Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
ABŞ Almaniya, Fransa və İtaliyadan Rusiya ilə iqtisadi-ticari münasibətləri məhdudlaşdırmağı tələb edir; Almaniya kansleri Angela Merkel isə Ağ Evin "Şimal axını-2" ilə bağlı tələblərinə qarşı müqavimət göstərməyə çalışır...
Avropada maraqlı proseslərin başlandığı müşahidə edilir. Hazırda "qoca qitə" ictimai-siyasi gərginliyin ən yüksək həddə çatdığı dövrü yaşamağa başlayıb. Və bu, yeni dünya düzəninin ilkin əlamətləri kimi də dəyərləndirilir.Məsələ ondadır ki, Avropanın üç nüfuzlu ölkəsində - Almaniya, Fransa və İtaliyada kütləvi iğtişaşların törədilməsi müəyyən narahatlıq doğurur. Çünki bu iğtişaşların kənardan müdaxilə olmadan baş verdiyinə inanmaq sadəlövhlük olardı. Yəni, Avropanın "qarışdırılma"sında kənar siyasi iradə mərkəzlərinin maraqlı ola biləcəyi qətiyyən istisna deyil.
Bir neçə il öncə də təxminən oxşar hadisələr baş vermişdi. Avropanın bəzi aparıcı ölkələrində nəzarətdən çıxa biləcək qədər təhlükəli proseslər başlamışdı. Həmin dövrdə Fransada "sarı jiletlilər" ölkəni qarışdırmışdılar. Və Makron hakimiyyəti kütləvi iğtişaşların qarşısında aciz qalmışdı.
Sonradan məlum oldu ki, Fransada kütləvi iğtişaşların arxasında kənar dövlətin "sehrli çubuğu"nun olma ehtimalı qətiyyən istisna deyil. Üstəlik, həmin ölkənin dövlət başçısı bunu dolayısı ilə etiraf da etmişdi.
Məsələ ondadır ki, ABŞ-ın həmin dövrdəki prezidenti Donald Tramp Fransanın dövlət başçısı Emmanuel Makrona xitabən "Əgər, istəsəm hətta Fransada seçkilərdə də qalib gələrəm" demişdi. Bununla da Fransa prezidentinə "NATO-ya alternativ olaraq, Avropa ordusu yaratmaq" ideyasından imtina etməyi məsləhət görmüşdü. Və məhz E.Makron Ağ Ev sahibinin məsləhətinə riayət etdikdən sonra Fransada kütləvi iğtişaşlar səngimişdi.
Böyük ehtimalla indi də Almaniya, Fransa və İtaliyaya təxminən oxşar mesajlar verməyə çalışırlar. Hər halda, hazırda əksər beynəlxalq ziddiyyətlərin məhz Rusiya və Çin ətrafında baş verən hadisələrdən qaynaqlandığı heç kimə sirr deyil. ABŞ və onun ən yaxın müttəfiqləri Rusiya-Çin cütlüyünü küncə sıxışdırıb, beynəlxalq siyasi proseslərdən kənarlaşdırmağa çalışırlar.
Kütləvi iğtişaşların yaşandığı ölkələrin isə Rusiya və Çinlə xüsusi münasibətləri mövcuddur. Fransa ABŞ-ın beynəlxalq maraqlarına zidd xarici siyasət kursu ilə diqqəti çəkir. Rəsmi Paris Putin hakimiyyətini tənqid etsə də, Fransa Rusiya ilə iqtisadi-ticari münasibətlərin qorunmasında maraqlıdır.
İtaliya da Rusiya və Çinlə önəmli iqtisadi-ticari anlaşmalara malikdir. ABŞ rəsmi dairələrinin İtaliyaya xüsusilə də, Çinlə reallaşdırmağa çalışdığı layihələrdən imtina etmək çağırışı ünvanlayıb. Və hər dəfə də müsbət cavab ala bilməyib.
Nəhayət, Almaniya da Rusiya ilə ən yaxın iqtisadi-ticari münasibətləri olan ölkə sayılır. Kansler Angela Merkel Rusiyanın enerji resurslarının Almaniyaya nəqlinə xüsusi həssaslıqla yanaşır. Və bu istiqamətdə alternativ olmadığından Rusiyadan enerji resursları idxalında israrlı davranır.
Təbii ki, bütün bunların hər üç ölkənin kənardan qarışdırılmasına səbəb ola biləcəyi qətiyyən istisna deyil. ABŞ-ın bir müddət öncə Almaniyadan hərbi bazalarının əhəmiyyətli hissəsini çıxartmaq qərarı verməsi də bu ehtimalı inandırıcı edir. Ağ Evin həmin hərbi bazalara görə Almaniyaya hər il milyardlarla dollar ödədiyini nəzər aldıqda, bu, bir cəza aksiyası kimi də qəbul oluna bilər.
Son günlərdə isə Fransa və Almaniya hərbi çevriliş təhlükəsi ilə təhdid olunur. Bəzi istefada olan, ancaq nüfuzlu fransız generallar və yüksək rütbəli zabitlər prezident E.Makrona qarşı ittihamlarla yüklənmiş xəbərdarlıq ünvanlayıblar. Həmin xəbərdarlıq məzmun etibarilə prezident E.Makronun tələblərə əhəmiyyət verməyəcəyi halda, hərbi çevrilişin ola biləcəyinə eyham vurur. Və xəbərdarlıqda "sarı jiletlilər"in birmənalı şəkildə dəstəkləndiyinin vurğulanması növbəti dəfə "Tramp qalmaqalı"nı xatırlamaq ehtiyacı yaradır.
Maraqlıdır ki, təxminən oxşar proseslər Almaniyada da müşahidə olunmaqdadır. Bu ölkənin “Der Tagesspiegel” nəşri bir qrup yüksək rütbəli keçmiş hərbçinin çevrilişə hazırlaşdığı barədə iddiaları gündəmə gətirilib. Təhlükəsizlik orqanları tərəfindən də təsdiqləndiyi bildirilən məlumata görə, “Təqaüdçü və Keçmiş Hərbçilər Qrupu” adı altında bir araya gələn təqribən 13 min keçmiş hərbçi kansler A.Merkelin koronavirus səbəbindən verdiyi karantin qərarını tənqid edib.
Eyni zamanda, kansler A.Merkeli hədəfə alan hərbçilərin Berlində nümayiş və mitinqlərə başlamağı, dövlət qurumlarına hücumlar etməyi planlaşdırdığı da iddia olunur. Və keçmiş hərbçilərin koordinasiya mərkəzi qurmaları hökuməti ciddi şəkildə narahat edir.
Merkel hökumətini narahat edən digər önəmli məqam bu qrupa keçmiş hərbçilərlə yanaşı, “Reichbürger” adlandırılan və Almaniyanın 1937-ci ildəki sərhədlərini yenidən bərpa etməyi hədəfləyən monarxist-sağçı cərəyanın təmsilçilərinin də daxil olması barədə məlumatlardır. 1990-cı ildə ləğv edilmiş keçmiş Şərqi Almaniya Ordusunda (NVA) xidmət edən çox sayda hərbçinin də fəallaşması haqda kəşfiyyat məlumatları vəziyyətin təhlükəli istiqamətlər ala biləcəyindən xəbər verir.
Üstəlik, hərbçilərin açıqlamasında hakimiyyət çevrilişinə çağırışın açıq məzmun daşıması da yaxınlaşan xaos təhlükəsinin xəbərdarlığı hesab oluna bilər: “Bir əsgər kimi alman xalqını qorumağa and içdik. İndi xalqımızın bizə ehtiyacı var. Bu hökuməti devirmək vacibdir”.
Göründüyü kimi, hərbçilər qarşıya əsas hədəf kimi məhz Merkel hakimiyyətinin devrilməsini qoyduqlarını qətiyyən gizlətmirlər. Onları Merkel hakimiyyətindən narazı salan əsas səbəblər sadalansa da, o qədər də əsaslı görünmür. Hər halda, Merkel hakimiyyətinin Almaniyanın maraqları və inkişafı üçün bütün mümkün addımları atdığı xarici siyasi dairələr tərəfindən də xüsusi olaraq, vurğulanır.
Ancaq Merkel hakimiyyətindən narazı ola biləcək xarici siyasi dairələrin sırası elə də məhdud deyil. Almaniyanın Rusiya ilə enerji resursları sahəsində geniş əməkdaşlığı bəzi beynəlxalq siyasi iradə mərkəzlərini qıcıqlandırmağa başlayıb. Xüsusilə də, Kremlin sıxışdırılmasına cəhd göstərən Ağ Ev Almaniyanı Rusiyaya "nəfəslik açmaq"da suçlayır.
Məsələ ondadır ki, ABŞ Almaniyadan Rusiya iqtisadiyyatına əlavə qaynaq rolunu oynaya biləcək "Şimal axını-2" layihəsindən imtina etməyi tələb edir. Hətta ABŞ-ın dövlət katibi Entoni Blinken Almaniya xarici işlər naziri Hayko Maas ilə "Şimal axını-2" qaz kəmərinin inşasını dayandırılmasının növbəti dəfə müzakirəsində israrlıdır.
Maraqlıdır ki, Almaniyada iğtişaşlar və hərbçilərin çevriliş təhdidləri məhz ABŞ dövlət katibinin bu niyyətini bəyan etdiyi ərəfəyə təsadüf edir. Ona görə də, bəziləri hesab edirlər ki, bu, Merkel hakimiyyətinə yönəlik üstüörtülü xəbərdarlıq məqsədi güdür. Yəni, əsas ehtimallara görə, Merkel hökumətinə "Şimal axını-2" layihəsinin icrasında israrlı olarsa, devrilə biləcəyinin mesajı verilir.
Əgər, bütün bunlarda həqiqət payı varsa, bu, o deməkdir ki, yaxın gələcəkdə Rusiya ilə iqtisadi-ticari əlaqələri yüksək səviyyədə olan Avropa ölkələrində dövlət çevrilişləri baş verə bilər. Bu baxımdan, Avropa dövlətlərinin Rusiya ilə münasibətlərinə yenidən baxmaq məcburiyyətində buraxıla biləcəyi qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar