Xəbər lenti
27-11-2024, 19:25


Milli Məclisin üzvü, tanınmış təhsil eksperti Etibar Əliyevin jurnalistlər üçün tikilmiş üçüncü binanın şəhid ailələri və qazilərə verilməsi təklifi ətrafında qızğın müzakirə və mübahisələr davam edir. 

Deputat, Milli Mətbuat Günü ərəfəsində əsasən də üçüncü binadan mənzil almaq iddiasında olan jurnalistlərin sərt hücumlarına məruz qalsa da, nəinki geri çəkilmir, hətta son günlər bir və ikinci binaların paylanması zamanı yol verilmiş cinayət xarakterli sui-istifadə hallarını ifşa etməyə başlayıb. E.Əliyevin bu həmləsindən sonra mübahisənin xarakteri də müəyyən qədər dəyişib və diqqət daha çox birinci və ikinci binanın paylanması zamanı sui-istifadə mövzusuna yönəlib.

Xatırlatmaq yerinə düşər ki, birinci və ikinci binanın paylanması zamanı həqiqətən də çox böyük ədalətsizliyə və cinayət xarakterli sui-istifadələrə yol verilib. Binaların tikintisi zamanı total mənimsəmələr də daxil olmaqla, bütün bu işlərin başında durmuş Prezidentin sabiq köməkçisi Əli Həsənovun, ardınca isə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin vəzifələrindən azad olunmasından sonra bu cinayətlərə hüquqi qiymət veriləcəyi gözlənilsə də, təəssüf ki, bu gözləntilər hələlik özünü tam

doğrultmayıb. Baxmayaraq ki, Baş Prokurorluqda KİVDF rəhbərliyi ilə bağlı başlanmış cinayət işinin istintaqı çərçivəsində binaların tikintisi zamanı yol verilmiş korrupsiya halları ilə yanaşı mənzillərin paylanmasındakı korrupsiyanın da araşdırıldığı barədə məlumatlar var idi. Belə ki, iki binadan mənzil alanlar istintaqa çağırılır, onların kimliyi və mətbuata bağlılıqları müəyyənləşdirilir, mənzili necə aldıqları ilə bağlı sorğu-sual olunurdular. Bu səbəbdən gözlənilirdi ki, mənzillərin paylanması zamanı yol verilmiş cinayətlərə hüquqi qiymət veriləcək və jurnalist olmayanlara verilmiş mənzillər geri alınacaq. Lakin Vüqar Səfərlinin cinayət işi artıq məhkəməyə göndərilsə də, bu istiqamətdə hər hansı qərarın qəbul olunduğu məlum deyil. Bu baxımdan, deputat Etibar Əliyevin mənzillərin paylanmasındakı ədalətsizliyi və sui-istifadə hallarını yenidən gündəmə gətirməsi lap yerinə düşüb.

Fikrimizcə, Vüqar Səfərlinin artıq sabah başlayacaq məhkəməsi ərəfəsində məsələ aktuallaşmışkən, bu istiqamətdə daha dərin araşdırmanın aparılmasına ehtiyac var. Yuxarıda da qeyd etdiyimiz kimi, Etibar Əliyev də konkret adlar çəkməyə başlayıb. Lakin hələ də ittihamlar və iddialar əsasən ümumi xarakterlidir və Prezident sərəncamı ilə jurnalistlər üçün tikilmiş binalardakı mənzillərin Prezidentin sabiq köməkçisi Əli Həsənov tərəfindən kimlərə və hansı məqsədlə peşkəş edildiyi adbaad dəqiq araşdırılmalıdır. Bu araşdırma siyahı üzərindən aparılsa, ittihamların nə dərəcədə əsaslı olub-olmadığı üzə çıxar və mübahisələrə nöqtə qoyular. Bu yolla iki jurnalist binasından neçə nəfər qeyri-jurnalistin, hamının dediyi kimi, “sürücü, katibə və qohum-əqrabanın” mənzil aldığını faktlarla üzə çıxarmaq mümkündür.

Belə bir araşdırma, sözsüz ki, uzun vaxt və gərgin iş tələb edir. Bu səbəbdən iki binanın tikintisi və bölgüsündəki sui-istifadə hallarını, mənimsəmə və cinayətləri faktlarla üzə çıxarmaq üçün jurnalist təhqiqat qrupunun yaradılması daha yaxşı olar. Məsələn, xeyli vaxtdır danışılır ki, iki binadan Əli Həsənovun özünün və həyat yoldaşı Sona Vəliyevanın qohumlarına mənzillər verilib. Bu kateqoriyadan olan insanların sayının ən azı SƏKKİZ nəfər olduğu bildirilir. Bu iddia həqiqəti əks etdirirmi? Həqiqətdirsə, kimlərdir bu adamlar və hansı adlar altında jurnalist adı ilə mənzil siyahısına daxil ediliblər? 
Bu kontekstdə ikinci binadan hər biri dövlət büdcəsinə 150-200 min manata başa gəlmiş 3 və 4 otaqlı evlərə sahib olmuş 2 şəxsin üzərində xüsusi dayanmaq olar.

İkinci mənzilin bölgüsü siyahısındakı 39-cu adam – “Azərbaycan” nəşriyyatı adından siyahıya daxil edilmiş Cəfərov Rauf Hüseynqulu oğlu. İkinci binadan 3 otaqlı mənzil verilmiş bu adam Əli Həsənovun bacısının kürəkənidir. “Azərbaycan” nəşriyyatının işçisi olan bu adamın, Əli Həsənovla qohumluqdan başqa mediaya nə kimi bağlılığı var? Maraqlıdır, istintaq bu adamın hansı əsasla siyahıya soxuşdurulduğunu araşdırıb, fakta hüquqi qiymət veribmi?

Şair Əkbər Qoşalı. Atatürk Mərkəzinin şöbə müdiri olan Ə.Qoşalı ikinci binada 4 otaqlı mənzillə mükafatlandırılıb. Mediaya hansı bağlılığına və xidmətlərinə görə? Üstəlik də, binada cəmi bir neçə dənə olan 4 otaqlı mənzillə... 
Artıq xeyli vaxtdır danışılır ki, Ə.Qoşalı şairə Sona Vəliyevanın “şeirlərini” “redaktə” etdiyinə görə siyahıya düşüb və 4 otaqlı mənzillə mükafatlandırılıb. Yəni Həsənovlar ailəsinə hansısa şəxsi xidmətinə görə.
Biri həsənovların adından şeir, digəri kitab yazıb, bir başqası da bunların itinə baxıb. Hamısına da jurnalist adı altında ev verilib.

Əli Həsənovun şəxsi media şəbəkəsinə daxil olan televiziya, qəzet, sayt və jurnallar iki jurnalist binasının bölgüsündə 40-dan çox mənzil alıblar. “AzPolitika”-ya mötəbər mənbədən sızan məlumata görə, bu sıradakı 7 nəfərin Sona Vəliyeva ilə yaxın-uzaq qohumluq əlaqəsi var. İki siyahıda “Vəliyev” soyadlı xeyli adam gözə dəyir. Onların əksəriyyəti media çevrələrində tanınmırlar. Həqiqətən də bu adamların Sona Vəliyeva ilə qohumluq əlaqələri varmı? Bunu da araşdırmaq istintaqın işi idi...

“Azərbaycan” nəşriyyatının on milyonlarla dəyərində torpaq və binaları Əli Həsənov tərəfindən ələ keçirilib. Bu torpaqlarda hündürmərtəbəli yaşayış binaları, həmçinin ofis binaları tikilib. Təkcə Beynəlxalq Mətbuat Mərkəzi adlanan bina və son illərdə tikilərək Gömrük Komitəsinə icarəyə verilmiş onun ekiz tayının icarəyə verilməsindən Əli Həsənovun aylıq gəliri yəqin ki, yüz min manatlarla ölçülür. Hər ay təkcə KİVDF Əli Həsənova 8 min manat ödəyib. Sabiq köməkçinin ümumi aylıq gəliri haqda danışarkən isə, biz milyonları dilə gətirməliyik. Bir aylıq gəliri ilə bir kəndin əhalisini mənzillə təmin etmək iqtidarında olan belə bir adamın, jurnalistikaya uzaqdan-yaxından əlaqəsi olmayan qohumunu jurnalist adıyla dövlətə sırımasının adı nədir? Üç jurnalist binasının tikintisindən ən azı 30 milyon manat (Rəsmi ittiham 18.5 milyon manatdır. Amma reallıqda daha çox olduğu şübhə doğurmur-red.) mənimsəmiş birinin, üstəlik, mənzil bölgüsündə tamahına güc gələ bilməməsi, müxtəlif adlar altında özünün və arvadının qohumlarını siyahıya daxil etməsi təkcə acğözlülük, görməmişlik deyil, həm də cəzasızlığın və qorxusuzluğun son həddi olub! Baş Prokurorluqda bir ildən çoxdur aparılan istintaq, bütün bunlara hüquqi qiymət veribmi? Yəqin ki, bu suala Vüqar Səfərlinin məhkəməsində aydınlıq gələcək.

Bəli, məhz bütün bu yaramazlıqlara, ağılasığmaz görməmişlik və cinayətlərə görə iki ildir hazır olmasına baxmayaraq, üçüncü binanı paylamaq mümkün olmur. Hətta ola bilsin ki, heç jurnalistlərə vermək istəmirlər. Bu binanın da tikintisinə dövlət büdcəsindən böyük vəsait ayrılıb. Həmin vəsaitlə 3 belə bina tikmək olardı. Lakin 51 faizi Əli Həsənova, 49 faizi isə onun kirvəsi, Rusiyada yaşayan milyonçu Mehrac Babayevə məxsus olan şirkət, 3 binanın puluna bir binanı da keyfiyyətlə tikə bilməyib. Saxtakarlıq və keyfiyyətsizlik gözə girir. Ona görə də, 2 ilə yaxındır guya hazır olan binanı Media Agentliyi təhvil ala bilmir.

Yeri gəlmişkən, sabah KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlinin məhkəməsi başlayır. O, bir sıra cinayətlərlə yanaşı jurnalist binalarının tikintisindən 18.5 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Bu ittiham, əslində Vüqar Səfərliyə yox, Əli Həsənova qarşı irəli sürülüb. Tam əminliklə demək olar ki, jurnalist binalarının tikintisi birbaşa Əli Həsənovun rəhbərliyi altında onun yaxınları tərəfindən aparılıb. Bu zaman Vüqar Səfərlinin heç bir manata belə sərəncam vermək hüququ olmayıb. Onun rolu, olsa-olsa Çinə ucuz unitaz almağa göndərilməkdən və qarşısına gələn sənədləri imzalamaqdan uzağa getməyib. Lakin indi ona qarşı belə böyük məbləği mənimsəmək ittihamı irəli sürülüb. Əli Həsənov isə, deyilənə görə bu məbləği geri qaytarmaqdan israrla imtina edir.
Beləcə, Dövlətin aztəminatlı media cameəsinə xoşməramlı bu jesti bir qrup görməmiş və dələduzun ucbatından gözdən salınıb. Nəticədə, ortaya belə təkliflər də çıxır ki, üçüncü bina, ümumiyyətlə jurnalistlərə verilməsin.

Rasim ƏLİYEV
“AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 4 050          Tarix: 22-07-2021, 17:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma