Xəbər lenti

 

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakıda keçirilən bayram şənliklərində rekord miqdarda insan iştirak edib. Yeni il gecəsi yüz minlərlə, bəzi hesablamalara görə isə, milyona yaxın insan Bakı şəhərinin mərkəzinə toplaşıb.

Bu barədə Teleqraf.com-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Əvvəlki illərdən fərqli olaraq, builki şənliklərdə paytaxtımızda daha çox qonaq qeydə alınıb. İnsanlar Bakıda Yeni ili qeyd etmək üçün Azərbaycanın müxtəlif rayonlarından, eləcə də bir çox xarici ölkələrdən gəliblər.

Bu ilin daha bir xüsusiyyəti paytaxtın küçə və parklarının bəzədilməsinə göstərilən xüsusi diqqət olub. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri bayrama bir neçə həftə qalmış hazırlıq işlərinə başlayıblar. Paytaxtın bütün park və meydanlarının, Dənizkənarı Milli Bulvarın, əsas magistral yol və prospektlərin, yol kənarlarının bayramsayağı bəzədilməsi və işıqlandırılması şəhərimizə xüsusi xüsusi gözəllik verib. Parklarda yolkalar qurulub. Buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib. Bayram günlərində hər tərəfdən musiqi sədaları eşidilirdi. Şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürürdü.

Keçrilən bayram tədbirlərinin kulminasiyasi Dənizkənarı Milli Parkın ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş atəşfəşanlıq oldu ki, rekord sayda sakin və şəhərimizin qonaqları bura gələrək onu sevinc və fərəh hissləri ilə izləyiblər.

Bayram tədbirlərinin yüksək səviyyədə təşkili işinə çoxlu sayda insan böyük əmək sərf edib. Şəhərin kommunal-təsərrüfat xidmətlətinin işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, nəqliyyatçılar və bir sıra xidmət sahələrinin işçiləri gücləndirilmiş rejimdə çalışıb. Bayram günlərində paytaxtda təmizlik tədbirlərinin görülməsi, asayişin təminatı, qonaqların mənzil başına çatdırılması böyük əmək tələb edirdi.

Bütün gecəni xüsusi rejimdə çalışan kommunal-təsərrüfat sahələri işçilərinin fədakar əməyi nəticəsində artıq yanvarın 1-i saat 06:00-da şəhərin park, meydan və küçələrində tam təmizlik hökm sürürdü.

Bu bir daha onu sübut edir ki, paytaxtın kommunal xidmətlərinin işi artıq daha yeni səviyyədə təşkil edilib. Prezident İlham Əliyevin paytaxtın kommunal-təsərrüfatının maddi texniki bazasının gücləndirilməsinə dair tapşırıqları və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki tövsiyələrinə uyğun olaraq tələb olunan yeni xüsusi təyinatlı avtonəqliyyat vasitələri və texnika alınır, xidmətlər lazımi avadanlıqlarla təmin edilir, şəhərdə kommunal sahədə tətbiq edilən islahatlar isə öz bəhrəsini verərək bir milyona yaxın insanın iştirak etdiyi yeni il şənliklərindən sonra qısa müddətdə şəhərdə sanitar-təmizliyin yaradılmasını təmin edib.




Ana səhifəyə qayıt        Baxış: 345          Tarix: 2-01-2020, 12:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma