlı avtomobillərin ölkə ərazisində qalma müddətinin məhdudlaşdıraraq 1 il ərzində 90 gündən artıq qalmasına qadağa qoyulub. Komitə tərəfindən bildirilib ki, gömrük qanunvericiliyinin pozulmasının, dövlət büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmanın qarşısının alınması, ölkənin ekoloji vəziyyətinin qorunması məqsədilə xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirib.
Bu məsələdə DGK “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.10.2013-cü il tarixli 305 nömrəli qərarının 1.3.9-ci maddəsinə istinad edib.
Azpolitika.info-nun verdiyi xəbərə görə, hüquqşünas Polad Mehdiyev problemi və ondan çıxış yollarını, eyni zamanda İctimai Birliyin təkliflərini ətraflı şərh edib. O bildirib ki, Nazirlər Kabinetinin 14.10.2013-cü il tarixli 305 nömrəli qərarının 1.3.9-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi - dövlət qeydiyyatına alınmış və ya alınmalı olan, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (bundan sonra - XİFMN) 8701-8704, 8711 və ya 8716 mal mövqelərinə aid nəqliyyat vasitəsidir: “Nazirlər Kabinetinin 14.10.2013-cü il tarixli 305 nömrəli qərarının 4.3-cü maddəsinə əsasən xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə 90 gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 ildən artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilir.Göründüyü kimi, qeyd edilən qərarın 1.3.9-ci maddəsi mahiyyətcə Azərbaycan vətəndaşlarına aiddir. Xarici ölkə vətəndaşlarının özlərinə məxsus avtinəqliyyat vasitələrini Azərbaycan ərazisinə gətirməsinə aiddiyatı yoxdur”.
Hüquqşünas bildirib ki, buna görə də Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə qeydiyyatı olan avtomobillərin müvəqqəti olaraq ölkəyə gətirilməsinə qadağa qoymasını qanunauyğun olmayan hərəkətdir.P.Mehdiyev qeyd edib ki, digər tərəfdən, bu məsələdən sui-istifadə hallarının da mövcud olduğu da məlumdur: “Müəyyən işbazlar 3-cü şəxlərə Borçalıdan olan soydaşlarımızın adına avtomobillər alma halları artmaqdadır. Nəticədə gömrük rəsmiləşdirilməsindən yayınaraq ölkədə maşınların sayı artır”.
Hüquqşünas təklif edib ki, bu cür sui-istifadə hallarının qarşısının alınması fərqli üsullarla həyata keçirilməlidir: “Nəzərə almaq lazımdır ki, Borçalıdan olan soydaşlarımız bizim üçün hər hansı əcnəbi deyildir. Onlar bizim soydaşlarımızdır. 50 milyonluq dünya Azərbaycanlılarının ən mühüm hissəsindən biridir. Demək olar ki, Borçalıda olan hər bir soydaşımız Ana Vətən olan Azərbaycanla sıx bağlılığı, əlaqələri var. Borçalıda olan hər bir soydaş Azərbaycana bir ümid yeri, arxa, dayaq kimi baxır”.
Polad Mehdiyev qeyd edib ki, məsələnin həlli ilə bağlı “SoydaŞ»İctimai Birliyinin təklifləri kifayət qədər əsaslıdır:
“1. Problemin mütəxəssislər tərəfindən dəqiq araşdırılması üçün aidiyyəti dövlət qurumlarının (DGK, DSX, DMX, DYP, DANX, BNA) nümayəndələrindən ibarət komissiya/işçi qrup yaradılsın;
2. Gürcüstan dövlət nişanlı avtomobillərin ölkə ərazisində qalma müddətinə dair qeyri-qanuni məhdudiyyət aradan qaldırılsın. Lakin həmin avtomobilə dair mülkiyyətçinin ailə üzvləri istisna olmaqla, 3-cü şəxslərə verilmiş etibarnamə Azərbaycan respublikasında tanınmasın”. \\AzPolitika.info
Paylaş: