Xəbər lenti

 
Məlum olduğu kimi, bir müddət əvvəl AMEA-da səs-küylü kadr dəyişikliyi baş vermişdi. Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru,  AMEA-nın müxbir üzvü Əlövsət Quliyev işindən uzaqlaşdırılmış və onun yerinə elmi çevrələrdə “makler akademik” kimi tanınan Qərib Məmmədov gətirilmişdi. 
 
Əlövsət Quliyev isə AMEA prezidenti Ramiz Mehdiyevin bu qərarı ilə barışmamış, hüquqları uğrunda mübarizəsini davam etdirmişdi. Nəhayət, bu il martın 16-da Səbail rayon məhkəməsi Əlövsət Quliyevin şikayətinə baxmış və onu yenidən öz vəzifəsinə qaytarmışdı. 
 
Ovqat.com-un məlumatına görə, AMEA rəhbərliyinin məhkəmənin qərarından apellyasiya şikayəti vermək hüququ olduğu halda Ramiz Mehdiyev olan-qalan nüfuzunu da bu ədalətsiz davada xərcləməmək üçün öz hüququndan istifadə etməmək qərarına gəlmişdi. Yəni, loru dillə desək, könüllü olaraq əlini döşəyə vurmuşdu.
 
İlk instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək müddəti ötən ayın 16-da bitirdi. Gözləmək olardı ki, məhkəmənin qərarı rəsmən qanuni qüvvəyə minəndən sonra Əlövsət Quliyev öz vəzifəsinə təyin olunacaq. Maraqlıdır ki, AMEA rəhbərliyi bu prosesi belə bir ay uzadaraq, nəhayət ötən gün akademik ədaləti bərpa etməyə qərar verib.
 
Akademiyanın rəsmi saytının yaydığı rəsmi məlumata görə, dünən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib. Yığıncağın gündəliyində duran birinci məsələ AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru vəzifəsinə seçkilərin keçirilməsi olub. 
 
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova toplantıda çıxış edərək bildirib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin namizədliyi irəli sürülür.
 
Daha sonra AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıq səsvermə yolu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.


Ana səhifəyə qayıt        Baxış: 5 914          Tarix: 19-06-2021, 15:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma