Xəbər lenti

 

Azərbaycan ordu generallarından bəzilərinin naxırçıbaşı olduğu barədə məlumat yayılmışdı. Məlumata görə, peşəkar ordu quruculuğu adı altında xidmətə cəlb olunan MAXE-lər bu fermalarda hərb sənətindən çox, çobanlıq sənətinin sirlərinə yiyələnirmişlər. 

 

Sən demə, Naxçıvan Əlahiddə Ümum Qoşun Ordusundakı vəziyyət də Azərbaycanın Silahlı Qüvvələrindən çox fərqlənmirmiş. Təhlükəsizlik səbəbindən adını açıqlamadığımız MAXE-lərdən birinin redaksiyamıza ünvanladığı məktuba inansaq, Naxçıvandakı ordu hissələrində nəinki xanlıq, hətta fironluq qanunları hökm sürür. “Bizi Misir qulları kimi hərbi hissələrdəki tikintilərdə işlədirlər. Hər gün səhər saat 7.30-dan işə gedir, axşam saat 20.00-yə qədər çalışırıq. İnanın, bizim bu halımız Misir ehramlarını inşa edən qulların vəziyyətindən fərqli deyil. Sözün həqiqi mənasında qul kimi yaşayırıq”.

 

Şikayətçinin iddiasına görə, II Qarabağ döyüşləri bitəndən sonra onların həyatlarının köləlik dövrü başlayıb: “Bəzən adama elə gəlir ki, bizi qəsdən belə ağır şəraitdə işlədib hərbi xidmətdən könüllü getməyimizə nail olmaq istəyirlər. Sanki bizə dolayı şəkildə deyirlər ki, müharibə bitdi, sizə ehtiyacımız qalmadı. Ya orduda qalıb Misir kölələri kimi inşaatlarda işləyəcəksiniz, ya da öz xoşunuzla ordudan ayrılıb evinizə gedəcəksiniz”.

 

Müharibədən sonra Naxçıvan MAXE-lərinin maaşı da xeyli azalıb. Əvvəl 900 manat alır və həqiqətən də hərbçi kimi xidmət göstərirdilər. İndi isə hardasa 12 saat tikintidə işlədikləri halda aylıq məvacibləri 650 manata enib. Ən pisi isə odur ki, “peşəkar ordu”nun bu əsgərləri hərbi hissəyə aid iş yerlərini öz hesablarına təmir edirlər. Dolayısıyla aldıqları maaşın bir hissəsi də məcburi təmirə gedir.

 

Digər bir mənbədən aldığımız məlumata görə, Naxçıvan Əlahiddə Ümum Qoşun Ordusundakı bu köləlik sisteminə Kərəm Mustafayevin qardaşı Nemət Mustafayev baxır. Nemət Mustafayevin heç bir rəsmi vəzifəsi olmamasına baxmayaraq, ordunun texniki təchizatına o nəzarət edir. Bundan əlavə, hərbi qulluqçularının öz xidməti vəzifələrinə yerləşdirilməsi də onun ixtiyarındadır. Məşhur atalar sözündə deyildiyi kimi, Nemət müəllimin hər sözü "oho"dur; hansı əsgəri istəyir sözün həqiqi mənasında dağa (ön cəbhəyə) qaldırır, kimi istəyir, dağdan endirir. 

 

Nemət Mustafayevin bizim bəzi generallar kimi “naxırçıbaşlığı” da varmış. Hətta onun naxırçı ünü Ukraynaya qədər gedib çatıb. İddialara görə, Ukraynanın Odessa vilayətində Mustafayevlərə aid fermalar fəaliyyət göstərir.


Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 7 054          Tarix: 23-07-2022, 00:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma