Xəbər lenti

  Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki yeganə uşaq parkı baxımsızlıqdan xarabalığa çevrilib. Yaşıllıqla əhatələnmiş park indi ilanların, bir də sahibsiz itlərin məskənidir.

Parkın abadlaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış müraciətlər isə cavabsız qalıb. Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.

Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən uşaq parkı Sovetlər birliyi dönəmində pionerlərin asudə vaxtının səmərəli təşkili məqsədilə salınıb.

Parkda müxtəlif idman alətləri, uşaqların istirahəti üçün yelləncəklər, elektriklə işləyən maşınlar quraşdırılıb. Son 2-3 ildə isə idman alətləri sınıb, yelləncəklər və oturacaqlar yoxa çıxıb.

 

“Son 6-7 ildə Qaraçuxurda yaşıllıq ərazisi qalmadı, hər boş ərazidə ev, villa tikildi. Parkın dörd tərəfi evlərlə əhatə olunub. Parkın ərazisindən dayanacaq kimi istifadə edilir. Görünür, qəsdən ərazini baxımsız hala salırlar ki, yaddan çıxsın, heç kim gəlməsin”, - qəsəbə sakini Mədət Hüseynov deyir.

Digər sakin isə deyir ki, uşaqların parka getməsi ilə qan içində geri qayıtması bir olur. “İdman alətlərini sındırıblar, yalnız dəmirləri qalıb. Parkın ortasındakı böyük dəmir sürüşkən də təhlükəlidir. Pilləkənlər qırılıb, iri deşiklər açılıb. Bir də görürsən ki, hər yana, xüsusilə də sürüşkənin yan-yörəsinə daşlar yığılır. Bir balaca ehyitasızlıqdan uşaqlar xəsarət alırlar”.

Sakinlər sürüşkənin yan-yörəsinə zibil tullantıları və daşlarlan qəsdən yığıldığına əmindilər.

 

Amma təhlükəli vəziyyət bununla bitmir. Yay başlayandan park ilanların məskəninə çevrilib. Parkın ətrafında dizə qədər qalxmış otlar, bu otların içinə atılan məişət tullantıları sahibsiz itləri də əraziyə “cəlb edir”.

“Yayda ilanların qorxusundan nəinki istirahət etmək, heç yaxınlıqdan keçə bilmirik. Bu yay bir neçə dəfə ilan görmüşük, yaxşı ki, uşaqlara xətər toxunmamışdı. Axşamlar isə itlərin əlindən tərpənmək olmur”, - qəsəbə sakini Nazakət Qurbanova deyir.

Parkın girəcəyindəki hovuz və fəvvarədən də əsər qalmayıb. Parkın sağ tərəfində teatr səhnəsindən isə yalnız divarlarda çəkilmiş bığ-saqqal rəsmləri, sevgi etirafları yadigar qalıb. Sakinlər parkda vaxtilə furbol meydançası olduğunu desələr də, indi meydançanın dəmir qapıları da sökülüb.

 

Parkdakı meyvə və dekorativ ağaclar da qurumaq üzrədir. Sakinlər deyirlər ki, yalnız yağışın ümidinə qalan ağaclar məhv olur.

“Mən uşaqlarımı bu ağacların kölgəsində böyütmüşəm. İndi nəvələrimi gəzdirməyə yer tapmıram. Bir tərəfdən zibillik, bir tərəfdən də dəmir-dümür parkı təhlükəli vəziyyətə gətirib. Oturacaqlar, dekorativ heykəllər, hovuz baxımsızlıqdan məhv oldu. Heç olmasa, ağacalrın qurumasına imkan verməsinlər”, - N.Qurbanova giley-güzar edir.

Sakinlər onu da əlavə edirlər ki, əvvəl qəsəbəyə qonaq gələn incəsənət xadimlərini, qonaqları bu parka gətirərdilər. Çünki yaşıllıq, təmiz hava hər kəsin xoşuna gəlirdi. İndi park unudulub, yalnız Allahın ümidinə qalıb. (Virtualaz.org)




Ana səhifəyə qayıt        Baxış: 944          Tarix: 26-06-2017, 20:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma