Bakının Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü, 4 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Report-un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza üç avtomobilin toqquşması nəticəsində baş verib. Yol ilə hərəkətdə olan KamAz markalı qoşqulu yük maşınının sürücüsü yuxulayaraq öndə gedən digər KamAz-a, ən sonda gələn “Mersedes” markalı mikroavtobus isə qoşqulu yük maşınına arxadan çırpılıb.
Mikroavtobusun sürücüsü Elturan Fərəcovun sözlərinə görə nəqliyyat vasitəsində onunla birgə ümumilikdə 9 nəfər olub:
"Sərnişinlərdən 3-ü ölüb. 4 nəfər, həmçinin bir qadın və onun övladı ağır vəziyyətdə Ələt qəsəbəsindəki xəstəxanaya aparılıb. Avtobusdakıların hamısı qohum idi, Dağıstan Respublikasının Xasavyurt şəhərinə işləməyə gedirdilər. Mənimlə yanaşı daha bir kişi sərnşin xəsarətsiz ötüşüb. Onların hamısı Astaradandır".
Ölənlər 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur.
Faktla bağlı araşdırma aparılır.
***
Səhər saatlarında Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzasında ölən 3 nəfərin və yaralananlardan ikisinin şəxsiyyəti müəyyənləşib.
1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu və 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu qəza nəticəsində ölüb.
Həmçinin qəza nəticəsində yaralanan 4 nəfərdən ikisinin adı məlum olub. Bunlar Qəhrəmanova Aqilə Canhəsən qızı və Əliyev Zaurdur. Yaralılardan birincisi Qaradağ xəstəxanasına, ikincisi isə 1 saylı Mərkəzi Klinik Xəstəxanaya yerləşdiirilib. Digər iki yaralının xəsarətləri yüngüldür. Onların adı hələ ki məlum deyil.
***
Fövqəladə Hallar Nazirliyi Salyan rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mersedes” markalı mikroavtobusun KamAZ markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:00-da başa çatıb.
Paylaş: