«Dəqiq yoxlama olmadan şəxslər ölkə daxilinə buraxılmamalıdır, çünki bu virusun inkubasiya dövrünün iki həftə çəkdiyi deyilir». Bunu “Azadlıq” radiosuna tibb sahəsi üzrə professorAdil Qeybulla deyib.
Ötən ilin sonlarında Çində aşkarlanan, həmin ölkədə indiyə qədər 2.8 mindən çox insanın ölümü ilə nəticələnən yeni koronavirus artıq Azərbaycan sərhədlərinə də gəlib çatıb. Hazırda həmin virusdan İranda 22 şəxsin vəfat etdiyi bildirilir. Azərbaycandan fərqli olaraq əksər qonşu ölkələr İranla sərhədi bağlayıb .Üstəlik, Gürcüstanın rəsmi qurumlarının açıqlamasına görə, bu günlər Azərbaycandan keçməklə İrandan gələn bir vətəndaşında koronavirus aşkarlanıb.
Professor koronavirusun Azərbaycanda da aşkarlana bilinəcəyini mümkün sayır:«Yaxın vaxtlarda bununla bağlı etirafların ola bilməsi də heç kəsi təəccübləndirməməlidir. Belə məsələlərdə operativ olmaq lazımdır. Söhbət bundan gedir və bu operativlik olmaması təəssüf doğurur».
A.Qeybulla deyib ki, bu vəziyyətlə bağlı dövlət komissiyası yaradılmalı, işlər görülməli idi:«Karantin epidemioloji vəziyyətdir. Ölkənin bütün strukturları mobil hala gəlməlidir. Bu halda karantinin qanunları işləməli, başqa kaprizlərə yer olmamalı, buna uyğun da hərəkət lazımdır».
Sərhədlərin bağlanmasını şərt sayan professor əlavə edib ki, bu, hansısa ölkəyə qarşı diskriminasiya deyil:«Bu, ən azı infeksiyanın yayılmasının qarşısını almaq üçündür. İnsanlar nə qədər çox miqrasiya etsələr, təmasda olsalar, virus o qədər çox yayılacaq».
A.Qeybulla xüsusiyyətindən asılı olaraq qarşıdakı mart ayında daha ehtiyatlı olmağı lazım bilir: «Bu ay təlatümlü aydır. Qızdırma təlatümləri, bununla yanaşı, soyuqdəymə xəstəlikləri artır və bu fonda koronavirusun daha da fəallaşması ağır patologiyalara səbəb ola bilər».
Azərbaycanda koronavirusu identifikasiya edə bilmək üçün laboratoriyaların olması barədə isə professor bunları bildirib:«Rəsmilər belə laboratoriyaların olduğunu iddia edirlər. Amma bu laboratoriyalar indiki dövrdə koronavirusu identifikasiya etmək imkanındırmı? Söhbət bu şəxslərin peşəkarlığından yox, bu virusu, heç olmasa, bir dəfə identifikasiya etmək metoduna yiyələnməkdən gedir».
Azərbaycanla İran sərhədinin bağlanmasının koronavirusla mübarizədə əsas şərt olması ilə bağlı professorun dediklərinə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Amma Azərbaycan Səhiyyə Nazirliyindən bildiriblər ki, ölkə daxilində bu virusun aşkarlanmasından ötrü laboratoriyalar mövcuddur. Nazirlikdən vurğulanmasına görə, müayinələr Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində yoxlanılır.
Azpolitika.info
Paylaş: