Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.
TNS xəbər verir ki, həmin qərarda ciddi qanun pozuntusu var. Yol verilən nöqsanı təhlil etməzdən əvvəl qərarı olduğu kimi təqdim edirik:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası 2023-ci il may ayının 16-da saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilsin:
1. Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi;
2. “Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi;
3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;
4. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavininin seçilməsi;
5. Cari məsələ.
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.
Ali Məclisin sessiyalarının çağırılması Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsi ilə tənzimlənir. Konstitusiyanın 18-ci maddəsinin birinci bəndində yazılıb: “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il iki növbəti sessiyaya yığılır”.
Muxtar respublikanın Əsas Qanununun 2-ci və 3-cü bəndlərində isə növbədənkənar sessiyanın çağırılması qaydaları öz əksini tapıb: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyaları Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən çağırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir”.
Ali Məclisin sessiyaları adətən payız və yaz sessiyaları kimi, ilin əvvəlində və sonunda çağırılır. Zərurət yarandıqda isə Ali Məclis Konstitusiyaya uyğun olaraq, növbədənkənar sessiyalar çağıra bilər.
Ali Məclisin sonuncu sessiyası bu il yanvarın 10-da keçirilib. Elə həmin gün də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası öz işini başa çatdırıb. Növbəti sessiya isə ya bu ilin üçüncü rübündə, ya da ilin sonunda keçirilməlidir. 2023-cü ilin ortalarında muxtar respublikanın büdcəsinə yenidən baxılması zərurəti yaranacağı ehtimalını nəzərə alsaq, deməli, bu ilin ikinci yarısında Ali Məclisin növbəti sessiyası çağırılacaqdır. Əvvəldə qeyd etdiyimiz kimi, Konstitusiyada il ərzində iki dəfə sessiyanın çağırılması öz əksini tapıb. Bu məntiqlə götürsək, bu gün çağırılan növbədənkənar sessiyadır. Ona görə də Ali Məclisin sessiyasının deyil, növbədənkənar sessiyasının çağırılması haqqındaa qərar qəbul edilməli idi. Konstitusiyaya görə, növbədənkənar sessiyalarda cari məsələlər müzakirə olunmur. Bu gün imzalanan qərarda isə mayın 16-da keçiriləcək sessiyada cari məsələlərin müzakirə olunacağı bildirilir.
Göründüyü kimi, bu qərarı hazırlayan Ali Məclisin aparatı, qərarı imzalayan Ali Məclis sədrinin birinci müavini ya ciddi qüsura və qanun pozuntusuna yol verib, ya da Ali Məclisi çox çətin vəziyyətə salıb. Çünki əgər bu normal sessiya kimi keçirilərsə, Ali Məclisin növbəti sessiyası 2024-cü ildə çağırılmalıdır. Bu zaman isə bir sıra sual ortaya çıxır. Hələ ilin heç 5 ayını başa vurmamışıq. İlin sonuna qədər təsdiqlənməli qanun və qərarlar olarsa, Ali Məclis nə edəcək? Azərbaycan Respublikasının dövlət büdcəsinə yenidən baxılacağı ilə bağlı məlumatlar var. Bu da o deməkdir ki, iyun-iyul aylarında Naxçıvan Muxtar Respublikasının da büdcəsinə yenidən baxılması zərurəti yaranacaq. Belə olan təqdirdə Ali Məclisin növbədənkənar sessiyası çağırılacaq?
Görünən odur ki, Ali Məclisin aparatı ya bu suallar barədə düşünməyib, ya da aparatda bu suallar barədə düşünəcək təfəkkürdə əməkdaş yoxdur. Bəs “muxtar respublikanı mən idarə edirəm” deyib lovğalanan Ali Məclisin aparat rəhbəri Ülvi Hüseynli hara baxır? Əgər onun Naxçıvanın Konstitusiyasından, qanunlardan xəbəri yoxdursa, o vəzifədə niyə saxlanılır?
Bir qərarı belə düzgün hazırlaya bilməyən, Naxçıvanı çətin vəziyyətə salan Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov və Ali Məclis aparatının rəhbəri Ülvi Hüseynli istefa verməlidir.
Bu fikri bir neçə dəfə sələndirmişik, yenə təkrar edirik. Azər Zeynalov da, Ülvi Hüseynli də yerində olan kadr deyil. Ali Məclisin aparat rəhbəri jurnalist yox, hüquqşünas olmalıdır.
Ümid edirik ki, yeni seçiləcək müavin bütün bu məsələlərə ciddi diqqət yetirəcək, əvvəlki dövrlərdə baş verən qanunsuzluqlar aradan qaldırılacaq. Ali Məclisin aparatına savadlı kadrlar gətiriləcəkdir.
Paylaş: