Dövlət Sərhəd Xidmətinin Aparatında general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə təntənəli mərasim keçirilib.
DSX-dən Publika.az-a verilən məlumata görə, mərasimdə dövlət himni səsləndikdən sonra həyatının 46 ilini sərhəd mühafizəsi işinə həsr etmiş general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunması barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları şəxsi heyətə çatdırılıb.
3-cü dərəcəli «Vətənə xidmətə görə» ordenini və xatirə hədiyyəsini general-mayor Akif Şəfiyevə təqdim edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev onu təbrik edərək müstəqil Azərbaycanın Sərhəd Mühafizəsinin formalaşmasında və inkişafında, gənc sərhədçi nəslinin hazırlanmasında səmərəli fəaliyyətinə görə təşəkkür edib.
Tədbirdə çıxış edən general-mayor Akif Şəfiyev yüksək dövlət mükafatına layiq görüldüyünə, ali diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıq edib, mənalı sərhədçi həyatı yaşadığına görə özünü xoşbəxt hesab etdiyini, bundan sonra da ölkəmizin tərəqqisi və inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini bildirib.
Paylaş: