Laçın Məmişov informasiyalarından kompromat kimi istifadə edir
Zabil Həsənov
Ola bilər ki, bu yazı işıq üzü gördükdən sonra onun yazılması motivi başqa cür yozulsun. Amma yazı ilə tanış olan diqqətli oxucu görər ki, bu, bir şəxsə qarşı deyil, onun gündəmə gətirmək istədiyi fikir və ideyalara tənqidi yanaşmadır.
Əvvəlcə onu deyim ki, səviyyəli adam üçün tənqid o qədər də qorxulu deyil və tənqid onun üçün özünə məsafədən baxmağa imkan verən bir yanaşmadır. Tənqid yoxdursa kamilləşmə, mükəmməlləşmə də yoxdur. Burada ancaq bir nüans var, səni tənqid edənin özü hansı intellektə malikdir, yəni ona cavab verməyə dəyər, yoxsa yox?
Hörmətli Məmişov (Laçın) cənabları ( bilirəm ki, onun “bəy” sözündən xoşu gəlmir), şərhlərinin birində məni ciddi tənqidə tuş gətirmişdi. Mən ondan tənqidinin açmasını istəsəm də, nəticəsiz qalmışdı. Amma onun Qurban bəylə debatları tənqidin motivini təxmini olsa da müəyyən etməyə imkan verdi.
Danışığından anlaşılır ki, şəxs kifayət qədər informasiyaya malik birisidir. Amma ondan kompramat kimi istifadə etməyə çalışması yaxşı hal deyil. Sübut; əvvəlcə birisi ilə mehriban danışır və elə ki xoşuna gəlməyən ifadə ilə rastlaşır, başlayır onun keçmişi haqqında faktlar sadalamağa və hədə-qorxu gəlməyə. Bu isə şantajdır.
Bəri başdan onu deyim ki, Məmişov cənabları öz fikirlərini bir tezis üzərində qurub; vaxtilə üzdə olanlarımız xalqı aldadıblar və ona görə də indi xalq onlara inanıb arxalarınca getmək istəmir, əgər onlar səhvlərini etiraf etsə hər şey qaydasına düşəcək.
Deyək ki, Qurban bəy “səhvini” etiraf etdi, hansı ki, bu səhvin nədən ibarət olduğunu mən anlamadım. Əgər Qurban Məmmədovun yerinə o zaman Laçın Məmişov olsaydı, nəyi dəyişə bilərdi? Hər dövürün zamanına uyğun davranış normaları olur və atılan addımların da ona uyğun müsbət və ya mənfi olduğu anlaşılır. Zaman keçdikcə həmin davranışlara verilən qiymətlər də dəyişə bilər. Bunun bir neçə səbəbləri var ki, onlardan biri də o vaxt məqbul hesab edilən fikrlərin sonralar özünü doğrultmamasıdır. Yəni nəzərdə tutulan nəticənin əldə edilməməsidir. Belə hallardan isə heç kəs sığortalanmayıb. Burada heç kəs günahkar deyil. İntellektimizin gücü ona çatıb. Əslində indi hamımız “haqlıyıq” və hamımız günahkarıq. Ona görə haqlıyıq ki, hərənin özünün bir “haqlılıq” meyarı var və çətinə düşəndə onu bir arqument kimi qabağa verir. Ona görə günahkarıq ki, hərənin bir meyarı yox, hamının bir meyarı olmalıdır. Bax, bu bəladan qurtarmaq lazımdır.
Məmişov cənabları vəkillik məsələsində siyasətçini yox, idmançı dostunu müdafiə etməsini onun özünün də idmançı olması ilə izah edir. Eyni məntiqlə Elçibəy də yerini naxçıvanlını qoyub şamaxılıya verməyəcəkdi ki, yaxud Rəhim Qazıyev Qraçovla dostluq edirdi axı. Elçibəyin də, Rəhim bəyin də məqsədləri aydın idi. Onlar bunu vətən naminə edirdilər. Bəs hörmətli Laçın sizin motiviniz nə olub? Vətənin parlamentində siyasətçi əvəzinə idmançı oturtmaq? Şərhlərimin birində də yazmışam, mənim üçün əsas meyar vətənpərvərlikdir. Atdığın addımın, gördüyün işin bu vətənə xeyiri nə olacaq, ən azından vətənə ziyan dəyməyəcəkmi? Azərbaycanlı olan heç bir məşhur alim, heç bir məşhur yazıçı, heç bir məşhur musiqiçi və s. mənim üçün o qədər də dəyərə malik deyil, əgər o vətən üçün bir iş görməyibsə. Özü üçün yaşayanların bu vətənə nə xeyiri dəyə bilər?
“Mən vətən məsələsində atama da güzəşt etmərəm” cümlələri dəyərinə görə yadddaşıma həkk olunub. Ola bilsin ki, onun müəllifi onu nə vaxt işlətdiyini xatırlaya bilməsin. Bu cümlə jurnalist Şahvələd Çobanoğluya məxsusdur. Bax buna deyərəm vətənpərvərlik.
Debatın bir yerində Bütöv Azərbaycan, Böyük Turan ifadələrini illiziya adlandırırsınız. Niyə hamısını demədiniz; Müstəqil Azərbaycan, Bütöv Azərbaycan, Böyük Turan. Elçibəyin ötən əsrin 70-ci illərində işlətdiyi bu ifadələr o vaxt sizin yaşda olanlara da xülya kimi görünürdü. Amma indi müstəqil olan ölkəmizi qoruyub saxlamaq və möhkəmləndirmək əvəzinə ona istehza etmək hansı məqsədə xidmət edir? İstəyirsiniz bunu dərk edin, istəmirsiniz özünüz bilərsiniz. Qarabağ məsələsində istəklərimizi yalnız Bütöv Azərbaycanda tam reallaşdıra biləcəyik.
Daşnaqların ortaya atıqları “Böyük Ermənistan” ideyasını ermənilər niyə xülya saymadılar və zaman keçdikcə nə qədər ərazilərini genişləndirə bildikləri göz qabağında deyilmi?
Deyəsən psixoloq Ziqmund Freydin qeyri-ixtiyari şüur deyimi var, insanın özü də bilmədən qulu olduğu davranışlar sistemi. Bu da iki cürdür; irsiyyətdən gələn (indiki dillə desək daimi yaddaş) və sonradan yaranan (disk yaddaşı). Məncə özü də bilmədən Laçın Məmişov peşəsinin təsiri altındadır. Onun fəaliyyəti özünü reklama bənzəyir. Bu normaldır, amma bunun siyasət meydanına gətirilməsi normal deyil. Bəli, sənə çox şey məlumdursa, buyur işlə; çək, göstər, yay və s. Bu işlərin əhəmiyyəti böyükdür. Sən faktı ver, amma nəticə çıxarmağa tələsmə. Qoy onunla siyasətçilər məşğul olsunlar. Sənin həqiqətlərin hamının həqiqətləri olmaya da bilər.
Nəhayət, şəxsinə də iradım var. Bir dəfə yazışmada təsadüfən “siz” əvəzinə “sən” getmişdi və həmin dəqiqə bunu üzə vurdunuz. İndi, buyurun, deyin görək, Qurban bəyin üzünə “gərək sizi mələdəydim” deməyiniz hansı əxlaq normasına aiddir? Bəlkə bu da hüquqi termindir. Yəqin deyəcəksiniz ki, bunu ümumi dedim və Qurban bəyə aidiyyəti yoxdur.
Əvvəla, debatın əvvəlindən Qurban bəyi onlardan ayırmamısan.
İkincisi, bu milləti “mələdənlər” azdır ki, biri də artıq olsa nə olacaq?
Misal çəkməkdən xoşun gəldiyi üçün, bir misalı da mən çəkim. Rəhmətlik Hikmət Ziyanın bir təmsili var. Əzbərdən bilməsəm də, mahiyyəti belədir ki, bir gün əqrəb daş altından çıxıb qonşusuna deyir ki, heç bilirsən, mən sənə nə qədər yaxşılıq etmişəm. Qonşu da nə qədər fikirləşir, yadına sala bilmir ki, söhbət hansı yaxşılıqdan gedir. Axırda əqrəb özü məsələyə aydınlıq gətirir ki, bəs mənim zəhərli neştərim olsa da bir dəfə də olsun səni sancmamışam.
Nəticəni özünüz çıxarın.
Paylaş: