Xəbər lenti
Dünən, 19:25

Məryəm Qriqoryan

“1in.am”, Ermənistan, 19 mart 2020-ci il

Milli Məclisin bitərəf deputatı Arman Babacanyan parlamentdə Baş nazirə Ermənistanın Avrasiya İqtisadi Birliyi (AİB)  KTMT-dən olan tərəfdaşları ilə koronavirusla mübarizə sahəsində əməkdaşlıqla bağlı belə bir sual ünvanlayıb: “Bu strukturlarda bu məsələ ilə bağlı müzakirə aparılırmı və bu çağırışlara birgə səylərlə cavab vermək müzakirə edilirmi?”

Politoloq Ruben Mehrabyan “1in.am”-la söhbət zamanı qaldırılan bu suala toxunaraq deyib: “Nasim Taleb adlı Livan mənşəli bir amerikan yazıçısı var. Onun “Qara qu quşu” nəzəriyyəsi bu gün də aktualdır. Dünyanı dərindən sarsıda biləcək hadisələr, ümumiyyətlə, gözlənilməz olur və bu barədə “post-faktum” “proqnoz” verirlər. Lakin bu, elə bir sarsıntıdır ki, ümumiyyətlə, artıq heç kimə lazım olmayan və həyatqabiliyyətli olmayan hər bir şeyi tarixin axışından kənara qoyacaq.

Bu mənada, koronavirus pandemiyası həmin qara qu rolunu oynayır. Biz görürük ki, iqtisadi ittifaqlar, dövlətlərarası müqavilələr, sadəcə olaraq, de-fakto işləmir, dünya nizamı bu gün yerdə “yatır”. Şengen zonası, hər hansı bir Rusiya formatı artıq de-fakto işləmir, hətta Rusiya-Belarus sərhəddi bağlanıb. İndi Ermənistana məsləhət görürlər ki, gedin, özünüzü təcrid edin və xarici aləmlə yalnız fövqəladə hallarda, bu, eyni zamanda sizin və hamının maraqlarından doğduğu halda əlaqə saxlayın. Biz görürük ki, dövlətlər arasında münasibətlər eyni xarakter daşıyır. Yəni, hər bir dövlət özünü təcrid edib və digər dövlətlərlə yalnız həyati vacib hallarda əlaqə saxlayır”.

Bu mənada, Mehrabyana görə, digər dövlətlərlə əməkdaşlıqdan danışmaq məqsədəuyğun deyildir. O deyir: “Hansı AİB, hansı KTMT, hansı MDB-dən söhbət gedir? Ancaq digər tərəfdən, anlayırıq ki, bütün bəşəriyyətin birgə səyləri olmazsa, biz çox yüksək hesab ödəməli ola bilərik. Bu kontekstdə, G7-nin dünən qəbul etdiyi birgə bəyanatı çox mühüm hesab edirəm. Lakin burada söhbət dünya liderlərindən, siyasi, iqtisadi, elmi, hərbi və texnoloji sahədə dünyanın lideri olan 7 demokratik dövlətdən gedir. Bəli, onlar öz səylərini birləşdirirlər. Məncə, ümumiyyətlə, bütün bunlar dünyanın yenidən biçilməsinə, siyasi mənada, onun silinməsinə və (şəkilinin – tərc.) yenidən çəkilməsinə gətirib çıxaracaq. Və həyatqabiliyyətli olmayan nə varsa, hamısı bu gedişdən kənarda qalacaq. İndi, sizinlə söhbət zamanı isə nəyin həyatqabilliyətli, nəyin lazımlı olduğu, nəyin isə sadəcə kağız üzərində olduğu, işləmədiyi və köhnə şey kimi zirzəmidə qaldığı (atılması heyif, daşınması isə ağırdır) çox aydın görünür”.

Politoloq Arkadi Vardanyana görə, Ermənistan AİB-lə heç bir əlaqə saxlamamalıdır. “1in.am”-la söhbət zamanı o, AİB-i zəhərli bir şey, Putinin təxəyyülündə SSRİ-nin bərpasına uğursuz cəhd kimi xarakterizə edib. Vardanyan deyir: “Bu strukturun müsbət perspektivi yoxdur və Ermənistan ondan nə qədər uzaq dursa, o qədər yaxşıdır. Koronavirus dünyada elə geniş yayılıb ki, nə Rusiyadan, nə də AİB üzvü olan digər ölkələrdən yan keçməyib. Ona görə də onunla iş görmək, razılaşmalar əldə etmək, ən azı, ciddi deyildir. Öz prinsiplərim nöqteyi-nəzərindən deyim ki, bu strukturda iştirak etmək yaxşı heç bir şeyə gətirib çıxarmayacaq, artıq çıxarmayıb. Biz qeyri-müəyyən istiqamətdə gedirik”.

Bizim müsahibimizin fikrincə, bu böhran öncəliklərimizə yenidən baxmaq üçün bir fürsətdir. Doğrusu, Ermənistanın hələ 2 il bundan öncə belə imkanı var idi. O deyir: “Biz çoxdan bunu etməliydik. Bildiyimə görə, bugünkü hakimiyətin rəhbəri çoxdan bu məsələni nəzərdən keçirib. Biz onun müxalif deputat olarkən AİB haqqında nə dediklərini xatırlayırıq. Məncə, biz dövlət səviyyəsində öz mövqeyimizə çoxdan düzəliş etməli və artıq 2 il ərzində digər istiqamətdə, Rusiyanın trayektoriyasına uyğun olmayan istiqamətdə addımlamalıydıq”.

Tərcümə Strateq.az-ındır




Ana səhifəyə qayıt        Baxış: 2 545          Tarix: 21-03-2020, 11:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma