Xəbər lenti


Eurasia Review, ABŞ
27.04.2021


Müəllif: Vasif Hüseynov
Ermənistanla Azərbaycan arasında 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi (2020-ci il 27 sentyabr-10 noyabr) Cənubi Qafqaz regionda ciddi siyasi dəyişikliyə səbəb olub. Növbəti aylar və illər üçün regionun gələcəyini məhz bu dəyişikliklər müəyyən edəcək.
İkinci Qarabağ müharibəsi təkcə Azərbaycan ərazisinin 20%-ni 30 il idi işğal altında saxlayan Ermənistanın işğalına son qoymayıb, həm də Türkiyəni regionda balans yaradan qüvvəyə çevirib. Əvvəllər bu rol ənənəvi olaraq, Rusiyada idi.

Son müharibə iki düşmən ölkənin təxminən son 30 ildə qurduğu müttəfiqliklər və strateji tərəfdaşlıqlar üçün sınaq olub. Azərbaycan heç bir hərbi ittifaqın üzvü deyil. Ermənistan isə Azərbaycandan fərqli olaraq, 44 günlük müharibəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) çətiri altında, yəni Rusiya ilə formalaşmış və institutlaşmış müttəfiqlik çərçivəsində daxil olurdu. Odur ki, Yerevan üçün Moskva ilə hərbi əməkdaşlıq Bakı ilə silahlı münaqişələrdə nikbinlik üçün əsas amil idi. Yerevan Azərbaycanın hərbi nöqteyi-nəzərdən Rusiyaya qarşı çıxa bilməyəcəyinə əmin idi.

Açça son müharibə Yerevan ondan təxminən 3 ay əvvəl, 2020-ci ilin iyulunda Azərbaycanla dövlət sərhədində silahlı təxribata əl atmasından sonra başlamışdı. 44 günlük savaşdan 3 ay əvvəl tərəflər arasında hərbi əməliyyatlar Azərbaycanın Tovuz rayonu istiqamətində baş vermişdi. O zaman Ermənistanın Azərbaycanın hələ işğal altında olan ərazilərindəki təmas xəttindən deyil, dövlət sərhədindən hücuma keçməsi belə izah edilirdi: Yerevan Azərbaycanla müharibəyə Rusiyanı cəlb etmək istəyir.

Başqa sözlə, həmin vaxt Ermənistan KTMT-nin onun tərəfini tutacağını, Azərbaycan qarşı müharibədə Yerevana dəstək olacağını düşünürmüş. KTMT Nizamnaməsində deyilir ki, “bloka üzv olan bir ölkəyə hücum onun üzvü olan bütün dövlətlərə hücum deməkdir”.
Məhz bundan çıxış edən Yerevan dərhal KTMT-nin növbədəkənkənar iclasının çağırılmasına da səy göstərmiş, lakin onun bu səyi uğursuzluqla nəticələnmişdi. Başqa sözlə, hərbi bloka üzv ölkələr Ermənistanın bu təşəbbüsünü dəstəkləməmiş, nəticədə KTMT Katibliyi növbədəkənkənar iclasın olmayacağını bəyan etmişdi.

Tovuzdakı gərginlikdən sonra Ermənistan sürətlə silahlanmağa, eyni zamanda, cəmiyyətdə müharibə əhvalının yüksəlməsinə səbəb olmuşdu. 44 günlük müharibədən bir neçə həftə öncəyədək Rusiyadan Ermənistana ard-arda hərbi yüklər də daşınırdı. Bu, təbii ki, Azərbaycanda narahatlıq yaradırdı. Məlum olmuşdu ki, hərbi yüklər Ermənistana birbaşa deyil, Türkmənistan və İranın hava məkanı vasitəsilə daşınır. Həmin vaxt Gürcüstan yüklərin onun hava məkanı ilə daşınmasına icazə verməyibmiş...

Beləliklə, məsələ gündəmə çevrilmiş, Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bununla bağlı heç də inandırıcı görünməyən açıqlama ilə yadda almışdı. Nazir demişdi ki, Ermənistana nəql edilən yüklər tikinti materiallarıdır və onlar bu ölkəyə Rusiyanın Gümrüdəki bazasında tikinti işlərinin aparılması üçün göndərilir. Şoyqunun bu izahı Bakını qane etməmişdi.

Bəzi məlumatara görə, Rusiyadan Ermənistana hərbi yüklərin tədarükü İkinci Qarabağ müharibəsi dövründə də davam edib. Lakin Moskva KTMT-ni Ermənistanın Azərbaycana qarşı müharibəsinə cəlb etməkdən boyun qaçırıb. Bunun da səbəbi var: hərbi əməliyyatlar heç bir halda Ermənistan ərazisində aparılmırdı. Demək, KTMT-nin məsələyə müdaxiləsi üçün əsas yox idi.

Beləliklə, müharibə dövründə Ermənistan rəhbərliyi blokun kollektiv təhlükəsizlik prinsipinin işə salınmasına nə qədər cəhd etsə də, Rusiya mövqeyini dəyişməyib. Məhz bu mövqe Moskvanın münaqişə tərəfləri arasında vacib vasitəçilik etməsinə, müharibənin dayandırılması ilə bağlı razılığa gəlinməsinə imkan verib.

Məzh Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistan Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı azad etmədiyi ərazilərdən çıxmaq öhdəliyini götürüb və az sonra həmin torpaqları da tərk edib. Bundan başqa, həmin bəyanata əsasən, Qarabağ regionunda rusiyalı sülhməramlılar yerləşdirilib, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb. Bəyanatda regional nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasına çağırış da yer alır. Tərəflər arasında regional nəqliyyat və kommunikasiya əlaqələri 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi nəticəsində bağlanıb.

Bu il yanvarın 11-də Rusiya Azərbaycan və Ermənistan liderlərinin sammitinə ev sahibliyi də edib. Bununla da Moskva üçtərəfli bəyanatı dəstəyini bir daha təsdiqləyib. Üstəlik, o, tərəfləri bəyanatın bütün maddələrini tam icra etməyə çağırıb. Bundan başqa, Moskva regional nəqliyyat əlaqələrinin açılması ilə bağlı plan da hazırlayıb.

O vaxtdan Qarabağ regionunda rusiyalı sülhməramlıların fəaliyyəti ilə bağlı bəzi qalmaqallar yaşansa da, belə təəssürat yaranırdı ki, Rusiya tərəflər arasında ədalətli vasitəçi rolu oynaya, gündəmdə olan mübahisəli problemlərin dinc şəkildə həllinə yardım göstərə bilər. Lakin ortaya İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı Rusiya istehsalı olan “İsgəndər-M” raketlərindən istifadə olunduğunu təsdiqləyən faktların çıxması əskinə, Azərbaycan cəmiyyətində anti-Rusiya əhvalını yenidən canlandırıb. Bu, Bakı ilə Moskva arasında rəsmi əlaqələrdə də qeyri-müəyyənlik yaradıb.

Söhbət nədən gedir? Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bu il aprelin 2-də Qarabağ regionunun Şuşa şəhərində NATO-da “SS-26 Stone” adlandırılan “İsgəndər-M” raketlərinin qalıqlarını tapıb. Söhbət Azərbaycan Silahlı Qüvvələrini ötən ilin payızında azad etdiyi şəhərdən gedir.

Məsələ ondadır ki, 500 kilometr mənzilli “İsgəndər-M” ballistik raketləri Rusiya ordusunun istifadəsi üçün nəzərdə tutulur. Beynəlxalq sazişlərə əsasən, bu raket növünün ixracı qadağandır. Ermənistanın arsenalında onun yalnız ixrac növü olan “İsgəndər-E” raketləri mövcuddur.
Bu fakt Azərbaycanda böyük etirazlara səbəb olub.

Əslində, Qarabağ savaşında bu raketlərin istifadə edilib-edilmədiyi haqda mübahisələr müharibə sona çatandan dərhal sonra başlamışdı. O zaman Ermənistanın keçmiş Baş qərargah rəisi, general-polkovnik Movses Akopyan müharibə zamanı “İsgəndər” raketlərindən istifadə olunduğunu bəyan etmiş, lakin təfərrüatları açıqlamaqdan imtina etmişdi. Fevralın 23-də isə faktı Ermənistanın baş naziri Nikol Paşinyan da təsdiqləmişdi. O, bunu Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın ittihamlarına cavabında söyləmişdi. Məsələ ondadır ki, Sarqsyan Paşinyanı Ermənistanın son müharibə zamanı Azərbaycana qarşı bu ballistik raketlərdən istifadə etməməkdə təqsirləndirirdi. Sarqsyan hesab edir ki, bu raketlərdən istifadə vəziyyəti Ermənistanın xeyrinə dəyişə bilərdi. O zaman Paşinyan sabiq prezidentə cavab olaraq, müharibədə “İsgəndər” raketlərindən istifadə edildiyini, lakin onların yalnız 10% partladığını demiş, bundan təəssüfləndiyini söyləmişdi.

Elə həmin vaxt Paşinyanın Rusiyanın məşhur hərbi avadanlığına qarşı alçaldıcı bəyanatı Ermənistanın hərbi rəhbərliyini, həmçinin rusiyalı siyasətçiləri və ekspertləri hiddətləndirmişdi. Maraqlıdır ki, az sonra Ermənistan baş nazirinin ofisi hərbi çevriliş təhdidi və Moskvanın etirazları fonunda Paşinyanın həmin bəyanatından imtina etmişdi. Baş nazirinin ofisi bildirirdi ki, bu haqda Paşinyana səhv məlumat verilibmiş: “Rusiya silahlarının dünyanın ən yaxşı silahlarından olduğuna şübhə yoxdur”.

O zaman Azərbaycan prezidenti İlham Əliyev də demişdi ki, Bakıda ermənilərin “İsgəndər” raketlərindən istifadə etdiyinu təsdiqləyəcək sübutlar yoxdur.

Lakin ir müddət sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Şuşada sözügedən raket qalıqlarını aşkarlayıb və bununla da təbii ki, İlham Əlyevin də fikri dəyişib. Artıq aprelin 12-də o, “İsgəndər-M” raketlərinin qalıqları haqda məlumatı şərh edərək bildirib ki, Bakı məsələyə aydınlıq gətirilməsi üçün Rusiya rəhbərliyinə müraciət edib. Azərbaycan prezidentinin sözlərinə görə, o, məsələni rusiyalı həmkarı Vladimir Putin ilə də müzakirə edib, Azərbaycan Müdafiə Nazirliyi isə Qarabağda “İsgəndər-M” raketlərindən istifadə olunduğunu təsdiqləyən foto və video materialları Moskvaya göndərib.

Son məlumatlara görə, Rusiya tərəfi Azərbaycana bununla bağlı hələ də heç bir izahat verməyib. Bu, təbii olaraq, Bakını təəccübləndirir. Bu, prezident İlham Əliyevdə Rusiyanın Ermənistanın hərbi anbarlarına nəzarət edib-etmədiyi haqda da suallar yaradır. “Paşinyan Ermənistanın baş naziridir. O deyir ki, biz raketdən istifadə etmişik. Rusiya Müdafiə Nazirliyinin rəsmisi isə onların raketdən istifadə etmədiyini deyir. Bu, nə deməkdir? Bu, Rusiya Müdafiə Nazirliyinin Ermənistan Müdafiə Nazirliyinə nəzarət etməsi deməkdir?”, - deyə İlham Əliyev beynəlxalq konfransda çıxışı zamanı sual edib.

Hər halda, Azərbaycan şimal qonşusu ilə münasibətlərdə balansı saxlamağa çalışır. Amma Rusiyanın Ermənistana daimi hərbi dəstəyi, Ermənistan ordusunun Moskvanın yardımı ilə modernləşdirilməsi bu münasibətləri sual altında qoyur. Azərbaycan prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün hələ bu ilin fevralında keçirdiyi mətbuat konfrasında demişdi ki, “Ermənistana “İsgəndər” raketləri veriləndə mən bunu Rusiya rəhbərliyinə demişdim. Mən demişdim ki, bu, düzgün addım deyil, bu addım sabitliyin möhkəmlənməsinə yönəlməyib”.

İlham Əliyevin sözlərinə görə, o, Ermənistan ordusunun modernləşdirilməsi ilə bağlı planların xarici ölkə tərəfindən dəstəkləndiyi haqda da xəbərdarlıq etmişdi: “Lakin Ermənistanın müdafiə naziri bu yaxınlarda bəyan edib və məncə, Rusiyanın Ermənistandakı səfiri də deyib ki, Ermənistan ordusunun modernləşdirilməsində Rusiya da iştirak edəcək. Əgər biz sülh, uzunmüddətli sülh istəyiriksə, məsuliyyətsiz adamların əlində bu cür məhvedici vasitələr olmamalıdır”.

Bir sözlə, Bakı üçün Rusiya atəşkəsin və postmüharibə dövründə regional razılaşmaların yerinə yetirilməsinin zəmanətçisidir. Odur ki, Moskva regionda gərginliyin azaldılmasına çalışmalı, sülh quruculuğu ilə bağlı təşəbbüslərin həyata keçirilməsinə töhfə verməlidir. Məsələn, Ermənistanla Azərbaycan arasında regional nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasına.

Beləliklə, Moskvanın Ermənistan ordusunu modernləşdirməsi və bu ölkəyə hərbi yüklər göndərməsi kimi addımları Bakının narahatlığına səbəb olur. Bu, Rusiya-Azərbaycan əlaqələrinin gələcəyi haqda da çoxlu suallar yaradır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Eurasia Review


Ana səhifəyə qayıt        Baxış: 4 052          Tarix: 27-04-2021, 15:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma