Canilər də mərhəmət göstərə bilərmiş
1976 ci-ildə Yevlax rayon prokurorluğunda stajyor idim. Həmin vaxt Yevlax pambıqtəmizləmə zavodunun işçiləri barədə aparılan cinayət işinin istintaqı ilə əlaqədar yerli müstəntiqlər istintaq qrupuna cəlb edilmişdilər. Rayon prokurorluğunda işin bütün ağırlığı baş mustəntiq Əziz Səlimovun üzərinə düşürdü. Onun icraatında 20-ə qədər cinayət işi, stajyor olmağıma baxmayaraq mənim icraatımda isə 5-6 cinayət işi var idi.
Bir gün milis şöbəsindən xəbər verildi ki, iki nəfərin həyatına qəsd olunub. Əvvəllər 14 il məhkum həyatı yaşamış Eldar Agayev yetkinlik yaşına catmamış oğlu Etibarı da cinayətkar fəaliyyətə cəlb edərək, arvadı ve onun iş yoldaşı olmuş bir kişini balta ve bıcaqla çoxsaylı xəsarət yetirməklə, hər ikisini xüsusi amansızlıqla öldürməyə cəhd etmişdilər. CM-nın 15,17,94 maaddəsi ilə başlanılmış cinayət işində ilkin istintaq hərəkətləri Əziz Səlimov tərəfindən yerinə yetirildikdən sonra işin istintaqını mən aparmalı oldum.
Başqalarından fərqli olaraq Eldar Ağayevə insani münasibət göstərirdim. Dindirilmə zamanı istəyəndə siqaret verirdim, çay hazırlayıb içəndə ona da bir stəkan süzürdüm. Hətta bir dəfə otağima yemək gətizdirib onunla birlikdə yemək də yemişdim.
Ekspertizaların nəticələri ilə onu tanış edirdim. Milis işcilərini çölə cıxarmışdım. Cinayətin aləti kimi götürülmüş balta və uzuntiyəli çörək bıcağı stolun üstündə idi. Mən başı aşağı yazırdım. Birdən bağırtılı səs eşitdim.
-Götür onu! Götür onu!
Eldar maddi sübutlara əlini uzadaraq qışqırırdı. Səsə qapının dalında dayanmiş milis işçiləri içəri girdilər. O, əllərini qandallanmaq üçün uzadaraq qışqıra-qışqıra milis işçilərinə dedi:
-Siz məni kafir etmək istəyirsiniz?! Bu uşaqı tək qoyub hara getmisiniz?
Onun siması tamam dəyişmişdi. Gözlərində qeyri-adi parıltı var idi. Ağzı köpüklənmişdi. Nə gizlədim, çaşıb qalmışdım. Prokuror Cahangir Nəsirov, müstəntiqlər Əziz Səlimov və Tapdıq Seyidov məni bərk danladılar. Belə residivistlə otaqda tək qalmaq olar?!
Səhərsi günü dindirməni davam etmək üçün milis idarəsinə getdim. Eldar dindirmə zamanı dedi ki, iki dəfə məni balta ilə vurub qacmaq istəyib. Lakin duz-çörəyi tapdalamayıb. Özünü saxlaya bilməyəcəyini görüb qışqır-bağır salıb.
O, mənə məhkum həyatından epizodlar danışdı. Tayqada cəza cəkərkən balta-bucaq atmağı saatlarla məşq edirmiş. 10-15 metrdən hədəfi dəqiq vururmuş. Sonra o, mənə nəsihətlər verməyə başladı:
-Cavansan, təcrübəsizsən, mənim kimi cinayətkarla otaqda tək qalmaq olmaz.
Mən onun "nəsihətlərini"hec vaxt unutmadım.
Doğrudanda hətta canilərin də qəlbində mərhəmət hissi olarmış.
Bir müddətdən sonra məni Masallıdaki istintaq qrupuna göndərdilər. Həmin cinayət işini Əziz Səlimov yekunlaşdırdı. Sonradan eşitdim ki, Ali Məhkəmənin hökmü ilə Eldar Ağayev 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib
ƏDALƏTİN MİLLİYYƏTİ YOXDUR
Lənkəran rayon prokurorunun müavini vəzifəsində işləyərkən, 1984-cü ilin avqust ayında məni Xarkov şəhərinə ixtisasartırma kursuna göndərdilər. İxtisasartırma kursunda Qafqaz millətindən yeganə adam idim. Məzunlar əsasən yaşlı adamlardan ibarət idi. Kursda Tomsk, Omsk, Xabarovsk, Piyatkorks kimi böyük şəhər prokurorları da iştirak edirdilər.
Yataqxana ilə tədris korpusu eyni binada yerləşirdi. Xabarovsk şəhər prokuroru Aleksandr Melçakov, Ukraynadan rayon prokuroru İqor İvanov və Belarusiyadan Vilor adlı gənc prokurorlarla bir qrupda oxuyur və yoldaşlıq edirdik.
Bir dəfə şam yeməyindən sonra Aleksandr Melçakov məndən xahiş etdi ki, gedək Paşa ilə şahmat oyna. Sizin saatla şahmat oynamağınız mənim xoşuma gəlir.
Lelinqrad vilayətindən olan Pavel Kazakovd a mənim kimi şahmat üzrə SSRİ idman ustalığına namizəd idi. Pavelin otağına girərkən, onun türmələr üzrə prokuror işləyən Anatoli adlı şəxslə şahmat oynadığını gördük. Anatoli zəif oyunçu idi. Gediş deməklə ona kömək etmək istədim. O, təəcüblə və ikrar hissi ilə mənə baxaraq: "Özünə aid olmayan işlərə burnunu soxma"-dedi.
Həmin vaxtlar lövhəyə baxmadan iki nəfər ilə şahmat oynaya bilirdim. Səmimiyyətlə dedim ki, mən sizinlə lövhəyə baxmadan da şahmat oynaya bilərəm. O yenə mənə acıqla baxaraq:-"Siz yalnız alveri və oğurluğu bilirsiniz. Sənin kimilər məndə türmədə oturur. On ildən sonra sən də onlar kimi məndə türmədə oturacaqsan”, dedi.
Mən gülə-gülə cavab verdim:
- On ildən sonra Respublika prokurorunun müavini olacam, siz mənə qonaq gələcəksiniz və mən sizə əsl Azərbaycanlı qonaqpərvərliyini göstərəcəyəm.
O ayağa qalxıb iki əli ilə məni qəflətən itələdi. Arxadakı çarpayıya yıxıldım. Stolu əlimə götürüb cavab vermək istəyərkən, onun yerdə ağzı-burnu al-qana boyanmış vəziyyətdə uzandığını gördüm. Aleksandr Melçakov onu bərk vurmuşdu. Özünə gəlib ayağa qalxdı və barmağını silkələyərək məni hədələdi. Biz otaqlarımıza dağlışdıq.
Səhəri günü dərsə gedərkən rektorun katibəsi məni çağırdı. “Alik, səndən şikayət var"-dedi və Anatolinin ərizəsini mənə göstərdi.
Ərizəni oxuyarkən dəhşətə gəldim. Xuliqanlıq cinayətinin dispozisiyasını ərizəyə oturtmuşdu. Güya mən sərxoş vəziyyəydə onun otağına gəlib, təhqir edib, millətinə söyüb, sonra da ona xəsarət yetirmişəm.
Katibədən xahiş etdim ki, ərizəni rektora verməsin. Saşa, İqor, Vilor məsələdən agah olub kursun starostasının yanına getdilər. Starosta Tomsk şəhərinin Prokuroru yaşlı adam idi. Hamı ona İvanoviç deyə müraciyyət edirdi. O, bizi dinləyib Anatolinin yanına adam göndərdi ki, ərizəsini geri götürsün. Anatoli razılaşmadı. Düzü, mən çox həyəcan keçirirdim.
İnstitutun rektoru vilayət prokuroru hüququna malik idi. Cəza verə, işçinin orqandan çıxarılması barədə məsələ qaldıra bilərdi. Anatolinin rədd cavabından sonra iyirmi nəfər prokuror protokol tərtib etdilər ki, Anatoli Ə.Məmmədovun millətinə söyüb , ona xəsarət yetirib və hazırda o otağında xəstə vəziyyətdə yatır.
Yaşlı prokurorlardan biri yarızarafat, yarıciddi şəkildə mənə yaxınlaşaraq dedi:
-Alik, gəl, vurum gözünün altı qaralsın ki, hər şey inandırıcı görünsün.
Nümayəndə heyəti Anatolinin yanına gedib, protokolu ona göstərdilər. Onun isə həmin adamlara belə dediyini öyrəndim:
-Siz necə slavyansınız ki, məni qara Qafqazlıya satırsınız".
Amma nə qədər hay-küy salmasına baxmayaraq, kurs yoldaşlarımızı yola gətirə bilmədi. Nəticədə məcbur olub ərizəsini qeydiyyata düşmədən katibədən geri aldı.
Doğurdan da ədalətin milliyəti yox imiş.
Ələmdar Məmmədov
Keçmiş prokuror
Paylaş: