Qazaxıstanın Hərbi və Aerokosmik Sənaye naziri Beybut Atamkulov və "KazMunayQaz" Milli Neft-Qaz Şirkətinin rəhbəri Sauat Mınbayev…
Onların adları "Qazaxıstanın gizli milyarderləri" araşdırmasında çəkilir. Araşdırmanı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Mərkəzi(OCCRP) noyabrın 5-də açıqlayıb.
Bu araşdırmanı "Appleby" ofşor hüquq firmasından sızan məlumatlar əsasında hazırlamaq mümkün olub.
Araşdırmaçı jurnalistlər "Meridian Capital" adlanan şirkətin sənədlərinə istinad edərək, bildirirlər ki, 54 yaşlı Mınbayev sıradan bir şəxs deyil, böyük biznes imperiyasının sahibidir.
Bu imperiyaya yalnız neft, qaz sənayesi daxil deyil. Mınbayev və onun tərəfdaşları daşınmaz əmlak, logistika, aviasiya, ərzaq sənayesi kimi sahələrdə də çalışırlar. Bu biznesin milyardlarla dollar dəyəri var. Onlar ABŞ, Avropa, Asiya, Afrika və Avstraliyada fəaliyyət göstərirlər.
Araşdırmaya görə, 2002-ci ildə yaradılan "Meridian Capital" Mınbayevin hakimiyyətdəki mövqeyi gücləndikcə, karyerası irəlilədikcə, daha da genişlənib. Mınbayev 2007-ci ildə energetika naziri təyin edilib, daha sonra neft və qaz naziri olub, 2013-cü ildə isə "KazMunayQaz"a rəhbər gətirilib.
Öz kapitalını gizli saxlamağa çalışan "Meridian Capital"ın sahibləri Bermud adalarını qeydiyyat məkanı kimi ona görə seçiblər ki, bu ofşor zona şirkət sahiblərinə öz adlarını gizli saxlamaq hüququ verir.
Araşdırmaçı jurnalistlər hesab edirlər ki, "Meridian Capital" böyük bir aysberqin görünən hissəsidir. Bu aysberq müxtəlif məkanlarda qeydiyyatdan keçmiş onlarla şirkəti əhatə edir. Əslində şirkət Alyaskadan Afrikaya qədər müxtəlif ölkələrdə enerji daşıyıcıları hasil edir.
Bu şəbəkə həm də Qazaxstanın neft-qaz sektorundakı ən iri müəssisələrə nəqliyyat xidmətləri göstərir.
"Meridian Capital" Rusiyada 14 aeroporta sahib şirkətə nəzarət edir.
«Бизнес-империя» adlanan həmin şirkət Peterburqda "Galeria Mall" adlı ticarət -əyləncə mərkəzini "Morgan Stanley"ə 1,1 milyard dollara satıb. Bu, Rusiyada əmlak bazarında ən bahalı razılaşmalardan biri olub.
Hərbi və Aerokosmik Sənaye naziri Beybut Atamkulovun isə Maltada qeydiyyatdan keçmiş "Centraz Finance Ltd" adlı şirkəti aşkar edilib. Şirkət 1998-ci ildə yaradılıb və hələ də fəaliyyətdədir.
Atamkulov vaxtilə DİN strukturlarında çalışıb. Daha sonra İnvestisiya və İnkişaf Nazirıliyinin məsul katibi olub. 2015-2016-cı illərdə Cənubi Qazaxıstan vilayətinin hakimi olub.
Şirkətin digər rəhbəri isə onun qardaşı Yerlandır.
O, 2002-2007-ci illərdə "Qazaxıstan dəmir yolları" şirkətinə rəhbərlik edib. Şirkətlə bağlı korrupsiya qalmaqalı yaranandan sonra istefaya gedib. Amma onun özünə qarşı ittiham irəli sürülməyib.
Atamkulov qardaşlarının Maltada qeydiyyatdan keçmiş şirkəti şərab istehsalı və satışı ilə məşğul olur.
Azadlıq Radiosunun Qazaxıstan xidməti sözügedən şəxslərin araşdırmaya münasibətini öyrənməyə çalışsa da, hələ ki buna nail ola bilməyib.
Ofşorlarla bağlı son sənədləri Jurnalist Araşdırmaları üzrə Konsorsium (ICIJ) və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Mərkəzi (OCCRP) birgə açıqlayıb. Bu, "Cənnət dosyesi" adlanır. Bu dosye ofşor şirkətlərin 13,4 milyon qeydiyyat sənədlərini əhatə edir.
Araşdırmaçı jurnalistlər dünyanın bir çox ölkələrinin hazırda fəaliyyətdə olan və keçmiş məmurlarının adlarını Kayman, Bermud və Virginiya adaları kimi ofşorlarda qeydiyyatdan keçmiş şirkətlərin sənədlərində tapıblar. Araşdırmanı aparanlar hesab edirlər ki, ofşor şirkətlərin sahibləri bu yolla öz ölkələrində vergi verməkdən yayınmağa çalışıblar.
Azadlıq Radiosunun Qazaxıstan xidməti
Paylaş: