Urmiya gölü qurusa, orada yaşayan 25 milyon əhali qonşu dövlətlərdə sığınacaq axtaracaq.
Bu sözləri Axar.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Urmiya gölünün quruması problemindən danışarkən deyib. Onun sözlərinə görə, Urmiya gölünün quruması ilə orada ekoloji fəlakət başlayacaq:
“Urmiya gölünün quruması nəticəsində bölgədəki əhali əziyyət çəkəcək. Bununla da ekoloji fəlakət başlayacaq. Mən o vaxt bununla bağlı İranın radiosuna da məlumat vermişdim. Urmiya gölünün qurumasının səbəbini araşdırmaq üçün İran prezidenti sərəncam verməliydi. Tehran müəyyən etməliydi ki, Urmiyaya axan çayların istiqamətini kim dəyişdirib? Kim bu çayların qabağını kəsib?
21-ci əsr maliyyə əsridir. Pul vasitəsilə insanlar istədiyi ərazini ala da, quruda da bilərlər. Bizdə Aral gölün qurumasının əsas səbəbi o idi ki, iki nəhəng çayın qabağını kəsdilər, suvarmaya buraxdılar. Urmiya gölündə də eyni situasiyadır. Çayların istiqamətini dəyişiblər, kimisi əraziləri suvarır, kimisi balıq yetişdirir. Süni surətdə yaradılan suvarma həm torpağın, həm də yeraltı suların istiqamətini dəyişdirir”.
Qeyd edək ki, Urmiya gölü artıq bir neçə ildir qurumaqdadır. Gölün ərazisi xeyli azalıb, sahilindəki limanlar quraqlıq səbəbi ilə yox olub.
İran hökuməti bu nəhəng su hövzəsinin bərpası üçün verdiyi vədlərin demək olar ki, heç birinə əməl etmir. Gölün quruması və hökumətin bununla bağlı heç bir şey görməməsi azərbaycanlıların kəskin etirazlarına səbəb olur.
Paylaş: