Azərbaycan Polisinin yaranmasının 99-cu ildönümünü ərəfəsində - iyunun 30-da Xətai Rayon Polis İdarəsinin yeni inzibati binasının açılışı olub.
Ovqat.com xəbər verir ki, Metbuat.az-ın məlumatına görə, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib. Əvvəlcə daxili işlər naziri binanın açılışını bildirən lenti kəsib. Yeni tikilinin əsas parametrləri və texniki göstəriciləri barədə nazirə məlumat verilib. Qeyd olunub ki, inşasına 2015-ci ilin mart ayında başlanılmış, ümumi sahəsi 3432 kvadratmetr olan dördmərtəbəli inzibati binadan əlavə ərazidə yeməkxana və digər yardımçı binalar müasir standartlara uyğun tikilib, bütün zəruri mərkəzləşdirilmiş mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilib, yeni mebel və inventarlarla təmin olunub. Ərazidə abadlaşdırma, yaşıllaşdırma, asfalt və isıqlandırma işləri yerinə yetirilib.
Nazir yeni binadakı xidməti otaqlar, Müvəqqəti Saxlama Yeri və digər yardımçı sahələrlə yaxından tanış olub, milli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərə baxıb, görülən işlərdən razılığını bildirib. Daha sonra cənab Ramil Usubov yeni inzibati binanın akt zalında Xətai RPİ-nin əməkdaşları ilə görüşüb. Nazir qeyd edib ki, prezident İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğı nəticəsində hər il daxili işlər orqanları üçün onlarca yeni obyekt tikilib istismara verilir, lazımi texniki vasitələr və avadanlıqlar alınır. Dövlət başçısı elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin daxili işlər orqanlarında tətbiqinə, zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirir, bunun sayəsində Daxili İşlər Nazirliyi müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunur. Bütün bunlar şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərir, onları xidməti vəzifələrini layiqincə yerinə yetirməyə ruhlandırır.
Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət dövlətimizin yüksək diqqət və qayğısına əməli işlə cavab verəcək, rayon ərazisində asayişin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə sahəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcəkdir.