Bakının Xətai rayonunda yerləşən məşhur “Bravo” hipermarketinə silahlı hücumla bağlı daxili kameralardan yayılan kadrlar bəzi ilkin qənaətlərə yol açır.
Axar.az xəbər verir ki, hücum edənlərin iki nəfər olduğu, birinin tapança, digərinin isə avtomatla (niyə avtomat olmalıdır?) silahlandığı görünür.
Hücum marketə olmayıb, “Bravo” marketlər şəbəkəsinin çıxışında quraşdırılan bankomatlardan birində bank əməkdaşlarının vəsaitlə bağlı əməliyyatı zamanı edilib. Başqa sözlə, hücum bank işçilərinə olub, həlak olan və yaralanan da bank işçiləri - mühafizəçi və əməliyyatçıdır.
Ən ciddi diqqət çəkən isə hücum edənlərin aqressivliyidir. Cinayətkarlar hədə-qorxu gəlmədən, pul tələb etmədən birbaşa mühafizəçinin başına atəş açır və onu qətlə yetirməkdə israrlı davranırlar.
Adətən soyğunçu və qarətçilər qətldən qaçmağa çalışırlar, burada isə birbaşa qətl törətmək meyli görünür.
Daha sonra isə pul çantasını yarımçıq halda götürüb qaçırlar və onu doldurmağa tələsmirlər. Bunu isə digər cinayətkar edir – birinci hücum edən qətli törətdikdən sonra dərhal uzaqlaşır.
Halbuki qarətçilər adətən sona qədər birgə hərəkət edir və daha çox pul götürməyə çalışır.
Hər şey araşdırmalardan sonra, istintaq əməliyyatları nəticəsində meydana çıxacaq və cinayətkarların da yayınacağı ehtimalı sıfra bərabərdir. Yalnız bu hadisənin soyğunçuluq olma ehtimalı şübhəlidir. İlkin təsəvvürə görə, cinayətkarların məqsədi böyük səs-küy yaratmaq və qətl törətməkdir.
Bu hadisənin arxasından xarici xüsusi xidmət orqanlarının çıxacağı ehtimalını da istisna etmək olmaz. Avtomat silahın orda görünməsi təsadüf deyil və bu, 27 yanvarda Tehran səfirliyimizə hücumla assosiasiya olunur.
Paylaş: