Xəbər lenti
 

Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm...
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara,
qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara”.
 
Mərhum xalq şairi Cabir Novruzun vaxtilə qələmə aldığı bu sətirlər hələ də öz aktuallığını qoruyur. Hələ də bir çox dəyərli dirilərimiz öz adlarına layiq mükafatlarını alması üçün öləcəyi günü gözləyir. Azərbaycan Ordusunun ehtiyata buraxılmış polkovniki Rəşad Həsənov da “toydan sonra nağara” səadətini gözləməyə məhkum edilmiş zabitlərimizdəndir. 
 
Rəşad Həsənov 22 il orduda xidmət edib. Onun 17 ilini döyüş zonasında keçirib. Bildirdiyinə görə, ən ağır döyüşlərə qatılıb və bu uzun müddət ərzində qüsursuz xidmətilə seçilib. Hətta aldığı 9 medaldan 4 məhz qüsursuz xidmətinə görə verilib: 1-cı, 2-cı və 3-cü dərəcəli Qüsursuz xidmətlərə görə medalları, Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal. Bundan əlavə, Cəbrayılın və Qubadlının azad edilməsinə görə medallarla mükafatlandırılıb. Bütün bunlara baxmayaraq, Rəşad Həsənov haqq etdiyi mənzillə təmin olunmur. “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il arixli 569 nömrəli Fərmanına əsasən 2014-cü il tarixdə 20 il xidmət müddətim bitdiyi üçün evlə təmin olunmalı idim. Lakin bugünədək mənzillə təmin olunmamışam. Halbuki həmin Fərmandan irəli gələn tələblərə əsasən, mənzillə təmin olunanların siyahısına ilk növbədə qüsursuz xidməti (22 il qüsursuz xidmətim var), döyüş əməliyyatlarında iştirakı (Vətən müharibəsində iştirak edib xəsarət almışam), rütbəsi (polkovnik rütbəsindəyəm), tutduğu vəzifələri (iki ordu birliyində mühüm vəzifədə xidmət etmişəm), yaşayış şəraiti (yaşayış şəraitim çox acınacaqlıdır) nəzərə alınmalıdır”, - R.Həsənovun Ovqat.com-a göndərdiyi məktubda belə deyilir.


 
Şikayətçinin Maliyyə Nazirliyinə göndərdiyi məktuba aldığı cavab isə absurdluğu ilə seçilir: “Bildiririk ki, "Hərbi qulluqçuların statusu haqqinda" Azərbaycan Respublikası Qanununun “28 Həlak olmuş (ölmüş) hərbi qulluqçuların allələrinin yaşayış sahələri ilə təmin edilməsi" maddəsi üzrə təsbit olunmuş muddəaya, habelə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrnin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 2011-ci 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın 21 dekabr 2021-ci il tarixli iclasının Protokoluna əsasən sozügedən Fərmanın əhatə dairəsinə duşən şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin növbədənkənar mənzilləriə təmin edilməsi siyahısı nəzarə alınmadığı halda mənzil növbəsində Sizin sıra nömrəniz 864-dür”.

Ehtiyatda olan polkovnik bu absurd şərtlərə belə cavab verir: “Maliyyə və Müdafiə Nazirliklərinin mənzil komissiyasına sual vermək lazımdır ki, daha nə etməliydim ki, mənə mənzil verilsin? Şəhid olmalı idim? 17 il döyüş bölgəsində xidmətim, Vətən müharibəsində iştirakım və müharibədə xəsarət almağım və çətin yaşayış şəraitim bəs etmirmi? Onsuz da sağlamlığını itirmiş canlı şəhidəm”.
 
Rəşad Həsənov hazırda Astara rayonunda 2 saylı hərbi şəhərcikdə yaşayır. Yəqin ki, onunla bərabər çoxsaylı hərbçilərimizin ailəsi də bu şəhərcikdə məskunlaşıb. Şəhərcikdəki binaların vəziyyəti isə heç dilə gətiriləsi deyil: “Hal-hazırda yaşadığım binanın dam örtüyü bərbad vəziyyətdə olduğu üçün yağan yağışlar birbaşa mənzilimə damır. Binanın kanalizasiya sistemi olmadığı üçün üfünət iyindən nəfəs almaq olmur... Sizə bu məktubu yazarkən Allaha yalvarıram ki, yağış yağmasın”.

 
 
Rəşad Həsənov Ovqat.com vasitəsilə Ali Baş Komandan İlham Əliyevə və I Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edib. Müraciəti olduğu kimi dərc edirik:
 
“Hörmətli Ovqat.com, Sizin vasitənizlə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinc vitse Prezidenti Mehriban Xanım Əliyevaya müraciət edirəm və köməklik göstərilməsini artıq dərəcədə xahiş edirəm.
 
Mən hal-hazırda Astara şəhərində yerləşən 2 saylı hərbi şəhərcikdə yaşayıram. Həmin şəhərcikdəki bərbad vəziyyətlə bağlı müxtəlif vaxtlarda bütün dövlət orqanlarına mütaciət etmişəm. Lakin heç bir tədbir görülməmişdir. Düzünü desəm ki, çox acınacaqlı vəziyyətdə yaşayıram. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il arixli 569 nömrəli Fərmanına əsasən, 2014-cü il tarixdə 20 il xidmət müddətim bitdiyi üçün evlə təmin olunmalı idim. Lakin bugünədək mənzillə təmin olunmamışam. Halbuki həmin Fərmandan irəli gələn tələblərə əsasən, mənzillə təmin olunanların siyahısına ilk növbədə qüsursuz xidməti (22 il qüsursuz xidmətim var), döyüş əməliyyatlarında iştirakı (vətən müharibəsində iştirak edib xəsarət almışam), rütbəsi (polkovnik rütbəsindəyəm), tutduğu vəzifələri (iki ordu birliyində mühüm vəzifədə xidmət etmişəm), yaşayış şəraiti (yaşayış şəraitim çox acınacaqlıdır) nəzərə alınmalıdır. Maliyyə və Müdafiə Nazirliklərinin mənzil komissiyasına sual vermək lazımdır ki, daha nə etməliydim ki, mənə mənzil verilsin? Şəhid olmalı idim? 17 il döyüş bölgəsində xidmətim, Vətən müharibəsində iştirakım və müharibədə xəsarət almağım və çətin yaşayış şəraitim bəs etmirmi? Onsuz da sağlamlığını itirmiş canlı şəhidəm.
 
Hal-hazırda yaşadığım binanın dam örtüyü bərbad vəziyyətdə olduğu üçün yağan yağışlar birbaşa mənzilimə damır. Binanın kanalizasiya sistemi olmadığı üçün üfünət iyindən nəfəs almaq olmur. Maliyyə Nazirliyinə mövcud vəziyyətlə bağlı müraciət etdim, lakin onlar cavab məktubunda mənim siyahıda adımın 864-cü olduğumu bildirirlər. Sonradan telefonla əlaqə saxlayandan sonra bildirdilər ki, siyahı Müdafiə Nazirliyi tərəfindən hazırlanır. 8 ildir ki, mənzil gözləyirəm, amma yenə siyahıda 864-cü adamam. Azərbaycan Respublikası Prezidentinin Fərmanına və qanunvericiliyin tələblərinə əsasən polkovnik rütbəsində olduğuma və ailə sayına görə mənə 4 otaqlı mənzillə təmin ounmalı idim.
 
Sonda sual verirəm: Maliyyə və Müdafiə Nazirliklərinin vəzifəli şəxslərinin ailələrinin belə şəraitdə yaşamaqlarına razı olardılarmı?
 
Sizə bu məktubu yazarkən Allaha yalvarıram ki, yağış yağmasın. İnanıram ki, kömək edəcəksiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm. 
 
Hörmətlə, ehtiyatda olan polkovnik Rəşad Həsənov
 
Astara şəhər sakini”




Ana səhifəyə qayıt        Baxış: 5 271          Tarix: 9-02-2022, 15:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma