Xəbər lenti
27-11-2024, 19:25


Azərbaycanda Vətən müharibəsi bitdikdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ciddi islahatlar aparılır. İşğaldan azad olunmuş torpaqların tədqiqatı, torpağın keyfiyyətinin qiymətləndirilməsi, su problemlərinin həlli, əhalinin yerləşdirilməsi və s. məsələlər öz həllini gözləyir. İndiki şəraitdə elm adamlarının, xüsusilə torpaqşünas alimlərin üzərinə böyük vəzifələr düşür. AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun kollektivi də bu işlərə töhfə verməyə çalışır. Biz aparılan elmi-tədqiqat işlərinin nəticələrinin kənd təsərrüfatı istehsalına tətbiqinə, məhsuldarlığın artırılmasına, torpaqların münbitliyinin bərpası və qorunmasına, habelə müasir dövrün elmi yeniliklərinin istehsalata tətbiqinə nail olmaq istəyirik.

Bunu AZƏRTAC-a açıqlamasında institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev deyib. O qeyd edib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Qarabağın təbiətinə, bioloji müxtəlifliyinə, su ehtiyatlarına, fauna və florasına ciddi ziyan dəyib. İşğal dövründə Ağdam, Füzuli, əsasən də Cəbrayıl rayonunda unikal su mənbələri olan kəhrizlər dağıdılıb və çirkləndirilməyə məruz qalıb. Əldə olan məlumatlara görə, işğal müddətində xüsusi diqqət və qayğı tələb edən bu unikal su mənbələrinə düşmən münasibət davam etdirilib. Ermənilər tərəfindən kəhriz quyularına insan və heyvan cəsədləri atılıb, bəzi yerlərdə isə kanalizasiya xətləri qoşulub. Belə vəhşi münasibətlərə məruz qalan kəhrizlərimizin əksəriyyəti artıq sıradan çıxaraq “batmışdır”.

Alim vurğulayıb ki, təcili surətdə kəhriz sistemlərinin monitorinqi aparılmalıdır. Vaxtilə, yəni işğaldan öncə Ağdam rayonunda 98 kəhrizdən il ərzində 64,333 milyon kubmetr, Füzuli rayonunda 71 kəhrizdən 19,016 milyon kubmetr, Cəbrayıl rayonunda 111 kəhrizdən 34,658 milyon kubmetr, Qarabağın dağlıq hissəsində 52 kəhrizdən 4,225 milyon kubmetr kəhriz suyu əldə olunurdu. Bu gün həmin kəhrizlərin suyundan yoxlanılmadan istifadə etmək olduqca təhlükəlidir. Cəbrayıl rayonunun kəndlərində kəhriz suyundan yoxlanılmadan istifadə edilməsi yolverilməzdir. “Odur ki, vaxt itirmədən Cəbrayıl rayonu üzrə kəhrizlərin monitorinqi aparılmalıdır, su analizləri nəticələri, vəziyyəti və suvermə qabiliyyəti müəyyən edilməlidir. Kəhrizlərin coğrafi yerləşməsi üzrə tunelin (kürəsi) ətraf ərazilərinin koordinatları müəyyən edilərək mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinin icrasına başlanılmalıdır. Həmçinin kəhrizlərin faktiki vəziyyətinin texniki inventarlaşdırılması, görüləcək bərpa işlərində aparılaraq təmir və bərpa layihələri hazırlanmalıdır. Eyni zamanda, kəhrizlərin layihə-smeta sənədləri əsasında təmiri işlərinin aparılması üçün texniki şərtlər və mütəxəssis ehtiyatının yaradılması üçün tədbirlər görülməlidir. Kəhrizlərin su ehtiyatlarının toplanılması və səmərəli istifadəsi üzrə əsaslı strateji plan işlənilməlidir”, – deyə Ə.Quliyev bildirib. Qeyd edib ki, kəhrizlərin ekosistemin yaranmasında, içməli təmiz su təminatında və suvarmada müstəsna əhəmiyyətini nəzərə alınaraq ekoloji obyekt siyahısına salınmaqla onların elmi əsaslarla bərpası üzrə tədbirlərin nəzarətə götürülməsi daha məqsədəmüvafiq olardı.




Ana səhifəyə qayıt        Baxış: 3 448          Tarix: 25-06-2021, 08:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma