Xəbər lenti
Dünən, 19:25


"Bill Gates virusu buraxdı, peyvənd çıxaracaq, içində çip taxacaq bizə" söhbətləri boğaza yığdı lap. 
 
Ay insan, birincisi, məcbur olmasan da, boğazından kəsib, 1 illik kreditlə götürdüyün ən son model ağıllı telefon sənin özündən ağıllıdır. 7-ni 37-yə vurub, üstünə 18 gəlməyi sən 4 dəqiqəyə hesablayırsan. Telefonun isə 1 saniyədən də az müddətdə. İnanmırsansa, yoxla. 
 
İkincisi, ayaqyoluna da gedəndə üzərində gəzdirdiyin o telefon elə böyük antendir, içi dolu çipdir. Səni izləmək istəyən olsa, mütləq deyil ki, o çipləri peyvənd içinə qatıb, bədənində harasa salsın. 
 
Üçüncüsü, o telefonda da, istifadə etdiyin sosial şəbəkələrdə də etdiyin hər hərəkət sənin haqqında təsəvvür etmədiyin qədər məlumatı ötürür lazım olan yerlərə. Axtardığın sözlər, baxdığın videolar, girdiyin saytlar, dostluq göndərib, "salam, xanım, çox gozalsız mawallax. Salam Allah salamıdır, niye almirsan" yazdığın və fotolarına like qoyduğun insan profilləri və s. və ilaxır sənin psixoloji portretini cızmağa və hansı durumda nə edəcəyinə dair 99 faizlik dəqiqliklə bildirir.
 
 Məsələn, datanı analiz edib, neçə şapalaqdan sonra qonşun Ramizi satacağını müəyyənləşdirə bilərlər. 
 
Yaxud gözləri hansı rəngdə, sinəsi hansı ölçüdə rus qız sənə yazsa, 12 il birlikdə yaşadığın ailəni atıb, Rusiyaya qaçacağını tapa bilərlər.
 
 Belə qorxursansa, datanı toplayan smartfonlar və sosial şəbəkələrdən imtina elə birinci. 
 
Dördüncüsü, təkcə Amerikanın özündə Bill Gatesə düşmən olan nə qədər insan, qrup var. Belə bir şey real olsa, birinci onlar, sonra dünya mətbuatı hay-küy salacaq, dünyanın Novosibirskdəki Andrey və Aşağı Dəlləklərdəki Rowqaya ehtiyacı yoxdur. 
 
Beşincisi, bir ay evdən çölə çıxmasan, heç divar qonşun ölüb-ölmədiyini maraqlanmaq üçün qapını döyməz, axı sən Bill Gatesin nəyinə lazımsan ki, belə təlaş edirsən? 
 
Altıncısı, əziz insan, gözəl vətəndaş, sən tək deyilsən. Böyük-böyük adamlar, ali təhsilli yaşlı adamlar var ki, saxta xəbərlər tələsinə dərhal düşürlər, hələ aralarında planetimizin müstəvi olduğuna inananlar da var.
 
 Sən isə belə olma, mən yazdıqlarım da daxil olmaqla, heç nəyi mütləq həqiqət kimi qəbul etmə. Belə olmağın sənin günahın deyil. Vaxtında təhsilə, elmə, texnologiyaya, inkişafa ayrılan pullar on milyonluq villalar tikməyə sərf edilməsəydi, sən də belə düşünməzdin. 
 
Bir şey eşidirsənsə, şübhə et, araşdır, amma təlaş etmə.
 
 Xüsusi ilə də mənbəyi və mənşəyi məlum olmayan saxta xəbərlərə dərhal inanma. Bu gün "çip taxırlar" xəbərinə belə rahat inanırsansa, sabah Ermənistandan Azərbaycan dilində elə bir yalan məlumat buraxarlar ki, sənin kimi saf və hər şeyə inanlar elə sürətlə yayarlar ki, ölkəmiz bunun altından çıxa bilməz. Özünə və ölkəyə yazığın gəlsin, hər eşitdiyini, gördüyünü araşdırmamış, dəqiqləşdirməmiş yayma.
 
 Bəxtiyar Hacıyev


Ana səhifəyə qayıt        Baxış: 2 746          Tarix: 20-04-2020, 16:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma