Xəbər lenti


Bu gün səhər saatlarında 165 saylı marşurut xətti, eləcə də şəhər daxili fəaliyyət göstərən digər marşurut xətlərində yaşanan sıxlığın görüntüləri yayılıb. Pandemiya dövründə ictimai nəqliyyatda sosial məsafənin gözlənilməməsi, insanların  iç-içə olması tənqid olunub. Avtobusdakı qayda qanunsuzluğa görə BNA rəhbərliyi günahlandırılıb. Çünki sosial məsafənin gözlənilməməsi koronavirusun daha çox yayılmasına şərait yaradır. 
Bəs, avtobuslardakı sıxlığı aradan qaldırmaq üçün metrostansiya istifadəyə veriləcəkmi?

Mövzu ilə bağlı musavat.com-a danışan “Bakı Metropaliten”inin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, metropoliten hazır vəziyyətdədir və qurum Operativ Qərargahın qərarını gözləyir:
"İlk sözü də, son sözü də Operativ Qərargah deyir. Bizim metrostansiyaların fəaliyyətini bərpa etmək barədə hər hansı səlahiyyətimiz yoxdur. Bizim hazırda vəzifəmiz mövcud konstruktivi təhlükəsiz, sağlam vəziyyətdə qoruyub saxlamaqdır. Biz də Operativ Qərargahın qərarını gözləyirik”



Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov saytımıza açıqlamasında bildirib ki, metropolitenin yenidən fəaliyyət göstərəcəyi barədə hələlik qərar yoxdur. Avqustun 5-ə kimi hər hansı qərar qəbul edilsə, ictimaiyyətə açıqlama veriləcək.

Bəs, avtobuslardakı sıxlıq xəstəliyin artmasında nə qədər rol oynayır?

Professor Adil Qeybulla isə musavat.com-a açıqlamasında xəstəliyin yayılmasında BNA-nı günahkar görüb:

“Metro bağlandıqdan sonra gərək BNA bu məsələni həll edərdi. Əldə olan resursları səfərbər edib avtobusların sayını artırmaq lazım idi. Bizdə tramvay, trolebus yoxdur, metro fəaliyyət göstərməyəndə bütün yük avtobusların üzərinə düşür. BNA bununla bağlı tədbir görməli idi. Bizim karantin dövründə ən biabırçı vəziyyət ictimai nəqliyyatda oldu. Bütün yoluxmalar da, yarıtmaz fəaliyyətdə ordadır. Gedib maşınları çəkməkdənsə, başqa işlərlə məşğul olmaqdansa, avtobus porblemini həll edərdilər, qayda-qanun yaradardılar, dezinfeksiyaedici məhlullarla nəqliyyat vasitələrini təmin edərdilər, sosial məsafənin gözlənilməsinə diqqət ayırardılar. Qayda-qanunsuzluq koronavirusun artmasına səbəb oldu. O səbəbdən metroların açılması labüddür".


BNA tənqidlərə nə deyir?
BNA sözçüsü Mais Ağayev isə tənqidlərə sosial şəbəkədə cavab verib. O bildirib ki, 165 saylı marşurut xəttində yaşanan sıxlıqla bağlı bir neçə dəfə daşıyıcı şirkət "Çinar-Trans" MMC-nin rəhbəri İsmayıl Hüseynova xəbərdarlıq olunub:

“Doğrudur bu gün müəyyən xətlərdə sərnişin sıxlığı müşahidə olunur. Hər gün səhər və axşam pik saatlarında biz də bunun şahidi oluruq. Çünki gündəlik olaraq BNA rəhbərliyi və şəxsən sədr özü ərazidə vəziyyətlə yerində tanış olur.
Həmçinin bildirim ki, hazrda sərnişindaşımaları yalnız ictimai nəqliyyatın bir növü olan avtobuslarla yerinə yetirilir. Müntəzəm xətlərlə yanaşı əlavə 7 sayda ekspres xətt fəaliyyət göstərir. Bütün xətlər üzrə gündəlik təxminən 2000-ə yaxın avtobus xəttə buraxılır. Hər gün yüzlərlə əməkdaş sərnişindaşımalarının təşkilinə cəlb olunur. Səhər və axşam pik saatlarında İdarə Heyətinin sədri və üzvləri müxtəlif ərazilərdə olur, vəziyyətlə yerində tanış olurlar. Yəni Bakı Nəqliyyat Agentliyi bütün səy və qüvvəsini pandemiya şəraitində sərnişindaşımaların təşkilinə yönəldib.
Eyni zamanda bir məqamı da diqqətinizə çatdırım ki, hər ötən gün gündəlik sərnişin-səfər sayında artım qeydə alınır. Bundan əlavə aprel-may aylarında tətbiq olunan karantin rejimi ilə indiki vəziyyəti müqayisə etsək 15-20 % artım var. Sərnişin təlabatını qarşılamaq üçün daşıyıcılarla iş aparılır, onlara rəsmi xəbərdarlıq olunub ki, gündəlik xəttə çıxan avtobus sayı azaldılmasın. Bunun nəticəsidir ki, adi yay rejimi ilə müqayisədə bu gün xəttə 20% çox avtobus çıxarılır.

Lakin bəzi daşıyılar tərəfindən qoyulan tapşırıqlara əməl olunmaması halları da var. Bunlar bizə də məlumdur. 165 nömrəli marşrutda olduğu kimi. Bununla əlaqədar bir neçə dəfə daşıyıcı şirkət "Çinar-Trans" MMC-nin rəhbəri İsmayıl Hüseynova xəbərdarlıq olunub. Avtobusların sayının pandemiya şərtlərinə uyğun tənzimlənməsi ilə bağlı tapşırıq verilib. Ən son ötən həftə analoji vəziyyətlə bağlı izahatı alınıb. Ümumilikdə bildirim ki, bu xətt sərnişinlərin daha çox narazı qaldığı xətlərdəndir. Təbii əgər daşıyıcı üzərinə düşən vəzifə borcunu düzgün icra etmirsə və sərnişindaşıma qaydalarına uyğun olmayan formada işini qurursa o mütləq şəkildə daşımalardan kənarlaşdırılmalıdır. Ən son 11, 24 və 30 nömrəli xətlər üzrə bu addım atılıb. Bizim üçün önəmli olan sərnişinlərimizin rahatlığıdır”.
Musavat.com 



Ana səhifəyə qayıt        Baxış: 2 333          Tarix: 27-07-2020, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma