Xəbər lenti


Gürcüstanda karantin qaydalarının pozulmasına görə tətbiq edilən, lakin ödənməmiş cərimələr əfv edilir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, özünütəcrid və karantin qaydalarının pozulmasına, tibbi maska taxmamağa görə barələrində cərimə tətbiq edilən şəxslər parlamentə təqdim edilən iki qanun layihəsi əsasında ödənişdən azad ediləcək. İ. Qaribaşvili qeyd edib ki, 245 min vətəndaş, habelə 344 hüquqi şəxs bundan yararlanacaq. Əfv olunan cərimələrin ümumi məbləğinin 76 milyon lari (41 milyon manat) təşkil edəcəyi bildirilir.

Bəs Azərbaycanda da karantin cərimələrinin bir qisminin ləğv olunması mümkündürmü? Nəzərə alsaq ki, pandemiya ölkə iqtisadiyyatına ciddi zərbələr vurub, iş yerləri bağlanıb, əhalinin sosial vəziyyəti pisləşib.

İqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, ötən il büdcədənkənar gəlirlərin məbləği əvvəlki illə müqayisədə artıb. Belə ki, bu məbləğ 596,1 mln. manat məbləğində olub ki, o da 2019-cu illə müqayisədə 17,2 mln. manat və ya 3 faiz çoxdur.
"Bu mənbədən ötən ilin büdcəsinə cəmi daxilolmaların 61,5 faizi və ya 366,6 milyon manat vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının artması hesabına baş verib"- deyə, iqtisadçı vurğulayıb.

Onun sözlərinə görə, büdcə gəlirlərinin formalaşmasında maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının payı 1,5 faiz ətrafındadır: "Əslində ötən il ərzində karantin rejiminin pozulmasına görə fərdlərə və biznes suvyektlərinə tətbiq edilən inzibati cərimələr kifayət qədər çox olub. Bu isə onu deməyə əsas verir ki, onların ödədikləri cərimələrin çox hissəsi dövlət büdcəsinə daxil olmayıb. Məlumat üçün qeyd edim ki, cərimələrin 50 faizi inzibati protokolu tərtib edən qurumun hesabına köçürülür. Digər tərəfdən də bu mədaxil mənbəyi üzrə gəlirlər proqnozlaşdırılmış məbləğin 74,1 faizini təşkil edib, deməli hələ icra edilməmiş inzibati cərimələr də mövcuddur".

Q.İbadoğlu Gürcüstanda olduğu kimi, Azərbaycanda da həmin cərimələrin silinməsini təklif edir.
Hüquqşünas Hafiz Həsənov “AzPolitika.info”-ya bildirib ki, Azərbaycanda xüsusi karantin rejimi qaydalarının pozulması ilə bağlı inzibati cərimələrin ləğv edilməsində hüquqi problemlər yoxdur.

Onun sözlərinə görə, bunun üçün Milli Məclis tərəfindən ayrıca qanun qəbul edilə bilər: “Lakin indiki halda bununla bağlı hər hansı mesajlar müşahidə olunmur. Yeri gəlmişkən, qeyd edim ki, nəinki xüsusi karantin rejimi qaydalarıın pozulmasına görə cərimələri ləğv edilmir, hətta qanunsuz tətbiq edilmiş cərimələr də ləğv olunmur. Belə ki, 2020-ci il aprelin 1-dən 14-dək Dövlət Yol Polisi (DYP) tərəfindən 18 687 inzibati məsuliyyətə cəlb etmə qərarı tətbiq edilib. Halbuki, həmin dövrdə DYP-nin xüsusi karantin rejiminin pozulmasına inzibati xəta protokolu və inzibati tənbehvermə qərarı tətbiq etmək səlahiyyəti olmayıb. Bu cərimələrin ləğv edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə və Nazirlər Kabinetinə müraciətlər də nəticəsiz qaldı”.

Hüquqşünas hesab edir ki, Gürcüstanda olduğu kimi, daha geniş iqtisadi imkanları olan Azərbaycanda da xüsusi karantin rejimin pozulmasına görə cərimələr tamamilə ləğv edilməlidir.



Ana səhifəyə qayıt        Baxış: 3 069          Tarix: 29-06-2021, 18:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma