Sabir ƏSGƏROĞLU
“Anadolu” İA, Türkiyə, 26 fevral 2020-ci il
Rusiya Astana sülh prosesini Suriya siyasətində əldə etdiyi ən önəmli diplomatik uğur hesab edirdi. Lakin bu, 2020-ci ilin yanvarından etibarən Dəməşq rejimi güclərinin İrana bağlı milislərlə bərabər, İdlibə yönəlik başlatdığı əməliyyatlarla dəyişdi. Rusiya, İran və Əsəd rejimi güclərindən təşkil olunmuş “Dəməşq cəbhəsi” quru və havadan həyata keçirdiyi müdaxilələr nəticəsində Soçi memorandumu ilə Türkiyənin nəzarətinə buraxılan, M4 (Hələb-Lazkiyə) və M5 (Hələb-Dəməşq) avtomobil yollarının da daxil olduğu İdlibin kənd yerlərinin önəmli bir hissəsini nəzarət altına aldı.
Rusiya İdlib əməliyyatları ilə birlikdə, beynəlxalq təhlükəsizlik problemlərinin həllində konstruktiv siyasət izləyən bir aktyordan daha çox, təhlükəsizlik böhranları yaradaraq xarici siyasət hədəflərinə çatmağa çalışan aktyor kimi davranmağa başladı. Kremlin bu qərarı uzun müddətdə Rusiyanın maraqlarına mənfi yöndə təsir edəcəkdir.
Türkiyə Rusiyanı tərəf kimi qəbul edərək, İdlibə yönəlik hücumların Soçi memorandumunu pozduğunu bildirdi. Rusiya isə Soçi memorandumunu əsil pozanın Türkiyə olduğunu bildirərək, İdlibdəki “terror ünsürləri”nə yönəlik əməliyyalarda Dəməşq rejiminə dəstək verməyə davam edəcəyini açıqladı. Atılan addımların “savaş” xarakteri daşıdığını dilə gətirən Türkiyə isə Soçi və Astana görüşləri və razılaşmaları ilə özünə buraxılan İdlibdəki mövqeyini müdafiə etmək və “Dəməşq cəbhəsi”nin irəliləyişini durdurmaq üçün bölgəyə hərbçilərin və hərbi texnikanın göndərilməsini artırdı. Türkiyənin bu strategiyası İdlibə doğru irəliləyişi durdurdu. Ancaq bu proses eyni zamanda Türkiyə ilə Rusiyanın birbaşa qarşı-qarşıya gəlmə riskini də artırdı. Savaş ehtimalını ortadan qaldırmaq və yaşanan problemi diplomatik vasitələrlə həll etmək üçün Türkiyə və Rusiyanın səlahiyyətli nümayəndələri Moskva və Ankarada bir araya gəldilər. Bu görüşlərdən bir nəticə alınmayınca, iki dövlətin liderləri dövrəyə girdi. Lakin Ərdoğanla Putin arasında keçirilən uzun telefon danışığından da bir nəticə alınmadı.
Enerji siyasətləri
Rusiya İdlibə yönəlik əməliyyatlarını rəsmi olaraq “terrorizmlə mübarizə” adlandırsa da, 2020-ci ilin əvvəlində iki önəmli geopolotik hadisə baş verdi. Bunlardan biri Rusiya ilə Ukrayna arasında imzalanan təbii qaz anlaşması idi. Rusiyanın istəmədiyi halda, Ukrayna ilə imzalamağa məcbur olduğu bu təbii qaz anlaşması eyni zamanda onun Avropaya yönəlik enerji siyasətinin uğursuzluğu idi. 2020-ci ilin yanvarınadək Rusiya üçün “Türk axını” həm Ukrayna marşurutuna alternativ idi, həm də Ukrayna ilə bazarlıqda bir silah xarakteri daşıyırdı. Yəni, Rusiya üçün çox qiymətli bir layihə idi.
Ancaq ABŞ-ın Avropa enerji bazarına yönəlik siyasəti, Rusiyanın Ukrayna siyasətinə qarşı mövqe tutması, “Şimal axını-2” layihəsinə tətbiq olunan sanksiyalar və Avropanın rus təbii qazından asılılığını azaltmağa getməsi 2020-ci ilin yanvarında Rusiyanı Ukrayna ilə təbii qaz anlaşması imzalamağa məcbur etdi. Bu durum “Türk axını”na olan ehtiyacı azaldaraq, onun dəyərini də düşürmüş oldu. Eyni zamanda Rusiyanın “Türk axını” vasitəsilə Türkiyə ilə etdiyi əməkdaşlığa ehtiyacın azalmasına da yol açdı.
Liviya amili
Rusiyanın İdlibə yönəlik əməliyyat keçirməyə qərar verməsinə səbəb olan digər geopolotik hadisə – strateji inkişaf da Türkiyənin Liviya siyasəti oldu. Türkiyə BMT tərəfindən legitimliyi tanınan Liviya Milli Razılıq Hökumətinin (MRH) Prezidenti Fayiz əs-Sərracı dəstəklədiyi halda, Rusiya, legitim olmamaqla bərabər, nəzarətində önəmli sayda silahlı milis saxlayan Xəlifə Həftəri dəstəkləyir.
Türkiyə 2016-cı ildə Suriyada Rusiya ilə birlikdə başlatdığı əməkdaşlıq modelini Liviyada da tətbiq etmək istədi. Ankaranın bu təklifinin məqsədi Türkiyə ilə Rusiyanın qarşı-qarşıya gəlməsinin önlənməsi, Liviyada böhranı həll edərək sabitliyi təmin etmək idi. 12 yanvar 2020-ci ildə Türkiyə və Rusiyanın təşəbbüsü ilə Liviyada silahların susmasını təmin edən atəşkəs anlaşması təklif edildi. Türkiyə və Rusiya atəşkəsin təminatçıları olacaqdı.
Türkiyə bu təkliflə Liviyada Rusiyaya önəmli beynəlxalq rol vermək istəmişdi. Rusiya yalnız Həftərlə deyil, Sərrac hökumətiylə də yaxın əlaqə quraraq, Liviyanın hər tərəfində diplomatik təsirini və hörmətini artıracaqdı. Həftərin öncəlikli olaraq Səudiyyə Ərəbistanı, Misir və BƏƏ-nin nəzarəti altında olan bir aktyor olduğu, Rusiyanın isə ikinci və ya üçüncü dərəcəli mövqedə olduğu da nəzərə alınarsa, Türkiyənin təklifi Rusiyanın maraqlarına uyğun idi. Türkiyə ilə əməkdaşlıq etdiyi halda, Liviyada əli güclənəcəkdi.
Türkiyənin təklifi Rusiyanın maraqlarına uyğun olduğu üçün görüşlərə ev sahibliyini öz üzərinə götürdü. Türkiyə və Rusiyanın atəşkəslə bağlı təklifinin mətni Sərrac tərəfindən imzalandı. Həftər isə buna müsbət yanaşmadı, toplantı bitmədən Moskvanı tərk etdi. Həftərin bu gedişi Rusiyanın nüfuzunu zədələməklə bərabər, onun Səudiyyə Ərəbistanı, Misir və BƏƏ-nin siyasətinə uyğun davrandığını da göstərmiş oldu.
Moskvanı tərk edərək Trablusa yönəlik yeni bir hücum planı hazırlayan Həftəri önləmək üçün Türkiyənin Liviya MRH ilə imzaladığı hərbi-texniki anlaşma çərçivəsində Sərracın yanında yer alması onun paytaxtı ələ keçirmə cəhdinin qarşısını ala bildi. Başqa sözlə, Türkiyənin Liviya siyasəti Həftərin arxasında duran Səudiyyə Ərəbistanı, Misir və BƏƏ-nin siyasətini uğursuzluğa düçar etdi. Uğursuzluğa düçar olan bu aktyorlar ancaq Həftəri silahla təmin edən aktyor mövqeyindəki Rusiyanın dövrəyə girməsini istədilər. Türkiyənin Liviyada təktərəfli hərəkət etməsindən və uğur qazanmasından narahat olan Rusiya onunla İdlib vasitəsilə mübarizəyə başladı.
Rusiya İdlib əməliyyatı ilə bəzi maraqlarını təmin etməyə çalışır.
Birincisi, Rusiya, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ-nin edə bilmədiklərini edərək və bu ölkələrin maraqlarına uyğun davranaraq, Şimali Afrikada bu ölkələrlə strateji tərəfdaş olmağa çalışır.
İkincisi, “Wagner Group” şirkəti vasitəsilə Həftərin nəzarətindəki bölgələrdə yerləşən neft qaynaqlarından iqtisadi mənfəət əldə etmək niyyətindədir.
Üçüncüsü, İdlib əməliyyatı nəticəsində ortaya çıxaracağı qaçqın böhranı vasitəsilə Türkiyə və Avropa ilə bazarlıq üçün yeni şərait yaratmağa çalışır. Hələ də önəmli bir aktyor olduğunu, Suriya və Liviya məsələlərinin yenidən müzakirə edilməli olduğunu göstərmək istəyir.
Ancaq Rusiyanın İdlib əməliyyatı vasitəsilə atdığı addımlar digər tərəfdən də mənfəət itkisinə yol açmaqdadır. Əvvəla, bu addımlar Türkiyə ilə hərbi qarşıdurma riskini artırmaqdadır. Suriyadakı gücü, strateji mövqeyi, təchizat durumu, logistika xətlərinin nəzarəti və ittifaq münasibətləri nəzərə alınarsa, İdlib cəbhəsində ortaya çıxacaq bir savaşda Rusiyanın qalib gəlməsi ehtimalı azdır. Onun savaşda məğlub olması da iki böyük problemi – Rusiyanın nüfuzunu itirməsini və beynəlxalq təhlükəsizlik riskini ortaya çıxaracaqdır.
Astana və Soçi prosesləri vasitəsilə beynəlxalq böhranların həll edilməsi yönündə önəmli addımlar atan və bu baxımdan böyük nüfuz qazanan Rusiya, İdlib əməliyyatı ilə bunu itirdi. Beynəlxalq birlikdən təcrid olunan və zəif halqa funksiyasını yerinə yetirən İranı da nəzərə alsaq, Türkiyəsiz keçiriləcək Astana görüşləri öz mənasını itirəcəkdir.
Rusiya izlədiyi bu siyasətlə Türkiyənin gözündə etibaredilməz ortaq durumuna düşmüşdür. Bu durum uzun müddətdə Rusiyanın enerji və Suriyanın yenidən qurulması kimi məsələlərlə bağlı Qərb və Orta Şərq siyasətlərinə mənfi təsir edəcəkdir. Ayrıca, Rusiyanın Səudiyyə Ərəbistanı, Misir və BƏƏ kimi avtoritar iqtidarların maraqları yönündə hərəkət etməsi onun beynəlxalq aləmdəki hörmətini də azaldacaqdır.
Yekun olaraq, Rusiya İdlib əməliyyatı ilə birlikdə, beynəlxalq təhlükəsizlik problemlərinin həllində konstruktiv siyasət izləyən bir aktyordan daha çox, xarici siyasət hədəflərinə təhlükəsizlik böhranı yaradaraq çatmağa çalışan aktyor kimi davranmağa başladı. Kremlin bu qərarları, qeyd edildiyi kimi, uzun müddətdə Rusiyanın maraqlarına mənfi yöndə təsir edəcəkdir.
Görünür, İdlib böhranı yeni bir razılaşma əldə edilənədək davam edəcəkdir. “Dəməşq cəbhəsi”nin irəliləyişini durdurmağın yolu bölgədə güc üstünlüyünü təmin etmək və qarşı tərəfi çəkindirmək üçün taktiki metodlar tətbiq etməkdir.
Qeyd: Avrasiya, Orta Asiya, Rusiya xarici siyasəti və təhlüksizlik siyasəti sahəsində çalışan Sabir Əsgəroğlu İran Araşdırmaları Mərkəzində (İRAM) baş ekspertdir.
Strateq.az
Paylaş: