Ermənilərə xoş gəlmək istəyənlər yenidən tarixi təhrif edərək Azərbaycana qarşı cəfəng fikirlər söyləyiblər.
İnformasiya texnologiyalarının inkişaf etdiyi, dünyanın bir sıra dövlətləri arasında sərhədlərin götürüldüyü, dövlətlərarası münasibətlərdə münaqişəli məsələlərin dinc yolla həllinə üstünlük verildiyi, mədəniyyətlərarası dialoqdan danışıldığı zamanda bəzi dövlətlər və ya dövlət olmaq istəyənlər hələ də yüz illər əvvəlki hikkə və kinlərini soyuda bilmir, düşmənçiliklərini sürdürürlər.
Belələrindən biri də Kiprin yunan hissəsindəki ərazini idarə edənlərdir. Onların türk millətinə qarşı kini, hikkəsi soyumaq bilmir.
Ötən gün bu ərazinin xarici işlər naziri İoannis Kasulides Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşdə Qarabağın “ermənilərin tarixi ərazisi olduğu"nu bildirib.
Onun iddiasına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib: “Kiprin xarici işlər naziri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səsləndirilən fikirlər Kiprin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və digər beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəlikləri ilə bilavasitə ziddiyyət təşkil edir, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətinin təşviq edilməsinə xidmət göstərir. Onun bu fikirləri ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin danışıqlar yolu ilə həlli prosesinə və regionda davamlı sülhün təmin olunması səylərinə zərər vurur".
Azərbaycan XİN rəsmisi vurğulayıb ki, bu fikirlər Kiprin üzvlüyünü daşıdığı Avropa İttifaqı, ATƏT və Avropa Şurasının münaqişə ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi ilə bir araya sığmır: “Avropa İttifaqının 2016-cı il Qlobal Strategiyasında deyilir: “Dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həll edilməsi Avropanın təhlükəsizliyinin əsas elementləridir. Bu prinsiplər Avropa İttifaqı daxilində və onun sərhədlərindən kənarda olan bütün dövlətlərə şamil olunur”.
XİN sözçüsü bildirib ki, bu kimi ziddiyyətli açıqlama ilə İoannis Kasulides özü-özünü inkar edir: “O, bu il yanvarın 26-da Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində ATƏT-in Daimi Şurasında çıxışı zamanı Kiprin ərazi bütövlüyü, suverenlik və dövlətlərin siyasi müstəqilliyi prinsiplərini qəti şəkildə dəstəklədiyini bildirmişdi”.
Qeyd etmək lazımdır ki, Ermənistanla Kiprin yunan hissəsi arasında beynəlxalq ictimaiyyət üçün naməlum əlaqələr mövcuddur. Son zamanlar Ermənistan rəsmiləri, xüsusilə ölkə prezidenti Serj Sarqsyan, xarici işlər naziri Edvard Nalbandyan və bu günlərdə Vigen Sarkisyan Kirpin yunan hissəsinə tez-tez səfər edirlər.
Mayın 29-da isə Nikosiyada Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla kiprli həmkarı Xristoforos Fokaides hərbi əməkdaşlıq, o cümlədən məxfi informasiyaların qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında razılaşma imzalayıb.
Əslində, Ermənistan və Kiprin yunan hissəsinin bu əməkdaşlığının daha çox Türkiyəyə tuşlandığı istisna edilmir. Elə adanın bir hissəsindəki yunan rəsmilərinin Azərbaycana münasibəti də bundan qaynaqlanır.
Yeri gəlmişkən, kipir yunanları 1963-cü ildə adadakı türklərə qarşı etdikləri soyqırımı haqqında bəzi tarixi faktları yada salmaq istərdik. Həmin il dekabrın 21-də adadakı yunanlar 364 türkü qətlə yetirib, türklərə qarşı soyqırım törədiblər. Bu tarixdə 30 türk kəndi hücuma məruz qalıb. Ümumilikdə isə həmin ilin dekabrında yunanlar türklərin103 kəndini dağıdıb. Bu kəndlərin 8 667 türk sakini öz dədə-baba yurdunu tərk etməyə məcbur olub. Ümumilikdə isə 1963-1974-cü illərdə kiprli yunanların adadakı dinc türk sakinlərə qarşı silahlı hücumları nəticəsində 30 min türk öz yurdundan didərgin düşüb.
Halbuki əldə edilən beynəlxalq razılaşmaya əsasən, Kipr adasının yerli sakinləri olan türklərin də öz milli müqəddəratını təyinetmə hüququ var.
Adadakı türkləri anlaşmanı pozmaqda ittiham edən kiprli yunanlar 2004-cü il aprelin 24-də keçirilən referendumda öz cığal mahiyyətlərini açıb göstərdilər. Kiprin yunan və türk respublikalarının birləşməsi bu siyasi tədbirin mövzusu idi. Səsvermənin nəticələrinə əsasən, türk seçicilərin 64,91 faizi, yunanların isə 24,17 faizi bu ideyanın lehinə səs vermişdi.
Kiprin yunan hissəsi Avropa İttifaqının və ATƏT-in üzvüdür. Türkiyənin ittifaqa üzv olmasını əngəlləyənlərə də onlar başçılıq edir.
Onlar türklərə qarşı kinlərini bu sayaq davranışları ilə həyata keçirirlər.
İki il əvvəlki bir hadisəni də diqqətinizə çatdımaq istərdik. Azərbaycanı Avropa Liqasında təmsil edən "Qəbələ" üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində yunan Kiprinin “Apollon” komandasının qonağı olub. Həmin qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Oyunun sonlarına yaxın "Antonis Papadopulos" stadionunda xoşagəlməz hadisələr yaşanıb. Yerli azarkeşlər Azərbaycan bayrağını təhqir edib. Kiprli fanatlar dövlət rəmzimizi parçalayaraq tribunadan asıblar.
İoannis Kasulidesin ermənilərin xoşuna gələn ifadəni söyləməsi həm də onun təmsil etdiyi etnik qrupun türklərə qarşı kininin təzahürüdür. Azərbaycan tərəfi iqtisadi, mədəni, sosial əlaqələrə üstünlük verib, tarixə çevrilən bir sıra um-küsülüləri unutmağa çalışsa da, qarşı tərəf bu sayaq davranışı ilə özünü unutdurmur. Ona görə də mətləbi uzatmadan yazını Kiprin yunan hissəsinin nazirinin obrazına uyğun gələn Azərbaycanın 3 atalar sözü ilə bitiririk: “Yoldaşını nişan ver, özünü tanıt”,“Qarı düşmən dost olmaz”.
Report.az
Paylaş: