Xəbər lenti



Baş Prokurorluq Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevin həbsi ilə bağlı məlumat yayıb.

Ovqat.com xəbər verir ki, məlumatda deyilir:

"Vəzifə səlahiyyətlərindən sui-istifadə edən daha bir şəxsin qanunsuz əməlləri ifşa edildi. 

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar nəticəsində inşaat sektorunun inkişafı üçün yaradılmış münbit və əlverişli şəraitdən sui-istifadə və korrupsiya hüquqpozmalarına yol verilməsi hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks tədbirlərin görülməsi davam etdirilir.

Belə ki, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının,habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunmuşdur.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir".

Ovqat.com-un xüsusi qeydi

 
Qeyd edək ki, Rasim Quliyevin ittiham edildiyi maddələrdə əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
Xatırladaq ki, Rasim Quliyevin qardaşı “Səs” qəzetinin redatoru Səs” Bəhruz Quliyev bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında sözügedən həbs hadisəsini şərh edərkən qardaşının “vətən, millət yolunda fədakarlığından” dəm vurmuş, hakimiyyətin təbliğində müstəsna rol oynadığını bildirmişdi. Bununla da müasir terminlərlə desək, trolluqlarını gözə soxaraq mərhəmət diləmişdi. Baş Prokurorluğun bugünkü açıqlaması onu göstərir ki, artıq hakimiyyətin nəzərində bu cür “xidmətlər” xüsusi imtiyaz qazanmaq üçün yetərli deyil. Əli harama batan hər kəs göstərdiyi trolluq xidmətinin “keyfiyyətindən” və dərəcəsindən asılı olmayaraq ədalət mühakiməsi qarşısında layiq olduğu qiyməti alacaqdır.






Ana səhifəyə qayıt        Baxış: 5 487          Tarix: 5-04-2021, 14:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma