Xəbər lenti

 

Qəbələ beynəlxalq aeroportu ərazisində xalkolit dövrünə - e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri yaşayış məskənində Qafqazın ən qədim tapıntılarına rast gəlinib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, tədqiqatlar Leylatəpə arxeoloji mədəniyyətinə aid bu yaşayış yerinin Ön Asiyanın, xüsusilə də Şərqi Anadolunun qədim sivilizasiyaları ilə sıx əlaqələrinin mövcudluğunu, e.ə. IV minilliyin birinci yarısında həmin bölgələrdən Azərbaycan ərazisinə kütləvi miqrasiyaların baş verdiyini sübut edən abidələrdən biri olduğunu göstərir.

Son qazıntılar zamanı Qalayerində ilk dəfə olaraq iri ölçülü yarımqazma və onun içərisində qazılmış ikinci bir dayaz quyu aşkar edilib. Yarımqazmadan xalkolit dövrü üçün nadir tapıntılardan olan çıraq qalığı da tapılıb. Yarımqazmanın strukturu və oradan çırağın aşkar edilməsi bu yerin abidənin qədim sakinlərinin ibadətgahı olmasını ehtimal etməyə əsas verir.

Maraqlı tapıntılardan biri kimi qədim metallurgiyada istifadə edilən gildən hazırlanmış qəlibin aşkar edilməsini xüsusilə qeyd etmək lazımdır. Metal külçələr üçün nəzərdə tutulmuş bu qəlib bütün Qafqazda bu qəbildən olan ən qədim tapıntıdır və bu regionda xalkolit dövrünə aid ikinci belə bir tapıntı hələlik məlum deyil. Bu qəlibin aşkar edilməsi hələ 6 min il əvvəl Qalayerinin sakinlərinin metallurgiyanı inkişaf etdirdiyini, külçələri uzaq məsafələrə, çox ehtimal ki, Yaxın Şərqə apararaq metal ticarəti ilə məşğul olduqlarını göstərir.

Qalayerində qazıntı zamanı küp tipli saxsı qablarda körpə uşaq qəbirləri, dulus kürəsi, minlərlə saxsı qab fraqmentləri, müxtəlif növ daşlardan və sümükdən hazırlanmış alətlər aşkar edilib. Bütün bunlar xalkolit dövrü əhalisinin həyat tərzi, təsərrüfat fəaliyyəti barədə məlumat verir.




Ana səhifəyə qayıt        Baxış: 1 095          Tarix: 3-07-2017, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma