Xəbər lenti

 
Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda birgə müşahidə mərkəzinin yaradılması barədə razılıq əldə edilməsindən dərhal sonra ermənilər tərəfindən müxtəlif məlumatlar gəlməyə başladı. 
 
Ovqat.com-un erməni mənbələrinə istinadən verdiyi məlumatlara görə, Dağlıq Qarabağdakı erməni silahlı qüvvələrinə aid HHM sistemləri Gorusa daşınıb. 
 
Ekspertlər bunu həmin müdafiə sistemlərinin 44 günlük savaşda heç bir işə yaramamasının anlaşılması ilə izah etsələr də, zənnimizcə, bu dislokasiyanın digər səbəbi Ankaranın son danışıqlarda Moskvaya 2020-ci il 9 noyabr tarixində imzaladığı 3-tərəfli atəşkəs sazişini (Bəyanat) xatırlatması ola bilər. Bəyanatın 4-cü bəndində açıq şəkildə göstərilir ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”. Faktiki olaraq, Dağlıq Qarabağda erməni hərbi birləşmələrinə aid texnikaların mövcudluğu Bəyanatın bu tələbinin pozulması deməkdir və savaş səbəbi sayıla bilər. Görünür, Ankara da Moskvaya bu həqiqəti başa salaraq, hər şeyin sıfırdan başlaya biləcəyini izah edib. Beynəlxalq münasibətlərin öz əleyhinə çevrildiyi indiki məqamda Moskva əlavə baş ağrısı istəmədiyi üçün geri çəkilməli olub.
 
Türk-rus ortaq müşahidə mərkəzinin fəaliyyətə başlamasından əvvəl erməni silahlı qüvvələrinə aid texnikaların Dağlıq Qarabağdan çıxarılması düşmən tərəfində şok effekti yaradıb. Bir çox erməni ekspertləri bunu Dağlıq Qarabağ ordusunun dağıdılması kimi qiymətləndiriblər. Onların iddialarını gücləndirən ciddi arqumentləri də vardı. Arqumentlərdən biri yuxarıda qeyd etdiyimiz kimi, 9 noyabr Bəyanatının 4-cü bəndinin tələbləri, digəri isə texnikaların bölgədən çıxarılmasından əvvəl Ermənistan Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasıdır. 
 
Məlumata görə, dekabrın 2-də çağırılan iclasdan sonra təkcə hərbi texnikalar deyil, həm də erməni silahlıları da yeni atəş xəttindən çəkilməyə başlayıblar. İddialara görə, Ermənistan Təhlükəsizlik Şurasının iclasında Baş nazir Nikol Paşinyan və müdafiə naziri Vazgen Manukyan bu ideyanı dəstəkləyiblər.
 
 
Dağlıq Qarabağdakı qondarma qurumun “rəsmiləri” erməni ictimai rəyində yaranan xəyal qırıqlığını önləmək üçün media orqanlarına çıxıb məsələyə “aydınlıq” gətirməyə çalışıblar. Qondarma qurumun “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan media açıqlamasında faktı təkzib edərək bildirib ki, “orduda” bəzi islahatlara getmək üçün bu addım atılır. “İslahat”ın mahiyyəti isə bundan ibarətdir ki, "sərhədlərin toxunulmazlığı və qorunması”nı daha peşəkar hərbçilərə tapşırılır: “Hazırda dövlət strukturları məqsədilə müqavilə əsasında peşəkar hərbi bölmələrin yaradılması məsələsi ilə məşğuluq”,-Balasyan belə deyib.
 
“DQ” “prezidenti”nin mətbuat katibi Vaqram Poqosyan da “orduda” aparılan "əhəmiyyətli dəyişikliklər" haqda danışaraq bildirmişdi ki, “Silahlı Qüvvələr” dağılmır, sadəcə yenidən təşkil olunur: "Peşəkar orduya sürətli keçid üçün addımlar atılır. Müddətli hərbi qulluqçular üçün hərbi xidmət müddətinin azaldılması məsələsinə baxılır".
 
Erməni ekspertləri “DQ” rəsmilərinin bu fikirlərini şərh edərək bildirirlər ki, bu cür yanaşma onsuz da kifayət qədər səfərbərlik resursu olmayan “Dağlıq Qarabağ Silahlı Qüvvələri”ndə ciddi ixtisarına səbəb olacaq. Gələcəkdə yenidən təşkil edilən strukturlar isə polis kimi fəaliyyət göstərə biləcək. 
 
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 6 027          Tarix: 7-02-2021, 09:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma