Xəbər lenti

“Sellofanların, xüsusilə də rəngli olanların, ekologiya və insan həyatına çox böyük ziyanı var”.

Bunu “Report”a plastik qab və sellofan paketlərin ətraf mühitə yaratdığı problemlə bağlı məsələni şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) plastik tullantıların idarə olunması və çeşidlənməsinin təşkili təşəbbüsü çərçivəsində Bakının müxtəlif parklarında plastik qabların toplanması üçün 10-dan artıq konteyner yerləşdirib. ETSN 100-dən artıq konteyneri əhalinin sıx yerləşdiyi ərazilərdə yerləşdirmək niyyətindədir. ETSN-in Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova hətta əhalini bu layihəyə dəstək olmağa, plastik və polietilen tullantılardan yararlanmağı azaltmağa çağırıb.

2017-ci ildə ölkədə “Təmiz Şəhər” ASC-də ümumilikdə 853 ton plastik tullantı emal edilsə də, 100 tonlarla tullantı hələ də paytaxt küçə və parklarını “bəzəyir”. Azərbaycan sellofan paketlərin supermarketlərdə havayı paylanmasını əngəlləyən qanunun qəbul edilməsində ləngiyir. 2011-ci ildən İtaliyada, 2016-cı ildən Hollandiya və Fransada, 2018-ci ildən Türkiyədə polietilen paketlərin istifadəsinə bu və ya digər formada qadağalar qüvvəyə minib. Avropa İttifaqında 2014-cü ildə plastik paket istehsalını 2017-ci ildə 50, 2019-cu ildə 80 faiz azaldılması ilə bağlı qərar qəbul edilib. Qonşu ölkələrdən olan Özbəkistanda isə sellofan paketlərin pulsuz paylanmasını qadağan edən qanun 2019-cu iln yanvar ayından qüvvəyə minəcək.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov

Eyyub Hüseynov “Report”a acıqlamasında problemin öz həllini gözlədiyini bildirib: “İllərdir sellofanların marketlərə pulsuz satışının dayandırılması ilə bağlı fikirlər səsləndirilir. Hətta bununla bağlı müxtəlif layihələr də hazırlanıb. Azad İstehlakçılar Birliyi və “Təmiz Şəhər” MMC “bərk tullantıların idarə olunması”adlı bir layihə həyata keçirməkdədir. Layihədə sellofanların pulsuz paylanmasının dayandırılması məsələsinə də toxunulub.”

Azad İstehlakçılar Birliyi sədrinin sözlərinə görə, bu qərar layihə halında Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim olunub: “Lakin nazirlik layihəni hələ ki dəstəkləməyib. Belə bir qərarın ölkədə qüvvəyə minəcəyi təqdirdə köhnə növ bazar zənbil növlərinin istifadəyə yaralı və keyfiyyətli olacağı da mümkündür”.

Ekoloq İslam Mustafayev mövzunun gündəmə gətirilməsinin tərəfdarıdır: “Bu sahədə müəyyən işlər görülür. Düzgün idarə edilsə, məsələ böyük çətinlik törətməz. Günümüzdə əsas problem ikinci emal məsələsidir. Bəzi sirə, ətir qabları və sair şüşə materiallı qablar var ki, onları ikinci dəfə emala göndərmək lazımdır. Sellofanların istifadəsi məhdudlaşdırılacağı halda, kağız məhsullarından yararlanmaq məqsədəuyğundur. Dünyanın bir çox ölkəsində artıq bu üsula keçiblər. İnsanların düşüncə tərzinin dəyişməsində xeyli iş aparılmalıdır”.

İqtisadçı alim Vüqar Bayramov

Problemin bir sıra iqtisadi sahə ilə əlaqəli olduğunu bildirən iqtisadçı alim Vüqar Bayramov daha ehtiyatli yanaşmanın tərəfdarıdır. Ekspertin fikrincə, məsələnin düşünülməmiş həlli iş yerlərinin ixtisarına gətirib çıxara bilər: “Əgər standartlar müəyyənləşdirilsə, bu həm ekoloji baxımdan təmiz olar, həm də sağlamlığa xeyirli. Zərərli olmayan paketlərin istehsal olunması lazımdır. Sellofan paketlərin istehsalının dayandırılması iş yerlərinin azaldılmasına gətirib çıxaracaq. Əhali sözügedən məhsulun istehsalı ilə məşğuldur və istehsal dayansa, o iş yerləri də bağlanacaq. Ona görə standartların müəyyən olması məqsədəuyğundur. Bu zaman həmin iş yerlərində mövcud vəziyyətə uyğun fəaliyyət davam etdirilər. Həmçinin nəzarətin güclənməsinə ehtiyac var. Yeni standartlara uyğun istehsalın reallaşması çox vacibdir. Ekologiya və Səhiyyə nazirlikləri birlikdə standart paketi hazırlaya bilərlər”.

Jalə Əlisoy 

 




Ana səhifəyə qayıt        Baxış: 1 053          Tarix: 18-06-2018, 17:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma