Xəbər lenti

 

İranda zənginləşdirilmiş uran ehtiyatı 2015-ci ildən sonra ilk dəfə 300 kiloqramlıq limiti keçib. Bu barədə məlumatı Fars Xəbər Agentliyi yayıb. Röyters Agentliyinə açıqlama verən iki iranlı dövlət rəsmisi də məlumatı təsdiqləyib.

Qeyd edək ki, BMT-nin də vasitəçiliyi ilə 2015-ci ildə İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya – K.R.) arasında “Əhatəli Ortaq Əməliyyat Planı” adlı anlaşma imzalanıb. Bu anlaşmaya əsasən İran yalnız dinc məqsədlər üçün yetəcək 3,67 faiz uran zənginləşdirmək hüququna malik olur və maksimum 300 kiloqram urana sahib ola bilər. Daha artıq zənginləşdirilmiş uranı isə Tehran beynəlxalq bazarda sata və əvəzinə təbii uran ala bilər. Eyni zamanda uran zənginləşdirilməsi üçün vacib olan ağır suyu da yalnız 130 ton həcmində saxlaya bilər.

Qeyd edək ki, bu il mayın 8-də prezident Həsən Ruhani anlaşmaya sadiq qalan 5 ölkəyə müraciət edərək müqaviləni qorumaq üçün 60 gün vaxt vermişdi. Həsən Ruhani bildirmişdi ki, anlaşmanın 26 və 36-cı maddələrinə əsasən embarqoların yenidən bərpa edilməsi və tərəflərdən birinin öhdəliyi yerinə yetirmədiyi halda İran nüvə anlaşmasındakı öhdəliklərin hamısından və ya bir qismindən çıxa bilər.

Mayın 15-də İran hökuməti nüvə anlaşmasının bəzi maddələrindən geri çəkildiyini elan edib. Rəsmi Tehran bəyan edib ki, uranın zənginləşdirilməsi və ağır su istehsalı üzərindəki məhdudiyyətlərdən imtina edir. Həsən Ruhani bildirib ki, anlaşmada iştirak edən digər ölkələrə İranın maraqlarını qoruyacaq addımlar atmaları üçün 60 gün müddət veriblər.

Ä°ran uranın zÉnginlÉÅdirilmiÅ ile ilgili görsel sonucu

Sitat: “Əgər nüvə anlaşmasında iştirak edən tərəf ölkələrlə 60 gün ərzində danışıqlar masasında əyləşərsək və neft satışı, bank fəaliyyətləri mövzularında milli mənfəətlərimiz təmin olunarsa, bugünkü vəziyyətə geri dönə bilərik. Ancaq 60 gün ərzində 5 ölkə ilə bir nəticə əldə edə bilməsək, o zaman 3,67 faiz uran zənginləşdirmə ilə bağlı öhdəlikdən imtina edəcəyik”.

Daha sonra isə Tehran zənginləşdirilmiş uran həcmini artırmağa başladığını elan edib. Məsələ ondadır ki, 2015-ci ildə imzalanan nüvə anlaşması İranın ən yaxşı halda nüvə silahı əldə etməsini uzun müddətlik məhdudlaşdırırdı. Mütəxəssislərə görə, 2015-ci il anlaşması İranın hətta istəsə belə nüvə silah əldə etmək üçün bir il çalışmalıdır. Çünki Tehranın əlində sadəcə aşağı səviyyəli 3,67 faiz zənginləşdirilmiş uran vardır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatına görə, ötən həftə İranın zənginləşdirilmiş uranı nüvə anlaşmasında göstərilən həddə, yəni 202,8 kiloqramdan da azı, yəni 200 kiloqram olub. Ancaq bir həftə sonra artıq bu rəqəm 300 kiloqrama çatıb.

İranın bu addımı ABŞ-la yanaşı Avropa ölkələri ilə münasibətləri daha da gərginləşdirəcək. Məsələ ondadır ki, Avropa İranla münasibətləri normallaşdırmaq üçün ötən həftə Avropa Birliyi ölkələri və İran arasında ticarət əlaqələri, eləcə də İrana sərmayə yatıran Avropa şirkətlərinin qorunması üçün İNSTEX alternativ ödəmə sistemini fəaliyyətə keçirib. Ancaq iranlı rəsmilər bu proqramın yetərli olmadığını bildirir.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 498          Tarix: 2-07-2019, 09:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma