Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2017-ci ilin I yarımilliyində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
APA-nın xəbərinə görə, Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, 2017-ci ilin birinci yarısında müxtəlif xətalar törətmiş 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub.
Tələb edilib ki, şəhər prokurorluğunun bütün struktur qurumlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.
Bakı şəhər prokurorunun müavini Azər Əsgərov, Bakı şəhərinin rayon prokurorları hesabat dövründə görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.
Müşavirədə işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib və şəhər prokurorluğunun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.
Əməliyyat müşavirəsində inam ifadə olunub ki, prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən şəhər prokurorluğu orqanları bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə Bakı şəhərində ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcək
Paylaş: