Xəbər lenti
27-11-2024, 19:25

 

Günümüzdə artıq  uşaqlar baba-nənədən nağıl payı istəmirlər. Çünki müasir texnologiya balacaların bu arzusunu anında yerinə yetirir. Amma bizim vaxtımızda uzun qış gecələrində ən sevimli əyləncəmiz nənə-babalarımızın  bizə söylədikləri nağıllar, hekayələr idi. Onları canlı dinləmək, bu səslər altında yuxuya gedib röyada nağılın davamını görmək başqa bir aləm idi.

Babam ədəbiyyat müəllimi işləmişdi. Azərbaycan xalq nağıllarını, folklorunu gözəl bilirdi. Yazıçıların uşaqlar üçün yazdığı hekayələri də çox vaxt nağıl adı ilə bizə danışırdı. Nənəm isə adətən eşitdiyi, sahidi olduğu real hadisələrdən söz açardı. Onun danısdığı hekayələrdən biri  ötən əsrin əvvəllərində baş vermişdi.  Kərbəlayı Ələkbər ağanın böyük qızı, mənim Gülpəri nənəmə isə bu hadisəni faytoncuları Mürsəl kisi danışıbmış.

Nənəmin sözlərinə görə, bir dəfə güclü sel gəlib hasarın bəzi yerlərini   uçurubmuş. Nökər ağanın tapşırığı ilə  bənna çağırmaq üçün getmək istəyəndə Nürsəl kişi onu geri qaytarmış, gəc hazırlayaraq uçan hasarı yenidən tikmişdi. Onun əl işini görənlər "ləp əsil bənna kimi səliqəli tikmisən" deyiblər. Mürsəl kişi "əvvəllər bənna işləyirdim" desə də, əlavə açıqlama verməyibmiş. Amma dəcəlliyi, şirin danışığı  ilə hamının sevimlisi olan nənəm onu dilə tutub hekayəsini öyrənə bilib.

Mürsəl kişi başına gələn qəribə hadisədən heç kimə bəhs etməsə də, nənəmin xahişinə yox deyə bilməyib. Nənəm də uzun illər sonra  onun danışdığı əhvəlatı Mürsəl kişinin adından  bizə söylədi:

 “Mənim rəhmətlik atam bənna idi. Öz sənətini mənə də öyrətmişdi. Lazımlı sənətdi,  hec vaxt adamı ac qoymazdı. Mən çalışıb bu sənətin sirlərini əməlli-başlı  mənimsədim. Məni tez -tez  ev sahibləri çağırar,  əl işimdən razı qalıb əməkhaqqımı artıqlaması ilə ödəyərdilər.

Bur gün işdən sonra həyət qapısının önündə tikdiyim daş kətilin üstündə  oturub dincimi alırdım. İki nəfər cavan oğlan mənə yaxınlaşdı. Bənna Mürsəl olub olmadığımı soruşdular. Başımla təsdiqləyən kimi qoluma girib gəldikləri  faytona oturtdular. Başıma qara torba keçirib susmağımı tapşırdlar. Fayton bir xeyli gedəndən sonra dayandı. Həmin oğlanlar yenidən qoluma girib məni pilləkənlərlə yuxarı çıxartdılar. Qalxdıqca urəyimdə pilləkənləri sayırdım.

Nəhayət, məni bir qapıdan içəri keçirib qara torbanı başımdan götirdülər.  Geniş,  gözəl və bahalı əşyalarla bəzədilmiş  otaqda məni 65-70 yaslarda sərt simalı bir qoca qarşıladı. Kişinin çal qaşları catılmışdı. Amma üzündə qəzəb əvəzinə dərin bir kədər yuva salmışdı. Başında buxara papağı, əlində təsbehi, əynində bahalı parçadan tikilmiş geyimi  vardı. Qoca "İşini gör" deyib, küncdəki kresloda oturdu və qəlyanını yandırdı. Mən dillənmək istəyirdim ki, bayaqkı cavanlar ağzımı açmağa imkan vermədən  məni divarın yanına gətirdilər. Burda  kərpic, qum və mala düzəltmək üçün su, sement qoyulmuşdu.

Mən ətrafa nəzər salarkən  otağın ortasındakı kətildə   oturmuş gənc qıza gözüm sataşdı. Qızın əynində zərxara geyim və başında ağ örpək var idi. Boynundan qalın qızıl boyunbağı  asılmışdı. Qulaqındakı uzun almaz sırğalar lampaların işığında bərq vururdu. Qızın gözəlliyi adamın ağlını başından alırdı. İri, zülmət kimi qapqara gözləri, yanağına kölgə salan uzun kirpikləri, balaca dolu dodaqları  onu mələyə bənzədirdi.  Amma rəngi ağappaq idi. Elə sakit oturmuşdu ki, sanki  meyiti xatırladırdı. Cavanlar qıza yaxınlaşdıar. Qız onları qarşısında görüncə ayağa qalxdı. Oğlanlardan biri qızın əyləşdiyi kətili götirib divardaki enli çıxıntının içinə yerləşdirdi və  onun əlindən tutub kətildə əyləşdirdi. Üzünü mənə tutub "bu çıxıntını kərpiclə hör, üstünü mala ilə ört və  bir az cəld ol"dedi.

 Mən etriraz etmək istəyəndə nə deyəcəyimi anlayıb cibindəki tapançanı mənə doqru tusladı.  Məni  soyuq tər basdı. Onlar qızın üstündəki zinət əşyalarına da toxunmadılar. Divarı necə tikdim,  Allah bilir. Qızın üzünə  baxa bilmirdim. Sanki bu dünyadan köçmüşdü. Nə haray salır, nə də bağışlanmaq üçün yalvarırdı. Soyuq nəzərlərini məchul bir nöqyətə zilləmişdi. Lakin bu halında belə çox gözəldi. Divarın üstündən mala çəkib qurtaran kimi qara torbanı yenidən başıma keçirdilər və qapıdan çıxarıb pilləkənlərlə aşağı düşürtdülər. Sonra özləri də qalxıb  yanımda əyləşdilər.

Fayton dərhal yerindən tərpəndi.  Bir qədər gedəndən sonra torbanı başımdan çıxarıb hədələyərək məni səkiyə itələdilər. Mən ayağa qalxanda fayton artıq küçəni dönüb gözdən itmişdi.

Axşam  coxdan düşmüşdü. Havanın qaralmasına baxmayaraq,  mən təxmin etdiyim yollarla geri qayıtdım. Qarşıma çıxan jandarmaya  məsələni anladıb o ətrafdakı bütün binaları birgə gəzib axtardıq. Pilləkənləri saydığım üçün mərtəbə yadımda idi. Amma nə qədər axtardıqsa həmin mənzili tapa bilmədik. Evə qayıtmaqdan başqa çarəm qalmadı. Evə çatan kimi, üzüquylu yerə döşənib hönkürtü ilə  ağladım. O gündən bənnalığın daşını ataraq faytonçuluğa başladım.

Aradan uzun illərdən çox vaxt keçməsinə baxmayaraq o qızı indiyədək unuda bilməmişəm”.

Nazilə Nəriman

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 354          Tarix: 30-09-2019, 23:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma