Xəbər lenti
 
1976-cı ildə institutu qurataranda 9 nəfər prokurorluğa təyinat aldıq. İyul ayında təzəcə Respublika prokruoru təyin edilmiş Abbas Zamanov bizi qəbul etdi. Hər birimizlə fərdi qaydada söhbət edib, tövsiyələrini verdi. İlk təəssüratımız belə idi ki, sanki müəllimlərimiz bizimlə söhbət edirdi.
Stajyorluq müddətini qurtardıqdan sonra məni Masallı rayon prokurorunun köməkçisi vəzifəsinə təyin etdilər. İş yoldaşlarım, müstəntiqlər zarafatla deyirdilər ki, əvvəllər sürücülərin köməkçisi olurdu. Maşının yağını, suyunu dəyiş, təkərin havasını al və s. Prokuror köməkçisi də elə bir şeydir. Heç bir prosessual hüququ yoxdur.
Doğrudan da 60-70-ci illərin prokurorluq işçilərinin yadındadır ki, prokuror köməkçisi qərar qəbul edərkən, çox yerlərdə prokurorun razılığı tələb olunurdu. Mən mənəvi cəhətdən bu “hüquqsuzluğu” qəbul edə bilmirdim. Bütün qanunvericilik aktlarını araşdırdım. Doğrudan da heç bir qanunda prokuror köməkçisi termini yox idi. Yalnız MPM-nin 40-cı maddəsində prokuror köməkçisi ifadəsi var idi. Bir də SSRİ Baş Prokurorunun I müavininin tövsiyyə məktubunda deyilirdi ki, Prokuror köməkçisi, Prokurorun konsitutsion hüquqlarından başqa, bütün hüquqlarına malikdir. Araşdırmalarım davam edirdi... Məlum oldu ki, RSFSR CPM-nin 34-cü maddəsində bu məsələ öz təsdiqini tapıb. RSFSR CPM-nin 34-cü maddəsi belə adlanırdı: “Bu məcəllədəki bəzi adların izahı”:
“Prokuror – SSRİ Baş Prokuroru müttəfiq respublika, muxtar respublika, vilayət prokurorları, rayon-şəhər prokurorları, onların müavinləri və köməkçiləri" 
Azərbaycan Respublikası CPM-də isə bu maddə yox idi. (çox təəssüf ki, həmin norma yalnız 1983-cü iildə Az CPM-ya 23.4 maddə əlavə edilməklə qəbul edildi. “Bu məcəllədə olan bəzi adların izahı”).
1978-ci ildə Respublika Prokurorluğu tərəfindən gənc mütəxəssislərin seminar müşavirəsi təşkil olunmuşdu. Mən də həmin müşavirəyə dəvət olunmuşdum. Müşavirənin sonunda “kimin sözü var?” sualına mən əlimi qaldırdım və söz istədim. Yuxarıdakı fikirlərimi qısa şəkildə məruzə etdim. Sözlərim Abbas Zamanovun diqqətini cəlb etdi. “Yoldaş Məmmədov, xahiş edirəm fikirlərinizi yazılı şəkildə müvafiq şöbəyə təqdim edin” – dedi.
Bu məsələ həllini tapmasa da, seminar-müşavirədən sonra Lənkəran-Masallı zonasında davam edən həlli müşgülə düşən bir çox şikayətlərin yoxlanması Respublika Prokurorluğu tərəfindən şəxsən mənə tapşırılırdı. Astara rayonunda bir qrup vətəndaşın ilyarım sürünən şikayətləri, Yardımlı rayon Meşə Təsərrüfatı idarəsinin fəaliyyətinin yoxlanması və s.
1978-ci ildə Yardımlı rayon Meşə Təsərrüfatının direktoru və rayonun digər vəzifəli şəxslərinin barəsində olan şikayətlərin yoxlanması, Respublika Prokurorunun I müavini Bariginin göstərişi ilə fərdi qaydada mənə tapşırılmışdı. 4 aylıq yoxlamadan sonra məni Respublika Prokurorluğuna dəvət etdilər. Gözləmədiyim halda materialı Abbas Zamanova məruzə etməli oldum. Kabinetə girərkən həyəcanlı idim. Abbas Zamanov ayağa qalxıb əl görüşdü. Diqqətlə məruzəni dinləyib göstərişlərini verdi. “Xahiş edirəm, diqqətli olun və şikayət üzrə bütün vəsadətləri yoxlayın”- dedi.
Onun “xahiş edirəm” sözü məni mütəəssir etdi. 60-70-ci illərin prokurorluq işçiləri ilk dəfə idi ki, amiranə danışıq deyil, olduqca nəzakətlə deyilmiş “xahiş edirəm” sözünü eşidirdi. Düzü, Respublika Prokurorluğunun belə rəftarından sonra, adam öz gözündə böyüyürdü (Bu təkcə mənim fikrim deyildi).
1981-ci ilin avqust ayında A. Zamanov Cəlilabad rayonunda 12 rayon prokurorunun iştirakı ilə 6 aylığın yekunu ilə əlaqədar müşavirə keçirirdi. Müşavirə RPK-nin binasında I katibin kabinetində aparılırdı. Masallı Rayon Prokuroru məzuniyyətdə olduğu üçün iclasda mən də prokuror əvəzi kimi iştirak edirdim.
Prokurorlar bir-bir qalxıb hesabat verirdilər. Gördüyü müsbət işlərdən danışır, nöqsanlardan isə hələ də “xəbərdarlıq” sahəsində işlərinin zəif olduğunu, bu sahədə dönüş yaradacaqlarını bildirirdilər. Xəbərdarlıq institutu 30 noyabr 1979-cu ildə qəbul edilmiş prokurorluq haqqında qanunda öz təsbitini tapmışdı. Xəbərdarlıq barədə nə rəsmi göstərişlərdə, nə də hüquqi ədəbiyyatda samballı fikir yox idi.
Məlum olduğu kimi hər bir hüquq pozuntusuna görə məsuliyyət nəzərdə tutulur. Xəbərdarlıq edilmiş şəxsin təkrar hüquq pozuntusu törətməsinə (və ya törtəməyə meyl etməsinə) görə heç bir hüquqi nəticə nəzərdə tutulmurdu. Bu gün də mən bunu absurd hesab edirəm. Məruzə etmək növbəsi mənə çatanda fikirlərimi dedim və bildirdim ki, nə qədər ki, hesabatda “xəbərdarlıq” qrafası yoxdur, bu sahədə işlərimiz həmişə zəif olacaq. 
Bu sözlərim A.Zamanovun xoşuna gəlmədi. Adətən səbrli, təmkinli, yüksək mədəniyyət sahibi olan A.Zamanov hirsləndi – “Bu nə deməkdir?! Siz məgər hesabat xatirinə işləyirsiniz?! Cavan oğlansan, bu düşüncə tərzi ilə uzağa getmək olmaz! Hesabat xatirinə deyil, əqidə, vicdan xatirinə işləmək lazımdır! Başa düşdünüz?” – mən çox pərt olmuşdum – “Bəli, başa düşdüm” – dedim.
Müşavirədən sonra təcrübəli prokurorlar məni danlayırdılar “Cavan oğlansan, niyə “Don Kixot”luq edirsən? Biz necə məruzə edirdiksə, sən də elə edəydin. Bizdən çox bilmirsən ki?!” – deyirdilər. Yalnız Salyan Rayon Prokuroru Əkbər Zeynalov və Lənkəran Rayon Prokuroru Tələt Qənbərov mənə ürək-dirək verdilər. “Abbas Zamanov kinli adam deyil, narahat olma”. 
Bir həftə keçməmiş Kadrlar İdarəsindən Antonina Santalova mənə zəng etdi: “Yoldaş Məmmədov, təbrik edirəm, Respublika Prokurorunun əmri ilə səni ehtiyat prokurorlar siyahısına daxil etdilər”. Bir müddətdən sonra A.Zamanovun əmri ilə Lənkəran rayon prokurorunun müavini vəzifəsinə təyin olundum. Onu da qeyd edim ki, həmin ilin sonunda "xəbərdarlıq" hesabata əlavə olundu.
Sonralar mən Cəlilabad rayon prokuroru vəzifəsində işləyərkən I katib İbrahim Qurbanov həmin müşavirəni xatırlayaraq söyləyirdi ki, müşavirədən sonra Abbas Zamanov dedi ki, doğrudur, mən o oğlanı danladım, lakin onun yaxşı gələcəyi var.
Abbas Zamanovla axırıncı görüşüm 1984-cü ildə oldu. Məni rayonlardan birinə prokuror vəzifəsinə təyin etmək istəyirdilər. İşləmək üçün rus dilini mükəmməl bilmək lazım idi. Düzü, həm məsuliyyətdən qorxur, həm də rus dilini tələb olunan səviyyədə bilmirdim.  Ona görə də təklif ürəyimcə deyildi.
Abbas Zamanov məni dəvət etdi. Bir qədər söhbət etdikdən sonra (söhbət rus dilində gedirdi) az qala üzrxahlıq edən adam kimi – “Bilirsən, həmin rayonda işləmək üçün rus dilini mükəmməl bilmək lazımdır. Gəl, səni Xarkov şəhərinə “Prokurorların təkmilləşdirilməsi” kursuna göndərim. Kursu bitirənəndən sonra bu məsələyə qayıdarıq” – dedi. Mən həvəslə razılaşdım və həmin kursu əla qiymətlərlə qurtardıq. Kursu qurtaranda A.Zamanov artıq Respublika Prokoruru deyildi. Abbas Zamanov prokurorluğa mədəni rəftar, müraciət forması və davranış qaydaları gətirən insandır... 
Ələmdar Məmmədov 
   Keçmiş prokuror



Ana səhifəyə qayıt        Baxış: 3 639          Tarix: 27-04-2017, 20:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma