Xəbər lenti
Dünən, 19:25

 

SSRİ-nin tarixin arxivinə göndərilməsindən 30 ilə yaxın vaxt keçsə də, onun tərkibində olmuş hazırkı müstəqil respublikalar bir çox cəhətlərinə görə, bir-birilərinə bənzərliklərini saxlayırlar. Bu ölkələrdə yeni koronavirus epidemiyası nəticəsində yaranan durum, hökumətlərin və insanların bu pandemiyaya münasibəti, davranışları da bəzi istisnaları çıxmaqla, bir-birindən ciddi şəkildə fərqlənmir. Ən əsası isə odur ki, xoşbəxtlikdən bu günə kimi həmin ölkələrin heç birində koronavirusun böyük sayda insan tələfatına yol açan nəticələri müşahidə edilmir və ümid edək ki, heç edilməyəcək də...

Bununla yanaşı, müəyyən fərqli addımları ilə seçilən respublikalar var ki, onlara da Belarus, Türkmənistan və Tacikistanı aid etmək olar.

Lukaşenko koronavirusu heç tanımaq istəmir...

Belarus demək olar yeganə Avropa ölkəsidir ki, orada koronavirusla bağlı hər hansı kütləvi karantin tədbiri görülmür. Ölkənin bütün sərhədləri açıqdır, yalnız keçid məntəqlərində nəzarət bir qədər gücləndirilib. Kütləvi tədbirlər, idman yarışları və insanların kütləvi toplaşmasına şərait yaradan digər fəaliyyətlərdə hər hansı qadağa tətbiq olunmur. Bütün idman növləri üzrə yarışlar keçirilir, kafelər, restoranlar və digər iaşə obyektləri adi qaydada çalışır.

Hazırda Avropa mərc oyunları şirkətlərinin idman yarışlarına, xüsusilə də futbol çempionatına “stavka” etdikləri demək olar ki, yeganə turnir Belarusun futbol liqasıdır.

Ölkə prezidenti Aleksandr Lukaşenko isə əhalini “koronavirus psixozuna yenilməməyə” çağırıb, bu epidemiya ilə mübarizədə ən təsirli vasitələrin “hamam, vodka və sala” olduğunu deyib. Ölkədə ictimai nəqliyyat, istehsal və iaşə müəssisələri, ticarət mərkəzləri, dövlət qurumları və özəl təşkilatlar əvvəlki qaydada fəaliyyət göstərir.

Müşahidəçilər Lukaşenkonun bu davranışını onsuz da Rusiya ilə münasibətlərin gərginləşməsi səbəbindən ölkə iqtisadiyyatında yaranmış çətin durumun bir qədər də ağırlaşmasının qarşısını almaq cəhdi kimi dəyərləndirirlər. Lakin heç kim Belarusda bu situasiyanın nə qədər davam edəcəyi, ölkənin koronavirusu nə vaxtadək “görməzdən gələcəyini” proqnozlaşdıra bilmir.

Türkmənistan və Tacikistanda epidemiya yoxdur?

Orta Asiya respublikalarında koronavirusla bağlı vəziyyəti birmənalı qiymətləndirmək çətindir. Qazaxıstan və Qırğızıstan istisna olmaqla, bu ölkələrdə kifayət qədər qapalı rejimlər olduğundan, dəqiq və etibarlı informasiya əldə etmək heç də asan deyil. Rəsmi mənbələr bildirir ki, Özbəkistan və Qırğızıstanda bu xəstəliyə yoluxanların sayı çox deyil və vəziyyət kafidir.

Türkmənistan və Tacikistanda isə ümumiyyətlə, bu xəstəliyə yoluxma halı qeydə alınmayıb. Lakin müşahidəçilər bu dövlətlərin rəsmi qurumlarının açıqladıqları məlumatlara şübhə ilə yanaşırlar. Doğrudur, Orta Asiya respublikaları qonşuları ilə, xüsusilə Çin və İran kimi koronavirusun geniş yayıldığı ölkələrlə sərhədləri bağlayıblar. 

Lakin buna baxmayaraq, hətta Cənubi Amerika qitəsinə qədər gedib çıxan koronavirusun Çinin, İranın “qulağının dibində” olan Türkmənistan və Tacikistan kimim ölkələrə ayaq açmadığına inanmaq olduqca çətindir. Ona görə də, çoxları bu ölkələrdəki hakim rejimlərin koronavirusa qarşı gördüyü tədbirlərlə yanaşı, bu mövzuda informasiya blokadası tətbiq etdiyi qənaətindədirlər.

Ancaq digər Orta Asiya respublikaları ilə müqayisədə Qazaxıstan dünyaya daha çox açıqdır və epidemiyaya qarşı gördüyü sərt tədbirlərlə seçilir. Martın 15-dən ölkədə fövqəladə vəziyyət rejimi elan edilib. Bu rejim əhalinin yerdəyişməsi də daxil olmaqla, bir çox sərt qadağalar nəzərdə tutur, onların pozulması isə cinayət məsuliyyəti yaradır.

Alma-Ata, Nur-Sultan və Çmkənt kimi xəstəliyin ilk qeydə alındığı iri şəhərlər dərhal karantinə bağlanıb. Bu şəhərlərdə 3 nəfərdən artıq insanın bir yerə toplaşması qadağan edilib, evdən çölə isə yalnız ərzaq və dərman alınması, yaxud işə getmək üçün çıxmağa icazə verilir. Bütün ölkə üzrə ticarət mərkəzləri də daxil olmaqla, bütün iri obyektlərin fəaliyyəti dayandırılıb. Hökumət isə biznesə kömək məqsədilə, sahibkarlıq subyektlərini ilin sonunadək vergilərdən azad edib.

Ancaq bütün qadağalara baxmayaraq, ölkədə hər hansı panika yaşanmadığı və hər kəsin bu rejimin tezliklə bitəcəyinə ümid etdiyi bildirilir.

“Pribaltika”da yerli əhali panikadadır, ruslar isə...

Baltikyanı respublikalar olan Latviya, Litva və Estoniyada vəziyyət demək olar ki, eyni dərəcədə gərgindir. Bu ölkələr Avropaya daha yaxın olduğundan koronavirus həyəcanı da burada daha çox hiss olunur. 

Burada ilk yoluxma halları hələ fevralın sonlarında qeydə alınmışdı. Lakin karantin tədbirləri martın ortalarından tətbiq edilməyə başladı. Orta və ali təhsil müəssisələri fəaliyyətlərini dayandırıb, elektron tədris vasitələrindən istifadə edilməkdədir. Karntin tədbirləri günbəgün gücləndirilir, kütləvi tədbirlər, iaşə obyektlərinin fəaliyyəti qadağan edilir.

Müşahidəçilər qeyd edirlər ki, bu respublikaların yerli əhalisində koronavirusla bağlı ciddi panika müşahidə olunduğu halda, burada yaşayan ruslar epidemiyaya kifayət qədər biganə yanaşırlar. Və karantin tədbirlərinin gücləndirilməsinin panikanın çoxalmasından başqa heç nəyə yaramadığını iddia edirlər.

Elə Rusiyanın özündə də əhali karantin tədbirlərinə bir o qədər riayət etmir. Hökumət qonşularla sərhədləri bağlamasına, müəyyən qadağalar tətbiq etməsinə baxmayaraq, fövqəladə vəziyyət elan etməyə əsas olmadığını bildirir. Və bir çox keçmiş SSRİ respublikaları da Rusiyanın bu yanaşmasını təkrarlayır...

Ukrayna və Moldovanın problemləri eynidir

Ukrayna keçmiş SSRİ respublikaları arasında koronavirusun “vurduğu” ilk respublika sayılır. Rəsmi Kiyev hələ fevral ayında öz vətəndaşlarını Çindən çıxarmağa başlamışdı. Lakin heç kimin gözləmədiyi halda, Çindən qayıdan və Novı Sanjarıda karantinə alınan ölkə vətəndaşları adıçəkilən qəsəbə sakinlərinin hücumuna məruz qaldılar. Onlar üçün nəzərdə tutulan xəstəxana insanları qəbul etmək istəmədi. Bu, Ukrayna cəmiyyətində çox mənfi və utancverici hal, hətta hakimiyyətə qarşı provakasiya kimi dəyərləndirildi.

Buna baxmayaraq, ilk yoluxma halları qeydə alınan kimi, hökumət cəld və çevik davranmağa başladı. Martın 17-dən etibarən bütün sərhədlər bağlandı, aviareyslər ləğv edildi. Orta və ali təhsil müəssisələrinin, ticarət və iaşə obyektlərinin, hətta metropolitenin fəaliyyəti dayandırıldı. İctimai nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edildi.

Təqribən eyni tədbirlər də Ukrayna ilə qonşu olan Moldovada görülməyə başladı. Lakin Avropanın ən kasıb ölkələrindən sayılan bu qonşuların bir ortaq problemi də var ki, bu da iqtisadiyyatdır. Hər iki ölkə əhalisinin çox əhəmiyyətli bir qismi Avropanın ayrı-ayrı dövlətlərində çalışırlar.

Lakin Avropada tətbiq olunan karantin səbəbindən həmin insanlar öz vətənlərinə qayıtmağa məcbur olublar. Bu isə həm bu ölkələrdəki onsuz da yüksək olan işsizlik səviyyəsini artırıb, həm də xaricdən valyuta axınını azaldıb. Ona görə də, Ukrayna və Moldova koronavirusun vurduğu iqtisadi zərbələr baxımından bir-birinə bənzəyirlər.

Gürcüstanda turizm, Azərbaycanda neft...

Sərhədlərin bağlanması və karantin tədbirləri Gürcüstan iqtisadiyyatının əsas bel sütunlarından olan turizmə çox ağır zərbə vurmaqdadır. Ölkənin iqtisadiyyat naziri deyib ki, təkcə mülki aviasiya üzrə itkilər ayda 10 milyon dolları keçəcək ki, bu da Gürcüstan üçün kiçik rəqəm deyil. 

Hökumət pandemiya ilə mübarizədə Beynəlxalq Valyuta Fondunun dəstəyinə ümid edir. Artıq sahibkarlıq subyektlərinə 314 milyon dollar yardım ediləcəyi, “vergi tətili” elan olunacağı bildirilir.

Ermənistanda da oxşar vəziyyətdir. Sərhədlər bağlanıb, karantin tədbirləri gücləndirilib. Hökumət sahibkarlıq subyektlərinə yardım ediləcəyinə dair vəd versə də, müşahidəçilər Ermənistanın bunun üçün maliyyə resurslarının olmadığını bildirirlər.

Nəhayət, Azərbaycana gəldikdə isə hər şey göz önündədir. Hökumət yanında yaradılan Operativ Qərargah vəziyyəti nəzarətdə saxlamağa çalışır, epidemiyanın yayılmaması, əhalinin ərzaq və tibbi xidmət sarıdan əziyyət çəkməməsi üçün tədbirlər görür. Lakin təəssüf ki, vətəndaşlarımız çox vaxt tələb və tövsiyələrə, qadağalara riayət etmir. 

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun son açıqlamasında söylədiyi “Azərbaycanda indiyədək 122 nəfərdə koronavirus aşkar edilib, cəmi 15 nəfər sağalıb. İspaniyada bu dinamika var idi... Əgər bu, ölkə daxilində genişmiqyaslı epidemiyaya səbəb olsa, bunun altından çıxa bilməyəcəyik” kimi fikirləri ölkəmizdə də vəziyyətin nə dərəcədə ciddi olduğuna dair aydın təsəvvür yaradır. 

Digər tərəfdən dünya bazarında neftin kəskin ucuzlaşması bu pandemiyanın Azərbaycana ucuz başa gəlməyəcəyindən xəbər verir.

Ancaq bütün bunlara rəğmən, hazırda ən başlıcası qadağalara və tövsiyələrə əməl etməklə, əhalinin sağlamlığını və bu epidemiyadan minimum itkilərlə çıxmamızı təmin etməkdir. İqtisadiyyatı isə zamanla bərpa etmək mümkündür...

Cəlal Məmmədov

AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 2 944          Tarix: 27-03-2020, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma