Xəbər lenti
2-07-2020, 19:26


“Təmsil etdiyim İmişli rayonunda örüş yerləri problemi var.

Dünən İmişlinin Hacalmuradlı kəndində çəkilmiş bir videoya baxdım və məsələnin nə qədər acınacaqlı olduğu bir daha göründü.

 Bir tərəfdə döyülənlər, söyülənlər, digər tərəfdə pis vəziyyətdə qalan polis zabitləri və qan içində olan vətəndaş.

 Kəndlinin örüş sahəsi olmasa, o kəndli necə yaşaya bilər?”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə çıxışında deyib. 

“Bu kəndli inəyini, qoyununu, keçisini harada saxlasın? İmişlidə kəndlilərin yaxşı bir sözü var.

Deyirlər ki, inəyimizi ayağımıza bağlayıb saxlayaq? İmişli böyük torpaq sahələri olan rayondur.

Amma əhali örüş yeri tapmır ki, heyvan saxlasın.

Bəs nə ilə dolansın? Adına 10-15 sot torpaq var, yaxud bir “dırınqlet” maşını var, yardım ala bilməz, heyvan saxlamaq istəyir ki, dolanışığı olsun, örüş sahəsi isə yoxdur.

Niyə yoxdur? Çünki uğursuz torpaq islahatı nəticəsində bütün torpaqlar pay-püşt edilib.

Adam var ki, adına beş min hektar, 100, 200, 300, 500, 1000, 2000 hektar torpaq sahələri var.

Məsələ burasındadır ki, elə icarədarlar var, onlar həqiqətən də əkin-biçinlə məşğuldurlar.

Amma elə sahələr var ki, sadəcə çəpərlənib, nə istifadə edilir, nə də əkilib-becərilir.

Özünün beş-on heyvanını saxlayır. O böyük və istifadəsiz torpaq sahələri kimə məxsusdur? Böyük əksəriyyəti Bakıdakı məmurlara, rayonda vəzifə tutanlara.

Bəs kasıb nə etsin? Bu şəkildə torpaq islahatı hazırlayıb Prezidentə təqdim edənlər məsuliyyət hiss etməlidirlər. Uzun müddət uğurlu torpaq islahatından danışıldı.

Bu, sadəcə gözə kül üfürmək idi. Kolxozların dağıdılmasına və torpaqların paylaşdırılmasına rəvac verənlər, Prezidentə bunu təqdim edib tez-tələsik imzaya nail olanlar qoy məsuyliyyət hiss etsinlər.

Nurullayev həmçinin çıxışında  torpaqlarla bağlı yeni qanunun hazırlanmasının vacibliyini qeyd edib: “Biz buna başlamalıyıq ki, qalan əraziləri xilas edək. Çıxış yollarından biri torpaq sahiblərinin və icarədarlarının qeyri-qanuni, rüşvət və vəzifə səlahiyyətlərindən istifadə edib sahib olduqları torpaqlarının heç olmasa 30-40 faizindən könüllü şəkildə imtina edərək xalqa qaytarmasıdır.

İmişlinin yeni icra başçısı cənab Elçin Rzayev, yaxud digər rayonlara təyin edilən yeni başçılar təkbaşına işləyə bilməzlər.

Onlar Prezidentin tapşırıqlarını yerinə yetirməkdə böyük çətinliklə üzləşəcəklər. Biz torpaqlarla bağlı qanunvericiliyə dəyişiklik etməklə, onlara da kömək etmiş olarıq”.

Günel Türksoy



Ana səhifəyə qayıt        Baxış: 2 577          Tarix: 2-06-2020, 12:37      


Paylaş: