Qanla oynamaq olmaz
1992-ci ilin mart ayında Zaqatala rayon prokuroru vəzifəsinə təyin edildim. Çətin dövr idi. Bütün respublikada olduğu kimi Zaqatala rayonunda da kriminogen durum acınacaqlı vəziyyətdə idi. 90 min əhalisi olan rayonda 1992-ci il üzrə 310, o cümlədən 185 ağır cinayət hadisəsi qeydə alınmışdı. Ağır cinayətlərin açılması cəmi 40% təşkil edirdi.
Hər gün hava qaralandan sonra rayonda atəş səsləri eşidilirdi. Cinayətkarlığın artmasında, habelə cinayət hadisələrinin bağlı qalmasında həmişə hüquq mühafizə orqanları sorumlu tutulur. Hüquq mühafizə orqanlarının cinayətkarlıqla mübarizəsi isə 2 ünsürdən ibarətdir. Birincisi, cinayətkarlığın profilaktikası, yəni baş verə bilcək hadisələrin qarşısının alınması, ikincisi, baş vermiş cinayət hadisələrinin isti izlərlə açılmasıdır.
İkinci məsələ hüquq mühafizə orqan işçilərinin peşə hazırlığından, əqidəsi və vicdanından asılıdır. Birinci məsələ isə təkcə hüquq mühafizə orqanlarından asılı deyil. Dövləti bir orqanizmə bənzətsək, hüquq mühafizə sistemi onun vuran əlidir. Əgər baş düzgün işləyib, əli idarə edə bilmirsə, burda günahkar axtarmağa nə ehtiyac var? Məhşur boksçu Məhəmməd Əli bir yumruqla öküzü yıxırdı. Xəstələndikdən sonra əlində stəkan tuta bilmirdi.
Hakimiyyət dəyişiklikləri, torpaqların bir ucdan işğal olunması dövləti, o cümlədən hüquq mühafizə orqanlarını iflic vəziyyətə salmışdı. Buna baxmayaq elə prinsiplər var ki, onu həmişə qorumaq lazımdır.
Məni yaxından tanıyanlar bilir və Uca Allahım şahid olsun ki, cinayətkar hesab etdiyim (təqsirsizlik prezumsiasına uyğun olmasa da) heç kimə, heç bir təsir və təhdid altında bir dəfə olsun güzəştə getməmişəm. Xəta etmiş bütün şəxslərə isə həmişə kömək etmişəm. Həyatım boyu “Cinayətkar prokurordan qorxmalı, xəta etmiş şəxs isə utanmalıdır” prinsipi ilə işləmişəm.
Cinayətkarlığın vəziyyətini hər həftə müzakirə edirdik. Məlum oldu ki, kriminagen vəziyyətin dözülməz həddə çatmasında obyektiv faktorlarla yanaşı, subyektiv faktorlar da mövcuddur. Bəzi şəxslər cəzasızlıq şəraitinə uyğunlaşmışdılar.
Cabir və İlkin adlı iki dost (adlar uyğun olsa da şərtidir). Moskvada yaşayır və üç aydan bir rayona gələn kimi kriminogen vəziyyət daha da pisləşirdi. Deyirdilər ki, Cabir Moskva şəhərində 5 nəfər adam öldürüb. İlkin isə “Silvester” ləqəbi ilə məhşur idi. Onlar rayonda əsl xof yaratmışdılar. Məsələn, toyda iki cavan oğlan dalaşır. Döyülən oğlan qışqıra-qışqıra deyir ki, gedirəm İlkinlə Cabiri gətirməyə. Onun bu sözündən sonra hamı toydan dağılıb gedir.
Onlar barədə olan materiallarla tanış oldum. Hamısında eyni dəst- xətt var idi. Zaqatala və qonşu rayonlarda onların maşınında dəfələrlə silah-sursat aşkar olunmuş və bütün hallarda cəbhədə döyüşən hərbi hissə komandirlərindən rəsmi arayış gətirmişdilər ki, həmin silahlar cəbhənin ehtiyacı üçün nəzərdə tutulub. Bütün materiallar üzrə cinayət işi başlanması rədd edilmişdi. Həmin qərarları ləğv edib təkrar yoxlama aparmaq heç bir effekt verə bilməzdi. (Ləğv edilmiş hərbi hissələri və arayış vermiş komandirləri cinayət işi başlamadan tapmaq müşkül məsələ idi).
Həmin vaxtlar bir nəfər gürcü millətindən olan şəxs polis şöbəsinə gəlib ərizə ilə müraciət etdi ki, Zaqatala bazarından çıxarkən onun “Jiquli” markalı avtomaşınının zorla əlindən alıblar. Beş gündən sonra həmin şəxslər tapıldı. CM-nın 144-cü maddəsi ilə başlanmış cinayət işi üzrə hər üç müqəssir barəsində həbs qəti-imkan tədbiri seçildi. Maşının aqibətini soruşduqda dedilər ki, maşını Muxax kəndi istiqamətində sürərkən arxadan başqa maşının işığı yandırıb söndürdüyünü görüb saxlayırlar. Arxadakı maşından İlkin düşərək, onlara yaxınlaşıb bildirib ki, “Dadaş (Cabirin ləqəbi) deyir, maşını “filan” yerdə qoyub çıxıb getsinlər”. Onlar da maşını göstərilən yerə qoyub çıxıb getmişdirlər.(Oğrudan-oğruya halaldır).
Polis rəisinə Cabir və İlkini çağırmağı tapşırdım. İki saatdan sonra rəis müstəntiqlə yanıma gəldi. Rəis bildirdi:
-Yenə əlimizdən çıxdılar, iki gün öncə maşının hərbi hissəyə verilməsi barədə komandirin imzası ilə arayışlar var.
Dərhal CM-nin 214 mad. 2-ci hissəsi ilə (bil-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı ələ keçirmə) cinayət işi başlandı. CPM-nin 167-ci maddəsinə (ittiham elan olunmadan həbsə alma) əsasən, barələrində həbs qəti imkan tədbiri seçildi. İstintaq əməliyyat qrupu yaradıldı. Müstəntiqin biri cari məsələlər üzrə istintaq aparır, digər müstəntiq isə bir nəfər əməliyyatçı ilə Cabirin 5 nəfəri öldürməsi faktını araşdırmaq üçün Moskva şəhərinə ezam edildi. Cabir və İlkin Gəncədəki istintaq tədrisxanasına etap olundular.
Təxminən, 5 gündən sonra müstəntiq Xamis (familiyası yadımdan çıxıb) Moskvadan mənə telefon açaraq, Cabirin həqiqətən 5 nəfəri öldürüb bir nəfəri ağır yaraladığını, özünün də yaralı vəziyyətdə xəstəxanadan qaçdığını bildirdi.
Cabir və İlkinə qarşı ittiham elan edilməsi üçün Gəncə təcridxanasından Zaqatala rayon polis şöbəsinə gətirildilər. Rəis həyəcanla yanıma gəldi:
-Ələmdar müəllim, Cabir bu bağlamanı mənə göndərib. Bağlamanın içində 3000 rubl pul və “Orlov” arağı var idi.
Soruşdum ki, onlarla hər hansı gizlin əlaqən olmayıb? Boynuna almadı. (sonralar məlum oldu ki, rəis və bəzi polis işçiləri onlarla araq içib, pay da bölüblərmiş).
Cabir və İlkinə CM-nin 214 mad. 2-ci hissəsi ilə ittiham elan olundu. Müstəntiq Xamis cinayət işini Moskvadan gətirdi. İş materiallarından göründüyü kimi Moskva ətrafı kafelərin birində 6 nəfər Gəncəli Cabirə yaxınlaşır və onlardan biri əlindəki “Naqanı” Cabirin ağzına dirəyib, atəş açıb qaçırlar. Cabir yaralı vəziyyətdə onların arxasınca qaçır, TT markalı tapança ilə 6 atəş açır. 5 nəfər başın ənsə nahiyəsindən aldıqları güllə yarasından dərhal ölür. 6-cı şəxs isə çiynindən yaralanır. Cabiri huşsuz vəziyyətdə xəstəxanaya gətirirlər. 10 gün sonra naməlum şəraitdə xəstəxanadan yoxa çıxır.
İş materiallarından o da məlum oldu ki, Cabir hərbi qulluqda olarkən 2 dəfə atıcılıq üzrə hərbi dairənin çempionu olub.
Respublikanın hər yerindən müxtəlif səviyyəli xahişçilər gəlirdi. Hamısı da Cabirin deyil, İlkinin barəsində qəti-imkan tədbrinin dəyişdirilməsini xahiş edirdilər. Doğrudan da CM-nin 214 mad. 2-ci hissəsi ilə bir qayda olaraq həbs qəti-imkan tədbiri seçilmirdi. İlikin haqqında Moskvadan gətirilən cinayət işində də təqsirləndirici material yox idi.
Hətta öz rəisim də xahişçi düşmüşdü. Xahişlərin çoxluğu və səviyyəsi məni şübhəyə salırdı.
Bir bazar günü iki rayonun hüquq mühafizə rəhbərləri “möhtərəm” bir şəxslə mənə qonaq gəldilər. “Möhtərəm” şəxs mənimlə təkbətək söhbət etmək istədiyini bildirdi. Mən ondan soruşdum ki, nə üçün Cabiri deyil, məhz İlkinin xahişini edirsiniz. Onsuz da məhkəmə ona böyük ehtimalla həbslə əlaqədar olmayan cəza verəcəkdir.
Sözümüz çəpləşdi. Özümü saxlaya bilməyib yoldaşların yanında onu təhqir etdim. Cavabında “möhtərəm” şəxs dedi ki, işi sizdən aldırmaq bizə borc olsun. Doğrudan da bir həftə keçməmiş mühüm işlər üzrə müstəntiq Zaqatalaya gəlib, cinayət işlərini bizdən götürdü. Cabir və İlkini Qax polis şöbəsinə etap etdirdi.
3 gündən sonra İlkin haqqında qəti-imkan tədbirini dəyişdi. Bir aydan sonra xəbər yayıldı ki, İlkin Cabiri Qax rayon polis şöbəsindən qaçırıb və Zaqatalanın Muxax meşəsindəki yeməkxanada “qərargah” qurublar.
Cabirin qaçırılması belə olur. İlkin azadlığa çıxdıqdan sonra hər gün Cabirin yanına gəlir və polis işçiləri ilə ünsiyyət yaradır. Bir neçə dəfə rəisdən Cabirin nişanlısı ilə görüşməsi barədə xahişlər edir. Nəhayət, razılıq alır.
Cabir arıq, 50-55 kq çəkidə, çənəsi sınmış, xəstə görkəmli bir adam idi. Üçüncü mərtəbədə Cabiri nişanlısı ilə bir otağa salırlar. Qapının arxasında dayanmış polis işçiləri fasizləsiz danışıq səsləri eşidirlər. 10 dəqiqədən sonra polis işçilərində biri maraq üçün qapını aralayıb içəri baxanda görür ki, qadın tək-tənha oturub öz-özünə danışır. Cabir pəncərənin gözlüyündən çıxaraq 3-cü mətəbədən tullanmış, pəhləvan cüssəli İlkin onu havada tutub, maşına qoyub qaçmışdılar. Böyük ehtimalla Moskvadakı xəstəxanadan da Cabir eyni üsulla qaçırılmışdı.
İlkinin barəsində həbs qəti-imkan tədrinin dəyişdirilməsi ilə əlaqədar saysız-hesabsız xahiş və təhdidlərin səbəbini yalnız indi başa düşdüm. Ətraf rayonlardan kriminogen elementlər “qərargaha” toplaşmışdılar. Rayonda polis işçilərinin sayı azalmışdı. Hətta bir dəfə rəis təklif etdi ki, “qərargaha” gedib, onlarla söhbət etmək lazımdır. Mən ona kəskin və sərt cavab verdim (Sonralar deyirdilər ki, bir çox adamlar kimi rəis də “qərargaha” gedib onların bığının altından keçib).
Nə gizlədim! Vəziyyətin təhlükəliliyini hiss edirdim. Ona görə də işə piyada gedir, mahir nişançı olan sürücüm Boris isə arxadan gəlirdi. Polis şöbəsindən götürdüyüm tapança ilə Borisi də silahlandırmışdım. Hər küçənin tinində 5-10 adam dayandığını görürdüm. Əslən Zaqatalalı olan məhkəmə sədri Aydın Bayramov həmin adamların məni qorumaq üçün toplaşdığını və narahatçılıq üçün səbəb olmadığını bildirirdi.
O günlərdə mənim müdafiəmə qalxanlardan Ömər adlı gənc döyüşçü ilə də tanış oldum ( O, sonralar Moskva şəhərində qısa müddətdə nüfuzlu şəxs olmuş, bir qəza nəticəsində dünyasını dəyişmişdi). Təxminən 10 gündən sonra həmyerlim Zaqatala-Balakən bölgəsində məhşur müğənni Rəşidlə - çox hörmət bəslədiyim, Respublikada tanınmış “idmançı” (adını çəkmirəm) yanıma gəldilər. “İdmançı” utana-utana dedi:
-Ələmdar müəllim, məlumunuz olsun ki, İlkin yaxın qohumumdur. Dünən “qərargaha” getmişdim. Sizinlə əlaqədar narahatçılığımı bildirdim. Cabir dedi ki, bizim prokurorla nə işimiz var? Prokurorun vəzifəsi adam tutmaqdır. İşim mənimlə badələşən, pul bölən, pay alan adamlarladır. Əgər cinayətkar idimsə niyə mənimlə oturub dururdular?
Gizlətmirəm, xeyli yüngüllük hiss etdim. Təhlükəsizlik tədbirllərini azaltdım. Cabir və İlkin Rusiyaya getdilər.
Təxminən, bir il sonra Moskva şəhər prokurorluğundan xüsusi tapşırıq gəldi. İlkin saunada bir nəfəri vena damarlarını kəsməklə öldürmüşdü. Ailə üzvülərini- anasını və böyük qardaşını dəvət etdim. Onlara xüsusi tapşırıq üzrə dindirilməli olduqlarını izah etdim. Anası ağlayaraq dedi:
-O vaxt sizin sözünüzə baxmadıq. Kaş, oğlum bir il, iki il iş alardı. Onda bu hadisə də baş verməzdi.
Sonra İlkinin haqqında qəti-imkan tədrini dəyişmiş müstəntiqi lənətlədi:
-Haram olsun ona verdiyim çörək. (İlkin haqqında qəti-imkan tədbirini dəyişdikdən sonra müstəntiq iki dəfə onların evində olmuşdu).
1998-ci ildə Rusiya Federasiyasının Daxili İşlər Naziri Kulikov televiziyada çıxışında 15 adam öldürmüş məhşur killer “Cabirin” yaxalandığını elan etdi. Çıxışlarının birində Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov da 15 nəfərin qatili “Cabirin” yaxalandığını bildirdi. (yəni Cabir istintaqdan qaçıb gizləndikdən sonra daha 10 nəfər adam öldürmüşdü).
İlkin haqqında qəti-imkan tədrini dəyişmiş müstəntiqin vəzifəsi isə daha da böyümüşdü. Onu hər dəfə görəndə ikrah hissi keçirirdim. Bu gün də anlamıram; bu qədər qanların tökülməsi üçün heç əzab çəkdimi?! Tökülən qanlara görə bu dünyada olmasa da haqqın dərgahında cavab veriləcəkdir. Allah hər şeyi görən və biləndir.
Bu gün də bir məsələ məni narahat edir. İşə düşən adamın yaxınlarının narahatçılığı, xahiş, minnət etməsi başa düşüləndir. Lakin, bəzi kateqoriya cinayətlərin - odlu silah gəzdirmə, narkotik, adam öldürmə, sərxoş vəziyyətdə hər hansı cinayət törətmə və s. ağır cinayətlər üzrə hüquq mühafizə işçilərinin xahişçi, minnətçi düşməsi heç cürə başa düşülən deyil.
ŞƏR VAR, XEYİR GƏTİRƏR...
Bir hadisəni də danışmaq istəyirəm. 1994-cü ilin may ayında Zaqatala rayon polis şöbəsinin əməkdaşları Gəncə şəhər sakini “A”-nın maşınına baxış keçirərkən “Makarov” tipli tapança və “Kalaşnikov” avtomat silahı aşkar edib, götürmüşdülər. Cinayət işi başlanmış və “A” haqqında həbs qəti-imkan tədbiri seçilmişdi.
Məhkumluğu barədə arayışdan görünürdü ki, bir neçə ay əvvəl ətraf bölgələrin birində saxlanılmış idarə etdiyi maşınında daha çox silah-sürsat aşkar edilmişdi. “Şəxsi zaminliklə” məhkəməyə verilmiş və məhkəmənin hökmü ilə cəzası şərti hesab edilmişdi.
Yenə xahişçilərin ardı-arası kəsilmirdi. Bir neçə rayonun hüquq mühafizə rəhbərləri təşlif gətirib, “A”-nın dəyərli adam olmasını ona görə də barəsindəki həbs qəti-imkan tədbirinin dəyişdirilməsini xahiş edirdilər. Nəhayət, müqəssirin atası 2 nəfər tanışımla yanıma gəldi. Mən ona bildirdim ki, belə əməllərə görə həmişə həbs qəti-imkan tədbiri seçmişəm: “Sizin oğlunuz bir neçə ay əvvəl CM-nin 220-ci maddəsi ilə şərti məhkum edilib. Əgər məhkəmə ona bir il, iki il azadlıqdan məhrum edilmə cəzası versəydi bu gün daha ağır maddə ilə (təkrarlıq) ittiham olunmazdı”.
Oğlunun və özünün “Lələ” ilə yaxınlığından və digər imkanlarından danışdı. Qəti-imkan tədbirini dəyişmədim. Məndən narazı qaldı. Ayrılarkən görüşmədi. Məhkəmənin hökmü ilə həmin şəxs beş il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edildi.
1994-cü ilin məlum oktyabr hadisələrindən bir ay keçmiş, “A”-nın atası Gəncədən yanıma gəldi. Görüşüb hal-əhval tutduqdan sonra bildirdi:
-Ələmdar müəllim, mən həm sevinirəm, həm də peşmançılıq hissi keçirdirəm. Sevinirəm ona görə ki, oğlum beş il iş almasaydı yəqin ki, Kəramətin dəstəsində olacaqdı və indi vətənə xəyanət maddəsi ilə yatırdı. Peşimanam ona görə ki, kaş, birinci dəfə tutulanda ona “şərti” cəza almayaydım.
QANUN HÖRÜMÇƏK TORU DEYİL Kİ...
1995-ci ildə bir idarə müdiri sərxoş vəziyyətdə maşını idarə edərkən iki polis işçisi onu saxlayırlar. O, maşından düşən kimi polis işçilərini söyüb təhqir edir və birini də yumruqla vuraraq xəsarət yetirir. Polis şöbəsinə gətirildikdən sonra da hay-küy qaldırır və əməkdaşların ünvanına söyüşlər yağdırır.
Həmin şəxsin qardaşı yüksək vəzifədə işləməklə Zaqatalada, həm də hüquq mühafizə rəhbərliyi yanında hörmət və nüfuza malik bir adam idi. Zaqatalaya gələndə həmişə görüşərdik.
Axırıncı dəfə 3 gün öncə icra başçısı və digər rəhbər işçilərlə bərabər məclisdə olmuşduq. Gecə saat 01 radələrində icra başçısı telefonla xahiş etdi ki, idarə müdirini polis şöbəsində saxlamasınlar. Mən dedim ki, Rafail müəllim onu sərxoş vəziyyətdə evə buraxmaq olmaz. Sabah məsələni araşdırdıqdan sonra qərar qəbul edərik.
Səhər 09:00-da polis işçilərini qəbul etdim. Birinin gözünün altı qaralmışdı. Dedi:
-Yoldaş prokuror, mən 15 gündür ailə həyatı qurmuşam. O, mənə ailə söyüşü söyüb.
Müstəntiq Afər Nəsirovu çağırdım. Dərhal cinayət işi başlandı. Saat 13:00 radələrində Bakıdan “ağır çəkili nümayəndə heyəti” təşrif buyurarkən, idarə müdirinə artıq sanksiya verilmişdi. Qəti-imkan tədbirinin dəyişdirilməsi barədə çox xahişlər oldu. Hətta Baş Prokurorluqda yüksək vəzifə sahibləri olan iki dostum da zəng etdilər. Mənim isə bu xahişçilərə cavabım eyni idi:
-Mən onun düşməni deyiləm. Qəti-imkan tədbirini dəyişməyəcəyəm. İstəyirsiniz işi götürün, başqa rayona verin. Orda nə istəyirsiz edin. Məhkəmədə də cəza məsələsinə qarışmayacağam.
Bu misalı ona görə gətirdim ki, prokuror eyni əmələ görə birinin başına “od ələyib, digərinə su çiləməməlidir”. Ən böyük səadət və sücaət qanun qarşısında hamının eyni dərəcədə məsuliyyət daşıdığını həyata keçirmək bacarığıdır.
ELİN GÖZÜ TƏRƏZİDİR
Kənd rayonlarında ictimai rəyə fikir verməmək fəlakətdir. Camaat hamıya eyni gözlə baxan rəhbərə daha çox hörmət edirlər.
1996-ci ildə həyətində çətənək kolu əkib-becərən şəxsi həbsə almışdım. Təxminən, 10 nəfər kənd ağsaqqalı yanına gəlib qəti-imkan tədbirinin dəyişdirilməsi barədə xahiş etdilər. Mən onlara nəzakətlə dedim ki, belə əməllərə görə hamını həbsə alıb, məhkəməyə vermişəm. İndi sizin xahişinizi yerinə yetirsəm başqaları mənə nə deyərlər?
Ağsaqqalardan biri ayağa qalxıb dedi:
-Yoldaş prokuror, 1992-ci ildə qonşu kənddə “filankəsi” həbsə almışdınız. Sonra buraxdınız. Bizim adamımızı niyə buraxmırsınız?
Tez nəzarət icraatını gətizdirdim. Doğrudan da 1993-cü ilin əvvələrində həmin şəxsin haqqında qəti-imkan tədbirini dəyişib “şəxsi zaminliklə” əvəz etmişdim. Səbəb oğlunun cəbhədə şəhid olub cənazəsinin gətirilməsi idi. Ağsaqqallar bunu eşidib, razılıqla otağımı tərk etdilər.
Ələmdar Məmmədov
Keçmiş prokuror
Paylaş: