Xəbər lenti

Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda böyük sosial dəstək paketi icra olunur. Şəhid ailələri və qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət artıq 100 min şəxs bu dəstək tədbirləri ilə əhatə olunub və onlara dəstək yönümlü 175 min xidmət göstərilib.

Mövzu ilə bağlı "Report"un məqaləsini təqdim edirik.

Ötən dövr ərzində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin sosial təminat hüquqlarının çevik şəkildə reallaşdırılması təmin olunub. Onların müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac qalmadan bu sənədlər aidiyyəti qurumlardan alınıb və e-sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Hazırda şəhid ailələri və bu kateqoriyadan olan vətəndaşlarla bağlı geniş sosial dəstək paketi icra olunur. Bu paket çərçivəsində Vətən müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işləri davam etdirilir. Göndəriş və şəhadətnamə, əyani müayinənin nəticələri əsasında qəbul edilən şəffaf və obyektiv qərarlar nəticəsində artıq 3 000-dək şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və sosial ödənişlər təyin edilib.

Həyata keçirilən tədbirlər fonunda bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına etiraz aksiyası keçirməyə gələnlərlə bağlı məsələni araşdırdıqda bir neçə fakt ortaya çıxır.

Nazirlikdən verilən məlumata görə, etiraza gələn qazilərin də bir qisminə əlillik və sosial ödənişlər təyin edilib. Bununla belə onlar qazi yoldaşlarına dəstək məqsədilə gəldiklərini, həmin qazilərə əlillik təyin olunmasını tələb etdiklərini bildiriblər. Onlara izah olunub ki, barəsində təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də əyani müayinə zamanı hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas yaratmadığı müəyyən olunan şəxslərə əlillik dərəcəsi təyin edilə bilməz.

Lakin aksiya zamanı nazirliyin əməkdaşlarının onları dinləməsinə, müraciətlərinin araşdırılaraq cavablandırılacağını bildirilməsinə baxmayaraq, bəzi qazilər zorakılıq tətbiq edib, nazirliyin qəbul şöbəsinin qapısını, pəncərələrini qıraraq, kompüter avadanlıqlarını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar.

Aksiyanın təşkilatçılarından olan Hacı Vəliyev ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar II dərəcə əlillik təyinatı aparılıb, II dərəcə əlilliyinə görə 6 600 manat sığorta ödənişi edilib, Prezidentin aylıq təqaüdü (350 manat) və əlilliyə görə pensiya (617 manat), ümumilikdə 967 manat aylıq sosial ödəniş təyin edilib. “YAŞAT” Fondu tərəfindən isə 10 000 manat maddi yardım da göstərilib. Səhiyyə Nazirliyi tərəfindən H.Vəliyev psixoloji reabilitasiyaya cəlb olunub, habelə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində israilli həkim tərəfindən oftalmoloji xidmətlə təmin olunub. Atası əmək pensiyaçısıdır, qardaşı isə əmək müqaviləsi ilə ödənişli ictimai işlərə cəlb edilib. H.Vəliyev özü təklif olunan məşğulluq xidmətlərindən imtina edib.

Aksiyanın təşkilatçısı olan digər Vətən müharibə iştirakçısı Qadir Cəfərov isə əlillik vəziyyətində olmadığı halda ona əlillik təyin edilməsini tələb edir. Ötən ay o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gələrək onun əlillik vəziyyəti ilə bağlı verilmiş qərarı dəyişmək məqsədilə təhdidedici hərəkətlər edib, özünə xəsarət yetirməklə komissiyaya təzyiq göstərməyə çalışıb.

Ötən dövr ərzində H.Vəliyev və Q.Cəfərov tez-tez bəzi qaziləri ətrafına cəlb edərək müxtəlif dövlət qurumları qarşısında (ASAN Xidmət, Azərsığorta, ƏƏSMN və s.) etiraz məzmunlu aksiyalar keçirib. Mənfi rəy yaratmaq üçün mövzu axtarışına çıxan bəzi sosial şəbəkə səhifələrinə müsahibələr verərək dövlət qurumları ilə bağlı əsassız ittihamlar, hökumət tərəfindən müharibə iştirakçılarına guya biganə, qayğısız yanaşıldığı barədə ictimai rəy yaratmağa yönələn fikirlər səsləndirir...

Halbuki müxtəlif dövlət proqramlarının əhatə dairəsinin günü-gündən genişlənməsi şəhid ailələri və qazilərin problemlərinin daim Azərbaycan dövləti tərəfindən diqqətdə saxlanılacağına əminlik yaradır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, müəyyən proseslərdə qeyri-ixtiyari ləngimələr ola bilər, dəqiqləşdirilməyə ehtiyac yarana bilər. Belə hallarda da qalib ölkənin qazisinin təmkinli davranışı hər kəsə yalnız başucalığı gətirər.

Təəssüf ki, bu gün baş vermiş hadisə hüquqi müstəvidə də araşdırmanı zəruri edir, çünki istənilən halda dövlət idarəsinə bu formada hücum yolverilməzdir.

Hamımızın çıxarmalı olduğumuz qənaət isə birdir - zorakılıq halları heç vaxt çıxış yolu olmayıb və olmayacaq.



Ana səhifəyə qayıt        Baxış: 2 512          Tarix: 2-06-2022, 23:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma