Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını ehtiva edən təklif irəli sürüb.
Bunu Xankədidəki separatçıların nümayəndəsi Tiqran Petrosyan deyib.
“Bu sənədi iyulun 25-də Lavrov təklif edib. Bunu yayımlayıram ki, ictimaiyyət əslində nə baş verdiyini anlasın”, - separatçı bildirib.
Petrosyan iddia edir ki, Lavrovun layihəsi çərçivəsində Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təmin edilməsinin əsas prinsipləri və parametrləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcək.
Onun sözlərinə görə, layihədə aşağıdakı (ixtisarla) müddəalar yer alır:
- Qanun qarşısında bərabərlik və bərabər hüquqi müdafiə, etnik, linqvistik və ya dini və digər əsaslarla ayrı-seçkiliyin istisna edilməsi;
- Məhkəmədə hərbi cinayətlərdə təqsirli bilinən şəxslər istisna olmaqla, erməni əhalisinin digər nümayəndələrinin təqib edilməsinin, cəzalandırılmasının və hüquqlarının hər hansı formada məhdudlaşdırılmasının qanunvericiliklə qadağan edilməsi;
- Azərbaycan Respublikasının qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının, o cümlədən polis və prokurorluq orqanlarının respublika, rayon və bələdiyyə strukturlarında erməni əhalisinin proporsional şəkildə təmsil olunması;
- Erməni əhalisi ilə bağlı respublika, rayon və bələdiyyə səviyyələrində qərarların işlənib hazırlanmasında və qəbulunda iştirak;
- Dövlət qurumlarında, o cümlədən rəsmi yazışmalarda və işgüzar işlərdə erməni əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrində ictimai yerlərdə Azərbaycan dili ilə yanaşı erməni dilinin də sərbəst istifadəsi, o cümlədən yol nişanlarının, lövhələrin və elanların yerləşdirilməsi.
- Erməni əhalisinin öz dini etiqadını azad şəkildə həyata keçirməsi və dini qurum və təşkilatların fəaliyyət göstərməsi üçün zəruri şəraitin və mülkiyyət toxunulmazlığının təmin edilməsi.
Petrosyan iddia etdiyi layihənin fotolarını da yayımlayıb./Teleqraf.com
Paylaş: